ATƏT DTİHB-nin “qürur” və qərəzi, yaxud gözü bağlı müşahidələr
Bizi izləyin

Nida Təhlil

ATƏT DTİHB-nin “qürur” və qərəzi, yaxud gözü bağlı müşahidələr

Parlament seçkiləri başa çatdı və beynəlxalq müşahidəçilər bu seçkinin legitimliyini tanıyır. Təbii ki, heç bir ölkənin təcrübəsində mükəmməl seçki olmur, istənilən halda neqativ məqamlar qeydə alınır, xüsusilə seçicilərin səsini almaq uğrunda rəqiblərin qızğın mübarizəsi oyun qaydalarından kənar, bəzən qeyri-qanuni halların baş verməsi ilə nəticələnir. Bu, bütün dünyanın seçki təcrübəsində qeydə alınan hallardır.

Əsas məqam seçki administrasiyasının seçki qanunvericiliyinə uyğun olaraq belə halların qarşısını almasıdır. Azərbaycanda yaradılan seçki öncəsi mühit, səsvermə günü şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlar, seçkidən sonra Mərkəzi Seçki Komissiyasının şikayətləri araşdırması demokratiyanın təzahüründən xəbər verir. MSK-nın 4 dairədə seçkinin nəticələrini ləğv etməsi, 10 seçki dairəsi ilə bağlı şikayətləri Dairə Seçki Komissiyalarına göndərməsi dövlətin ədalətli seçkilərin keçirilməsinə maraqlı olduğunu təsdiqləyir.

Seçkilərin müşahidəsi üçün yüzlərlə beynəlxalq müşahidəçi ilə yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) dəvət edilməsi də dövlətin demokrtik iradəsindən xəbər verirdi. Ümumilikdə seçkiləri 77790 yerli, 883 beynəlxalq müşahidəçi izləyib.

Müşahidəçilərin ümumi rəyi seçkilərin demokratik prinsiplərə uyğun keçirildiyi ilə bağlıdır. O cümlədən, ATƏT DTİHB uzun müddətdən sonra ilk dəfə Azərbaycanın demokratik seçki ənənəsini tanımağa məcbur oldu. Niyə “məcbur oldu” yazırıq? Çünki seçkinin təşkilindən tutmuş namizədlərə bərabərhüquqlu şəraitin yaradılması, eləcə də seçki günü şəffaflığın təmin edilməsi istiqamətində göstərilən səyləri görən DTİHB fakt qarşısında qaldı və seçkinin normal keçirildiyini etiraf etdi. Hərçənd, bu seçkilər beynəlxalq standartlara uyğun həyata keçirilmişdi, sadəcə olaraq, ATƏT DTİHB ənənələrinə sadiq qalaraq, seçkiyə yüksək qiymət verməyi öz “qüruruna” sığışdırmır.

“Qürurunu” ədalət prinsiplərindən üstün tutan ATƏT DTİHB-nin qərəzi isə açıq görünürdü. Xüsusilə seçkinin rəqabət mühitində keçirilmədiyi iddiası olduqca gülüncdür. Çünki seçki marafonunda 2000-dən çox vətəndaş seçilmək hüququndan istifadə etmək üçün qoşulmuşdu, onların hər birinə imza toplama kampaniyası üçün bərabər şərait yaradıldı. Seçki günü 1300-dən çox namizəd bərabər şərtlər daxilində mübarizəyə başladılar, sonda xalq öz seçimini etdi. ATƏT müşahidəçilərinin narazılıq etdiyi dairə və məntəqələrlə bağlı Mərkəzi Seçki Komissiyası qərarını verdi: 4 dairənin nəticələri ləğv olundu, 10 məntəqədə şikayətlərin baxılması üçün dairə seçki komissiyasına göndərildi.

Prezident İlham Əliyevin seçkilərlə bağlı səsləndirdiyi fikirlər ümumi atmosferi, eləcə də ATƏT DTİHB-nin mövqeyini doğru anlamağa imkan verir.

“Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta həmişə ən tənqidi mövqedən bizə yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzələrində müsbət meyilləri qəbul etməyə məcbur olublar. Və pozutulara gəldikdə, qeyd ediblər ki, bu pozuntular prosedur xarakterli pozuntulardır. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq olub, nə ciddi pozuntular olub, nə də hər hansı pozuntu ki, seçkilərin legitimliyini və yaxu da nəticələrini şübhə altına alsın. Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Və bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar Bürosu, hansı ki, həmişə bizə qərəzli yanaşır, onların da hesabatı hesab edirəm ki, tarazlı idi. Əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi hesab edirəm ki, obyektivliyə daha yaxın idi və biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq. Pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq. Və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik. Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu onu göstərir ki, seçkilər rəqabət qabiliyyətli keçib. Rəqabət onda nədir? Bir dairədən əgər orta hesabla 10 nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdi. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir? Deyirlər ki, sərbəst toplaşma azadlığı təmin olunmayıb. Yalandır, olunub. Çünki indi müvafiq yerlərdə sərbəst toplaşma haqqını icra edə bilər. Amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə”, - dövlət başçısı bildirib.

Prezident vurğuladı ki, seçki prosesi bütün demokratik meyarlara cavab verib.

Hər şey göz qabağındadır və bütün qərəzli mövqelərə rəğmən, Azərbaycan daha bir demokratik seçki nümunəsi sərgilədi.

ATƏT DTİHB-nin qərəzli mövqeyi isə Türkiyədə yaşayan professor, beynəlxalq müşahidəçi Aygün Attarla bağlı verdiyi qərarda çılpaqlığı ilə ortaya çıxdı. Büro A.Attarın müşahidəçi missiyasının ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət etdi, MSK da bu istəyi təmin etdi. Lakin əsas sual bu idi ki, A.Attar niyə hədəf seçilib?

A.Attar açıqladığı faktlar ATƏT DTİHB-nin gerçək üzünü açdı.

“Azərbaycanda parlament seçkilərindən öncə ATƏT DTİHB-nin keçirdiyi iclaslarda qərəzli mövqe sərgilədiklərindən narahat olduğumu bildirdim. Yazısı şəkildə müşahidə missiyasının rəhbərinə məktub ünvanladım. Elmi-nəzəri və faktlarla sübut etdim ki, ATƏT-in müşahidə missiyası öz vəzifə və səlahiyyətlərindən kənara çıxa bilməz, amma qərəzli mövqe sərgiləyir. Yalnız radikal və müxalif fikirləri həqiqət kimi təqdim edir. Azərbaycan siyasəti haqqında analiz təqdim etdim və qeyd etdim ki, ATƏT Azərbaycan xalqının seçiminə müdaxilə etməməlidir. Bu xalqın seçimidir və hörmətlə qarşılanmalıdır”, - Attar bildirib.

ATƏT DTİHB məhz Azərbaycan xalqının iradəsinə müdaxilə etmək üçün Attarın müşahidəçi missiyasını ləğv etdi. Bununla həm də növbəti dəfə öz legitimliklərini, prinsiplərini dəfn etdilər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm