Azərbaycan gömrüyünün “yaşıl işığı” - xarici ticarət iştirakçılarının açıq yolu – ARAŞDIRMA
Bizi izləyin

Nida Təhlil

Azərbaycan gömrüyünün “yaşıl işığı” - xarici ticarət iştirakçılarının açıq yolu – ARAŞDIRMA

“Son aylarda gömrüklə bağlı işlərimiz xeyli rahatlaşıb. İndi əvvəlkindən fərqli olaraq gömrük məntəqəsindən keçən yük maşınlarımız TIR parkına getmir və rəsmiləşdirilmiş malları dərhal boşaltmaq, maşınları qısa vaxtda öz anbarımıza gətirmək və lazımı yerlərə çatdırmaq mümkün olur. Həm də yeni sistem bizi və bizim kimi şirkətləri bir sıra loqistika və anbar məsrəflərindən azad edib”.

Bu sözləri “Akabe” MMC şirkətinin mühasibi və gömrük məsələləri üzrə məsul əməkdaşı Rəna Zeynalova bildirib. Uzun müddətdir inşaat materiallarının istehsalı və satışı ilə məşğul olan şirkət Dövlət Gömrük Komitəsinin 2019-cu ilin 1 fevral tarixində istifadəyə verdiyi “Yaşıl Dəhliz” buraxılış sisteminə qoşulduqdan sonra gömrüklə bağlı işlərinin xeyli rahatlaşdığını və sürətləndiyini deyir.

Gəlin, əvvəlcə ““Yaşıl Dəhliz” sistemi nədir”, “Sahibkarlar bu sistemə niyə qoşulmalıdır” və “Hansı üstünlüklərə malikdir”, suallarına cavab axtaraq. Belə ki, geridə qalan 11 aydan artıq müddətdə ölkə üzrə idxal-ixrac əməliyyatlarının təxminən 30 faizi bu sistem üzərindən həyata keçirilib və görünən odur ki, sahibkarların, eləcə də iri şirkətlərin yeni sistemə marağı qısa vaxtda formalaşıb və böyük bir kəsim “Yaşıl Dəhliz”dən istifadə etməyə qərar verib.

Qeyri-neft sektorunun inkişafı və dəstəklənməsi

Son dövrlərdə ölkəmizdə aparılan köklü islahatların tərkib hissəsi olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin də həyata keçirdiyi yeniliklər və layihələr göz önündədir. “Yaşıl Dəhliz” buraxılış sistemini də islahatlar çərçivəsində irəli atılmış mütərəqqi bir addım hesab olunur. Bu sistemin tətbiqini ölkəmizin inkişaf strategiyasının ana xətti olan qeyri-neft sektorunun inkişafı və dəstəklənməsi baxımından son illərdə tətbiq edilən ən uğurlu addımlardan biri kimi də səciyyələndirilməlidir. Daha əlverişli biznes mühitinin, sürətli sərhəd keçidi, yüksək ixrac potensialı, çevik və şəffaf gömrük nəzarəti və qanunvericiliyə könüllü riayəti təşviq edən sistemin ilkin hədəflərə nail olmasını əminliklə söyləmək mümkündür.

Bu ilin 1 fevral tarixində fəaliyyətinin 1 ili tamam olacaq “Yaşıl Dəhliz” layihəsinə indiyədək 530-a yaxın hüquqi və fiziki şəxs (böyük əksəriyyəti şirkətlərdir) qoşulub ki, onların təxminən 60 faizi idxal əməliyyatları üzrə, digər 40 faizi isə ixracla məşğul olmaq üçün qeydiyyatdan keçənlərdir.

“Yaşıl Dəhliz”ə qoşulmaq da çox sadədir:

• Şəxslər elektron qaydada Dövlət Gömrük Komitəsinə müraciət ünvanlayır

• Dövlət Gömrük Komitəsi müraciəti 1 ay müddətində yoxlayır

• Şəxsə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilir

Elə bunun nəticəsidir ki, 2019-cu il ərzində qeyri-neft sektorunda ölkəmizin ən böyük ixracçıları sırasında yer alan şirkətlər “Yaşıl Dəhliz”ə qoşulublar. Buraxılış sisteminə ixrac əməliyyatları məqsədilə qoşulan 200-dən artıq şirkətin fəaliyyət sahələri ilə tanış olarkən ölkədəki ən böyük aqro-parkların, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şirkətlərin bu sistemə qoşulduğunu və faiz etibarilə üstünlük təşkil etdiyini görürük. Həmçinin yeyinti və sənaye məshullarının istehsalı sahəsində qabaqcıl şirkətlərin, hətta ixracla məşğul olan bəzi fiziki şəxslərin də bu sistemin yaratdığı üstünlüklərdən istifadə edir. Şirkətlərin siyahısında tək paytaxt və paytaxtətrafı sənaye zonalarında fəaliyyət göstərən şirkətlərin deyil, ölkəmizin rayonlarında yerləşən iri kənd təsərrüfatı məhsulları istehsalçılarının da “Yaşıl Dəhliz”dən istifadə etdiyi məlum olur.

Ölkəmizin rayonlarında fəaliyyət göstərən fermerlərin əkib-becərdiyi məhsulların ixracını həyata keçirən şirkətlər də “Yaşıl Dəhliz”in imkanlarından geniş istifadə edir. Belə şirkətlərdən biri olan “Melaqro” MMC-nin gömrük məsələləri üzrə meneceri Natavan Cabbarova bildirir ki, “Yaşıl Dəhliz” sistemi işə düşən ki, təmsil etdiyi şirkət dərhal qeydiyyatdan keçmək qərarına gəlib və ixrac əməliyyatları ilə bağlı müvafiq proseduru yerinə yetirib: “Keçən ilin 20 fevral tarixində biz Gömrük Komitəsinə yeni sistemə qoşulmaqla bağlı müraciət etdik və artıq 4 gün ərzində bizə müsbət cavab verildi. 2019-cu il ərzində şirkətimizin xarici ölkələrə göndərdiyi və meyvə-tərəvəz daşıyan 212 yük maşını “Yaşıl Dəhliz”dən keçməklə xarici bazarlara göndərilib. Şirkətimiz xarici ticarət iştirakçısı olaraq il ərzində 3 milyon 674 min dollarlıq ixrac həyata keçirib ki, “Yaşıl Dəhliz” sistemi ixracın fasiləsiz olaraq təşkil edilməsi baxımından bizə çox böyük üstünlüklər qazandırıb və işimizi yüngülləşdirib. Sistemin fasiləsiz işi dəstəkləməsi şənbə və bazar günləri də maşınlarımızın rahat şəkildə gömrükdən keçməsini təmin edir. Bu da tez xarab olan kənd təsərrüfatı məhsullarının vaxtında və təravətli formada bazarlara çatdırılması, malın qiymətinin yüksək qalması və fermerlərin, eləcə də digər ixracçıların itkilərinin minimallaşması baxımından çox əlverişlidir”.

Sahibkarlar “Yaşıl Dəhliz”ə niyə həvəs göstərir?

“Yaşıl Dəhliz” buraxılış sisteminin fəaliyyət göstərdiyi 1 ilə yaxın müddətdə idxal əməliyyatları məqsədilə bu sistemə qoşulmuş xarici ticarət iştirakçılarının siyahısına baxdıqda onların fəaliyyət sahələrinin daha rəngarəng olduğunu görərik. İdxal məqsədilə qeydiyyatdan keçmiş şirkət və iş adamlarının siyahısında “Qarabağ” futbol klubundan tutmuş, ağır sənaye sahəsində və ya avtomobil satışı ilə məşğul olan şirkətlərin adlarına rast gəlmək olar. Bu da tətbiq edilən yeni sistemin ölkəmizdə nə qədər genişspektrli sahələri əhatə etməsini və fayda verməsinin bariz nümunəsidir.

Bir sıra iri şirkətlərlə apardığımız sorğu zamanı onlar üçün “Yaşıl Dəhliz”i daha çox cəlbedici edən əsas məqamları müəyyənləşdirdik. Araşdırma zamanı məlum oldu ki, şirkətlər yeni sistemin tətbiqi zamanı fiziki yoxlamaların minimallaşması, idxal-ixrac olunan malların anbara birbaşa aparılması, loqistika xərclərindən azad olmaları, istirahət günlərində gömrük keçidinin fasiləsizliyinindən çox məmnundur. Beləliklə Azərbaycan üçün strateji xarakter daşıyan və ölkənin ixrac potensialında əhəmiyyətli yer tutan məhsulların gömrükdə vaxt itirmədən ixracı və xarici bazarlara çatdırılması, eləcə də idxal edilən malların vaxt itirmədən, qanunlar çərçivəsində qısa vaxtda anbarlara çatdırılması təmin edilmiş olur. Bu da öz növbəsində sahibkarlara öz fəaliyyətlərində və ticarət münasibətlərində daha operativ və çevik addımlar atmaq, vaxt udmaq, işin ümumi keyfiyyətini artırmaq baxımından vacibdir. Bir sözlə, gömrük rəsmiləşdirilməsi olan kimi mal sahibinin ixtiyarındadır. “Yaşıl Dəhliz”ə qoşulmuş “Qarabağ” futbol klubunun baş meneceri Asif Əsgərov da məhz bu amilin futbolçular və idman təsərrüfatı üçün bəzi zəruri ehtiyac mallarının ölkəyə gətirilib-aparılması zamanı onların işinə xeyli kömək etdiyini vurğulayır.

Dövlət Gömrük Komitəsi – Xidmət və Məmnuniyyət

“Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqinə hazırlıqla bağlı bir neçə il hazırlıq prosesi aparılıb, həmçinin qanunvericilik bazası formalaşıb və Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Bu sistemin Azərbaycan iqtisadiyyatına, xüsusi ilə qeyri-neft sektorunun inkişafına, ixrac potensialının artırılması və təşviqinə verdiyi faydanın əhəmiyyəti müstəsnadır. Bir çox ekspertlər də Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi bu layihənin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Ötən il ərzində “Yaşıl Dəhliz” sistemi ilə bağlı Dövlət Gömrük Komitəsinin təşkil etdiyi müxtəlif görüş və iclasların sayı, həmçinin həmin iclaslara dəvət edilən dövlət qurumlarının, eləcə də şirkətlərin sayı və miqyası komitənin bu sistemə nə qədər əhəmiyyət verməsini, mütərəqqi layihələri və şəffaflığı dəstəkləməsinin bariz nümunəsidir. “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edən xarici ticarət iştirakçıları ilə görüşdə DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, bu sistemin əsas hədəflərindən başlıcası gömrük orqanları tərəfindən xarici ticarət iştirakçılarına nümunəvi xidmət göstərmək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. Meydana çıxan problemlərin operativ qaydada aradan qaldırması üçün “Dəstək qrupu”nun və “qaynar xətt”in fəaliyyət göstərməsi də xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması və məmnuniyyətin təmin edilməsi baxımından əhəmiyyətlidir. Həmçinin DGK-nın təşkilatçılığı ilə 5000-dən çox biznes subyektinin nümayəndələri ilə görüşlər keçirilməsi, onlara “Yaşıl Dəhliz” sisteminin təşviq edilməsi, görüşlərdə səsləndirilən rəy və təkliflərin sistemin təkmilləşdirilməsi məqsədilə nəzərə alınması komitənin bu işdə məqsədyönlülüyünün isbatıdır.

“Yaşıl Dəhliz”dən keçən 8 milyard dollar

Bu il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən DGK sədri Səfər Mehdiyev 2019-cu ilin 1 fevral tarixindən başlanan “Yaşıl Dəhliz” buraxılış sistemi vasitəsilə xarici iqtisadi fəaliyyət iştirakçıları illik 8 milyard dollara yaxın ticarət dövriyyəsi həyata keçirib. Səfər Mehdiyev əlavə edib: “Bu layihə özlüyündə dünyada ilk olmaqla yanaşı, ən modern layihələrdən biri kimi qəbul olunur. Eyni zamanda, iki istiqamətdə sahibkarlar bundan məmnunluğunu bildirir. Birinci istiqamət sahibkarların on milyonlarla əlavə vəsaitin gəlir olaraq kassalarında qalmasına yönəlmişdir. Bu layihənin tətbiqi ilə sahibkarlar logistika və anbar xərclərindən azad olunur. Eyni zamanda, ikinci məsələ şəffaflığın tam təmin olunmasıdır. Qanuni ticarətlə məşğul olan sahibkarlar gömrük orqanlarına gəlmədən və heç bir gömrük məmuru ilə təmasa girmədən bütün əməliyyatlarını elektron şəkildə idarə edir və rəsmiləşdirməni başa çatdırırlar”.

Sonda onu da qeyd edək ki, Azərbaycanda "Yaşıl Dəhliz" sisteminin istifadəyə verilməsi ölkəmizin Şərq-Qərb və Şimal-Cənub daşımalarında əhəmiyyətini daha da artırıb. Belə ki, Azərbaycan və Qazaxıstan arasında, eyni zamanda Qazaxıstanla Çin arasında ikitərəfli qaydada "yaşıl dəhliz"in yaradılması Böyük İpək yolu üzrə daşımaların sürətləndirilməsini təmin edir. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunması və “Doing Business 2020” hesabatında isə ölkəmizin 190 ölkə araslında 34-cü yerdə qərarlaşması aparılan islahatların ardıcıllığı, biznesin inkişafı və dəstəklənməsində dövlət siyasətinin əhəmiyyətini əks etdirir. Azərbaycanda dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inamın artırılması gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib və Dövlət Gömrük Komitəsi xarici ticarət tərəfdaşları üçün “Yaşıl Dəhliz” buraxılış sistemini istifadəyə verib bu yeniliyi tətbiq etməklə öz tərəfindən bu siyasətə “yaşıl işıq” yandırıb.

Nizam Rzayev

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm