Avropa Şurası qlobal hadisələrə təsir imkanlarını itirməkdədir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Avropa Şurası qlobal hadisələrə təsir imkanlarını itirməkdədir - ŞƏRH

“Avropa Şurası qlobal hadisələrə, münaqişələrə təsir imkanlarını itirməkdədir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Politoloq bildirib ki, AŞ PA əvvəlki əhəmiyyətini itirib: “Əslində, deqradasiya prosesi təkcə Avropa Şurasında yox, Birləşmiş Millətlər Təşkilatında (BMT) da gedir. Bəşəriyyətin taleyi 5 böyük dövlətin iradəsindən asılı vəziyyətə salınıb. Bu da qətiyyən ədalətli deyil. Dünyada 2 milyon müsəlman toplumu olsa da, heç bir müsəlman ölkəsi BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunmur. Avropa strukturları yarandığı vaxtlarda demokratiya və insan hüquqlarını, xüsusilə də mötəbər hüququ bütün hüquqların üzərində görürdüsə, bu gün həmin təşkilatlar çox rahatlıqla saydığım nüansları gözardı edə bilir. Həmin qurumlarda ikili standartlar həyata keçirilir. Bunun bariz nümunəsi kimi Azərbaycan torpaqlarının 20%-nin işğal altında olmasını deyə bilərik. Münaqişə 27 ildən artıqdır ki, davam edir və ona beynəlxalq hüquq nəzdində deyil, daha çox ikili standartlar çərçivəsində yanaşılır. Ancaq nədənsə Avropanın özündə mövcud olan münaqişələrdə tamamilə fərqli yanaşma tərzi ortaya qoyulur. Ən azından bunu İspaniyanın Kataloniya əyaləti üçün deyə bilərik. Əyalətin referendum keçirərək İspaniyadan ayrılma istəyi prosesini də müşahidə etdik. Gedişatda Avropa İttifaqı ölkələri İspaniyanın Konstitusiyasını əsas gətirdilər. Həmin Konstitusiyaya görə, İspaniyanın parçalanması qeyri-mümkündür. Kataloniyalılar beynəlxalq hüququ əsas gətirərək referendum keçirməklə öz siyasi talelərini ortaya qoydular. Hansı ki, Qarabağ münaqişəsində də ermənilər milli azlıq təşkil edir. Beynəlxalq hüquqda birmənalı olaraq göstərilir ki, heç bir milli azlıq yaşadığı coğrafi məkanın siyasi taleyini həll edə bilməz. Bu, beynəlxalq hüququn elementar maddəsidir ki, Azərbaycana tətbiq etmirlər. Beynəlxalq hüququ çox rahatlıqla gözardı edirlər. Bu məsələ bilavasitə göstərir ki, Avropa strukturlarında öz yaradılış qayəsinin əksinə olaraq ikili standart nümayiş olunur. Çox maraqlıdır ki, bütün hadisələrə və proseslərə nədənsə beynəlxalq hüquq prizmasında deyil, xristian dünyasının geosiyasi maraqları kontekstində yanaşılır ki, bu da böyük ədalətsizlik və narazılıq yaradır”.

N.Miri vurğulayıb ki, Avropa Şurası qlobal hadisələrə, münaqişələrə təsir imkanlarını itirməkdədir: “Yalnız tövsiyə xarakterli qərarlar, qətnamələr qəbul edirlər ki, bu qərarlara baxan və yaxud icra edən ölkə yoxdur. Hətta Ermənistan belə Avropa İttifaqının, Avropa Parlamentinin və bir neçə strukturun Qarabağla bağlı qəbul etdiyi qərarlara rəğmən hələ də onları icra etmir. BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamə var. Ancaq bu qətnamələrin icra mexanizmi Təhlükəsizlik Şurasının üzvü olan qlobal ölkələrin siyasi iradələrinə, geosiyasi maraqlarına uyğun olmadığı üçün icra mexanizmləri yaradılmayıb. Ona görə də düşünürəm ki, bütün qlobal təşkilatlarda, eyni zamanda Avropa strukturlarında çox ciddi islahatlara ehtiyac var. Əks təqdirdə bu aşınma, deqradasiya məlum strukturların yaranma qayələrinin əksinə inkişaf edəcək. Artıq biz bunun bariz nümunələrini görürük. Bu yaxınlarda “Brexit” hadisəsini – yəni, Böyük Britaniyanın Avropa İttifaqından tamamilə çıxma prosesini müşahidə etdik. Avropada iqtisadi fikir birliyini təmin etmək getdikcə çətinləşir. Bu da dağılma prosesini gələcək perspektivdə sürətləndirə bilər”.

Politoloq hesab edir ki, Avropa Şurası xristian dövlətlərinə fərqli mövqe sərgiləyir: “Ermənistan uzun illərdir ki, hərbi qanunlarla idarə olunurdu. Ancaq buna rəğmən Avropa strukturları heç bir zaman Ermənistana qarşı hansısa ciddi təzyiq mexanizmlərindən istifadə etməyib. Bu gün proseslər eynilə davam edir. Azərbaycanla yanaşı Türkiyə 3 tərəfdən terrora məruz qalmasına rəğmən, hələ də Avropa qurumları terrorizmi dəstəkləməkdə davam edir. Ən böyük ikili yanaşmanın bariz nümunəsi budur. Dünyada yeni nizam və şəkillənmə yaranır. Bu quruluşun içərisində də gələcək perspektivdə qardaş Türkiyə öndə olmaq istəyini ortaya qoyub. Məhz bu cür güclənmə və müstəqil siyasi iradə ortada olduğu üçün Türkiyə və Azərbaycan kimi ölkələrə düşməncəsinə münasibət göstərilir. Avropa Şurası ikili standartlardan imtina etməsə, təbii ki, Avropa öz cəlbediciliyini itirəcək. Bunu təkcə biz demirik. Fransa Prezidenti E.Makron da açıq şəkildə etiraf etdi ki, artıq Avropa qitəsi öz cəlbediciliyini itirməkdədir”.

Natiq Miri əlavə edib ki, Azərbaycanın Avropa Şurasından çıxması ölkənin siyasi iradəsinə bağlıdır: “Azərbaycan öz enerji daşıyıcılarının böyük hissəsini Avropaya satmaqdadır. Qaz istehsalı ildə 30 milyard kubmetrə qədər artırılacaq. Avropa kimi çox ciddi bir tribunadan çıxmaqla meydanı Ermənistana buraxmaq olmaz. Güclü Azərbaycan işğal edilmiş torpaqlarını qaytarmaq potensialına malikdir”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm