AŞPA-nın Azərbaycanı hədəf seçməsi qərəzli mövqe daşıyır - Politoloq
Bizi izləyin

Nida Təhlil

AŞPA-nın Azərbaycanı hədəf seçməsi qərəzli mövqe daşıyır - Politoloq

“AŞPA-nın Azərbaycanı hədəf seçməsi qərəzli mövqe daşıyır”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Çavuşoğlu kulisarxası oyunları, qurumda baş verən prosesləri kifayət qədər yaxşı bilir: “O, bir zamanlar AŞPA-nın prezidenti olub. Təsisatda uzun müddət Türkiyəni təmsil edib. Azərbaycana qarşı aparılan kampaniya ölkənin qərbə inteqrasiyası prosesinə əngəl yaradır. Hazırda Ermənistanda kifayət qədər siyasi məhbus var. Onların tənqid atəşinə tutulması əvəzinə Azərbaycanın hədəf seçilməsi qərəzli mövqe daşıyır. Ermənistanda keçmiş prezidentlərdən biri həbs edilib, digəri ilə bağlı isə istintaq prosesi gedir. AŞPA məsələyə məhz Cənubi Qafqaz kontekstində yanaşıb, faktları desəydi, bəlkə də bunu qəbul etmək olardı. Amma təkcə Azərbaycanı nəzərdə tutaraq tənqidlər yağdırması tamamilə qərəzli və subyektiv xarakter daşıyır”.

Q.Hüseynli qeyd edib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı rəyi ölkənin xeyrinə dəyişir: “Bizim Dağlıq Qarabağ kimi problemimiz var. Bu problemin həll edilməsində beynəlxalq qurumların bu və ya digər formada rolu var. İnanıram ki, qurumun qərəzli münasibəti tezliklə aradan qalxacaq və Azərbaycanın AŞPA-dan çıxması məsələsi gündəmə gəlməyəcək”.

Politoloq vurğulayıb ki, Avropa Şurasının Azərbaycana qərəzli münasibətinin bir çox səbəbləri var: “Burada xristian-müsəlman amili də rol oynayır. Bütövlükdə AŞPA-nı Azərbaycanla qarşı-qarşıya qoyan stereotiplər var. Müəyyən dövlətlərin bu məsələdə Azərbaycanı tənqid atəşinə tutması, bununla da ermənilərin mövqeyini möhkəmləndirmək və bir növ Azərbaycanı təcrid etmə cəhdlərini ermənipərəst lobbinin apardığı işlərin nəticəsi kimi də dəyərləndirmək olar”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm