“ABŞ müharibədən yayınır, İran isə...” - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

“ABŞ müharibədən yayınır, İran isə...” - ŞƏRH

“Hazırda müəyyən qığılcım və qarşıdurma müşahidə olunsa da, gərginliyin zəiflədilməsini dialoq və polemika mühitinin yaradılmasına doğru dönüş kimi qiymətləndirirəm”.

Bunu Publika.az-a ABŞ-İran arasındakı gərginliyi təhlil edərkən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, İranda müharibə ritorikası xeyli səngiyib: “ABŞ baş verən insidentlərə baxmayaraq danışıqlara hazır olduğunu bəyan edib. Dövriyyəyə Avropa İttifaqı kimi çox nüfuzlu vasitəçilər girib. NATO da müharibə çağırışlarını qəbul etmədiyini bildirib. Belə olan halda, mən köhnə status-kvoya qayıtmaq imkanlarının yarandığı qənaətindəyəm. İran qüvvələrinin ABŞ-ın 15 hərbi bazasına ballistik raket atması və 80 amerikalı əsgərin ölməsi zənnimcə, İranın məlumatıdır və hələ dəqiqləşdirilməyib. Gah bir təyyarənin vurulduğu, gah da 80 əsgərin öldürüldüyü deyilir. Bu məlumatlar dəqiqləşdirilməlidir. Tramp özü də bu barədə açıqlama verdi. Dəqiqləşdiriləndən sonra Amerikanın reaksiyasını gözləmək lazımdır”.

Politoloqun fikrincə, ABŞ müharibədən yayınır: “Amerika irimiqyaslı müharibə istəmir. Çünki müharibə başlasa, o dərhal hədlərini aşaraq bütün İranı bürüyəcək əməliyyatlara başlayacaq. Nəticədə İran sıradan çıxa bilər. Bunun məsuliyyətini isə heç bir tərəf üzərinə götürmək və adını tarixə yazdırmaq istəmir. İranın sərt ritorikası səngisə də, hələ qisas əməliyyatları haqqında danışanlar var. Hətta onu həyata keçirmək istəyənlər var. Ümid edirəm sağlam təfəkkür qələbə qazanacaq”.

Qabil Hüseynli müharibənin digər regionlardan da yan keçməyəcəyini vurğulayıb: “Müharibə vəziyyəti yaranarsa, alov təkcə İranı deyil, bölgədəki bir sıra dövlətləri, məsələn İraqı bürüyə bilər. Bundan əlavə, başqa ərəb dövlətlərinə də sıçraya bilər. Müharibə olacağını proqnozlaşdırmıram. Yəni, müharibə ehtimalı çox zəifdir. ABŞ, yaxud da İsrailin İrana qarşı bir neçə hava zərbəsindən sonra etirazlar səngiyə bilər”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm