Azərbaycan bütün parametrlərə görə Ermənistandan üstündür - Emin Həsənli
Bizi izləyin

Nida Təhlil

Azərbaycan bütün parametrlərə görə Ermənistandan üstündür - Emin Həsənli

“Cənab Prezident müşavirədə ölkəmiz üçün çox önəmli məsələlərə toxundu. Azərbaycanla Ermənistanın həm hərbi, həm də iqtisadi vəziyyətini geniş şəkildə təhlil etdi. Həqiqətən də Ermənistan Azərbaycandan hərbi parametrlər baxımından müqayisə edilməyəcək dərəcədə zəifdir. Bunu 2016-cı ilin aprel döyüşləri də göstərdi”.

Bu fikirləri Publika.az-a açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə yekun nitqinə münasibət bildirərkən səsləndirib.

Dünyanın ən güclü orduları reytinqindən danışan Emin Həsənli sözlərinə belə davam edib: “Ölkə başçısı Azərbaycan ordusunun dünya reytinqi üzrə 52-ci yerdə olmasını, müasir, peşəkar, dünya orduları arasında nüfuzlu yer tutmasını qeyd etdi. Ordunun silahlanması, maddi-texniki bazası, döyüş üsulu kimi önəmli məsələlər var. Döyüş ruhu və hazırlığına görə dünya üzrə keçirilən bir çox təlimlərdə Azərbaycan ordusu ilk yerləri tutub. Məsələn, 2 il əvvəl qardaş Türkiyədə keçirilən xüsusi təyinatlılar üzrə təlimlərdə ordumuz birinci yerə çıxıb. MDB-də baş tutan tank təlimlərində də Azərbaycan ordusu 1-ci yeri, artilleriya təlimlərində isə 2-ci yeri tutub. Bu cür misallar kifayət qədərdir. Mübariz İbrahimovun qəhrəmanlığı və aprel döyüşləri göstərdi ki, ordumuz mənəvi-psixoloji hazırlığa görə də ilk yerdədir. O cür qəhrəmanları dünyanın ən güclü dövlətləri filmlərdə canlandırır”.

Birliyin sədri açıqlamasında iqtisadi məsələlərə də toxunub: “İlham Əliyev eyni zamanda müharibədə bir neçə amilin rolundan danışdı. İqtisadi amil, insan resursları, valyuta ehtiyatı, həm də uğurlu döyüş hazırlığı vacib məsələlərdir. Azərbaycan bütün parametrlərə görə Ermənistandan üstündür. Məsələn, hərbçilərə əməkhaqqı verilməsində, onların sosial-məişət şəraiti ilə bağlı müqayisə edilməz məsələlər mövcuddur. Ermənistanda vətən uğrunda dünyasını dəyişmiş insanlara, əlillərə ev verilmir. Azərbaycanda isə şəhid ailələrinə ötən il 900 mənzil, 600 avtomobil verilib. Bu il rəqəmin 1500 olması nəzərdə tutulub. 2000 adam növbədə qalacaq ki, növbəti illərdə də bu problem bütünlükdə həll olunacaq. Ölkədə məcburi köçkün ordusu var və demək olar ki, onların hamısı mənzillə təmin edilib. Bakı şəhərində yataqxanalarda qalanların böyük hissəsinə də bu il ev veriləcək. Ötən il 15 min insan mənzillə təmin edildi. Azərbaycan iqtisadiyyatı stabildir. Manatın kursu ilə bağlı müşavirədə müzakirə getdi ki, Ermənistan iqtisadiyyatı davamlı deyil və iqtisadi artım demək olar ki, yoxdur, tənəzzülə doğru gedir. Azərbaycanın isə iqtisadiyyatı artır və milli valyutası 3 ildir sabit olaraq qalır”.

E.Həsənli vurğulayıb ki, Azərbaycan bütün parametrlərə uyğun inkişaf edir: “Bank sektorunun və kənd təsərrüfatının inkişaf etdirilməsi onu göstərir ki, dövlətimiz bütün parametrlərə uyğun inkişaf edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gömrük Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin apardığı islahatlar böyük ümidlər verir ki, yaxın illərdə dövlətimizin iqtisadiyyatı daha da güclənəcək. Azərbaycan regionda liderliyini qoruyacaq və iqtisadi artıma görə digər dövlətləri xeyli qabaqlayacaq. Cənab Prezident çıxışında qeyd etdi ki, Ermənistanın Baş naziri cəfəng, boş açıqlamalar verib. Ölkə başçısı dünyanın nüfuzlu siyasi təşkilatlarının, Dünya Bankının, maliyyə fondlarının və eyni zamanda hərbi təşkilatların açıqladığı statistik rəqəmlərlə müqayisə apararaq deyilənlərin yalan olduğunu bildirdi. Cənab Prezident haqlı olaraq qeyd etdi ki, görülən işlər Azərbaycana və ölkə vətəndaşlarına xidmətdir”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm