İlham Əliyev girovlarımızın azad edilməsi üçün... - “Səssiz diplomatiya”
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev girovlarımızın azad edilməsi üçün... - “Səssiz diplomatiya”

Münxen Təhlükəsizlik Konfransında iştirak edən Prezident İlham Əliyev işğalçı Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində danışıqlar aparır.

Publika.az
xəbər verir ki, Azərbaycan lideri Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşdə Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması və bu istiqamətdə səylərin artırılmasının vacibliyini vurğulayıb. Humanitar əsaslarla “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Prezidentinin Münxendə girovlar məsələsini gündəmə gətirməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində rəsmi Bakının kulis fəaliyyətini həyata keçirdiyini təsdiqləyir. Təcrübə girovlarımızın azad olunacağına inamı gücləndirir. Bunun ən bariz nümunəsi zabitimiz Ramil Səfərovun azad olumasıdır. Ramil Səfərov Macarıstanda həbsdə olarkən, çoxları Azərbaycanın öz zabitinə sahib çıxmadığını iddia edirdi. Hərçənd, heç bir iddiaya reaksiya verməyən Azərbaycan lideri “səssiz diplomatiya” apararaq, zabitimizin ölkəsinə gətirilməsinə nail oldu. Prezidentin sərəncamı ilə əfv olunan Ramil Səfərov hava limanında – Vətən torpağına ayaq basan kimi mükafatlandırıldı. Rəsmi Bakı bunun üçün 8 il kulis fəaliyyətini həyata keçirmişdi. Eyni təcrübə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində fəaliyyətin davam etdirildiyini deməyə əsas verir. Əslində işğalçı Ermənistanın girovlarımızı azad etməkdən imtina etməsinin səbəbi də budur.

Ermənistanın Baş Naziri Nikol Paşinyan ötən ilin noyabrında Azərbaycan mövqelərinə soxulmaq istəyərkən ələ keçirilən erməni diversant Karen Kazaryanın valideynləri ilə görüşdə qorxularını dilə gətirmişdi:

“Azərbaycan əsirlərin dəyişdirilməsi təklifi ilə çıxış edir. Azərbaycanda üç erməni var, Qarabağda üç azərbaycanlı. Üç azərbaycanlıya qarşı üç ermənini verməyi təklif edirlər. Qarabağda iki azərbaycanlı var. Onları qaytarsaq, Azərbaycanda Ramil Səfərov kimi qarşılanacaqlar. Biz bunu istəyirik? Kazaryanla bağlı məsələni Azərbaycan tərəfi ilə müzakirə etməyə davam edirik. Biz, bu məsələni beynəlxalq səviyyəyə çıxaracağıq”.

Lakin Ermənistan rəhbərliyinin əlindən heç nə gəlmir. Çünki Kazaryan Azərbaycanın suveren ərazilərinə soxulmaq istəyərkən saxlanılıb, Dilqəm Əsgərovla Şahbaz Quliyev öz ata-baba yurdlarında, yəni Azərbaycan torpaqlarında tutulub. Onlar haqqında qurulan qondarma məhkəməni heç bir beynəlxalq hüquq tanımır.

Ermənistanın qoşulduğu Avropa İnsan Haqları Konvensiyası və İşgəncələrin qarşısını almağa dair Konvensiya azərbaycanlı girovların azad edilməsini tələb edir. Yeganə çətinlik Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılan qondarma rejimin beynəlxalq hüququn presedenti olmamasıdır. Lakin Azərbaycan bunun aradan qaldırılması istiqamətində çalışır.

1. Girovlarımız öz torpaqlarına gedib;
2. Onları girov götürənlər Azərbaycan ərazilərini işğalda saxlayan erməni əsgərləridir;
3. Qondarma “DQR” faktiki olaraq Ermənistanın nəzarətindədir;
4. Ermənistan Avropa İnsan Haqları Konvensiyasının 3-cü (qeyri-insani və ləyaqəti alçaldıcı rəftar), 5-ci (qanunsuz azadlıqdan məhrum etmə) və 6-cı (ədalətli məhkəmə hüququ) maddələrini pozur;

İndiyə qədər girovlarımızla bağlı məsələ BMT də daxil olmaqla, müxtəlif beynəlxalq platformalarda müzakirəyə çıxarılıb. Prezident İlham Əliyevin Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşdə məsələni gündəmə gətirməsi bu prosesin davamıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm