“Türk axını” Qərbin beynəlxalq güclərini ciddi şəkildə narahat edir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

“Türk axını” Qərbin beynəlxalq güclərini ciddi şəkildə narahat edir - ŞƏRH

Yanvarın 8-də İstanbul yaxınlığında Rusiya qazını Türkiyə və Avropaya çatdırmalı olan “Türk axını” boru kəmərinin (“TurkStream”) açılış mərasimi keçirilib.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstanın Baş Naziri Boyko Borisov iştirak edib. Azərbaycanı mərasimdə energetika naziri Pərviz Şahbazov təmsil edib.

“Türk axını” layihəsinin Rusiyanın Avropanın enerji siyasətinə təsiri baxımından önəmli olduğunu vurğulayan politoloq Tural İsmayılov qeyd edib ki, bu layihə Cənubi Avropanı Rusiya qazıyla təmin etməklə kifayətlənməyəcək: “Sözsüz ki, Rusiyanın siyasi təsir rıçaqları da bu layihə vasitəylə genişlənəcək. Ümumiyyətlə, “Brexit” müzakirələri, ABŞ-ın Yaxın Şərq siyasəti ilə bağlı Fransa, Almaniya kimi Qərbi Avropa dövlətlərindən səslənən narazılıqlar, Qərb siyasi kuluarlarının müəyyən problemlərdə yekdil münasibət göstərməməyi, Avropa Birliyinin bəzən hadisələrə adekvat reaksiyalar verə bilməməsi Qərbdə Rusiya meyilli siyasi çağırışları gücləndirib. Rus qazının məhz Türkiyə vasitəsiylə Avropaya çıxarılması başda ABŞ olmaqla bir çox Qərb ölkələrində ciddi narahatlıqla müşahidə olunur. “Türk axını” Rusiya və Türkiyə münasibətlərini də dərinləşdirəcək. Türkiyə Qərb tərəfindən daim haqsızlığa məruz qalır. O, PKK terroru ilə mübarizədə nəinki Qərbdən dəstək alır, əksinə sanksiya hədələriylə üzləşir vaxtaşırı, bundan əlavə NATO üzvlüyüyndən dolayı Türkiyənin Rusiyadan S-400 raketləri almağı da Qərbin Türkiyə ilə diktə edici dillə danışmaq cəhdlərinə səbəb olur, lakin Ərdoğan kimi xarizmatik və bacarıqlı liderin Türkiyəyə rəhbərlik etməyi Qərbin planlarını alt-üst edir.Türkiyənin Avropa İttifaqına inteqrasiyası məsələsi illərdir həll olunmur. Bütün bu faktorlardan dolayı qardaş ölkənin siyasi manevr imkanları genişlənib, enerji siyasətində Rusiyayla həyata keçirdiyi “Türk axını” layihəsi Cənubi Avropada Türkiyənin də mövqelərini gücləndirir.”

Ekspert qeyd edib ki, “Türk axını” Türkiyəyə Rusiyadan daha ucuz qaz ala bilmək imkanlarını da təqdim edir: “Türkiyə bu layihə ilə enerji siyasətində mühüm dövlət faktoruna gəlir. Həm tranzit ölkə kimi əhəmiyyətini yüksəldir, həm də qaz idxalı ilə bağlı Rusiyadan müəyyən güzəştlər əldə etmək imkanını artırır.”

Tural İsmayılov vurğulayıb ki, Rusiya qazının alınmasına Avropanın bəzi ölkələrinin maraq göstərməsi rus qazının kifayət qədər ucuz və əlverişli olmağı ilə bağlıdır: “ABŞ qazı bir çox meyarlarına görə Rusiya qazıyla rəqabət apara bilmir. ABŞ-ın bahalı maye qazı "Qazprom” qazı ilə qiymətdə rəqabət apara bilmir. Amerika qazı qeyri-ənənəvi çıxarılır və Avropa terminallarında isə qaz halına çevrilir. Bu kifayət qədər bahalı prosesdir və bu səbəbdən Amerika şirkətlərinin qiymətdə güzəştdə getmək imkanları rus qazı ilə müqayisədə daha azdır. Bu baxımdan başda Serbiya və Macarıstan olmaqla, Avropa dövlətlərinin “Türk axını”na maraq göstərməsi başadüşüləndir.”

Tural İsmayılov qeyd edib ki, həm TANAP, həm “Türk axını” Türkiyənin geosiyasi gücünü daha da artıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm