İlham Əliyev Paşinyanı mat etdi - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev Paşinyanı mat etdi - ŞƏRH

“Prezident İlham Əliyev özünün sərrast, dəqiq, çox ciddi faktlara və arqumentlərə söykənən mövqeyi ilə həm konfransdakı auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə həqiqətləri çox dəqiq şəkildə çatdıra bildi”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.



Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti rəqibini debatda şahmat dili ilə desək, mat edib: “Münhen Təhlükəsizlik Konfransı 1963-cü ildən fəaliyyət göstərir. Dünyanı narahat edən ən mürəkkəb beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bir platformadır. İlham Əliyev isə bu konfrans çərçivəsində Ermənistanın işğalçılıq siyasətini və onun regional təhlükəsizlik üçün yaratdığı təhdidlər kimi olduqca mühüm məsələləri diqqət mərkəzində saxladı. Bu nöqteyi-nəzərdən deyə bilərəm ki, 56-cı Münhen Təhlükəsizlik Konfransı da istisna təşkil etmədi. Xüsusilə, ölkə başçısının paneldə səsləndirdiyi və Nikol Paşinyana ünvanladığı fikirlər şahmat dili ilə desək, rəqibini mat vəziyyətə gətirib çıxardı”.

E.Nəsirov Ermənistanın əvvəlki rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçirilən görüşlərdən yayınma səbəbindən söz açıb: “Ermənistanın əvvəlki rəhbərliyi çox gözəl bilirdi ki, erməni ictimaiyyətini ölkə daxilində aldada bilər. Onun monoloqu həm ölkə əhalisinə ünvanlanmış populist mövqe olurdu, həm də ictimaiyyəti aldatmaq məqsədi daşıyırdı. O yerdə ki, söhbət dialoqdan gedir və həmin dialoqu Azərbaycan Prezidenti ilə aparmalı olacaqlar və biləndə ki, qarşılarında dünyanın çox güclü siyasətçilərindən biri olan mahir diplomat İlham Əliyev dayanıb, belə olan vəziyyətdə onlar öz aqibətlərini və bu dialoqda məğlub olacaqlarının fərqinə varırdılar. Beləliklə dialoqdan cürbəcür bəhanə ilə yayınırdılar. Hesab edirəm ki, Paşinyan özünün demokratik imicə malik olduğunu və istənilən dialoqdan yayınmaq niyyətinin olmadığını göstərmək üçün Azərbaycan Prezidenti ilə debata çıxdı. Ancaq hadisələrin təhlili göstərir ki, ondan əvvəlki Ermənistan rəhbərləri təsadüfən bu dialoqdan yayınmırdılar. Paşinyan doğrudan da çox çıxılmaz vəziyyətə düşdü. Tarixi bilikləri, siyasi hazırlıq potensialı sıfır, ingilis dilində danışıq qabiliyyəti isə çox aşağıdır. O ingiliscə danışmırdı, danışmağa cəhd edirdi”.

Millət vəkili Azərbaycan Prezidentinin Paşinyana həm tarixdən, siyasətdən, həm də hüquqdan dərs keçdiyini bildirib: “İlham Əliyevin münaqişənin həlli ilə bağlı gətirdiyi nümunələr qarşısında Paşinyan aciz vəziyyətdə qaldı. Azərbaycan Prezidenti 1805-ci ildə İbrahimxəlil xan ilə Rusiya generalı Sisianov arasında imzalanmış “Kürəkçay” müqaviləsinə görə Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçmə faktını dedi. O bildirdi ki, bunu təsdiqləyən müqaviləni internet saytlarından tapa bilərsiniz. “Gülüstan” (1813-cü il) və “Türkmənçay” (1828-ci il) müqavilələrinin adını çəkdi. Həmin tarixlərdə Azərbaycanın Rusiyanın tərkibinə qatılması faktını qeyd etdi və əlavə etdi ki, müvafiq müqavilələr açıqdır, bütün bəndləri ilə tanış ola bilərsiniz. Eyni zamanda, cənab Prezident vurğuladı ki, 1918-ci ildə Azərbaycan və Ermənistan müstəqillik əldə etdi. Həmin tarixi şəraitdə İrəvan şəhəri də Ermənistana verildi. Bu da bir tarixi həqiqətdir. Sənədlər və faktlar bunu təsdiqləyir. Ölkə başçısı həm də qeyd etdi ki, 1988-ci ildə Ermənistanın işğalçılıq siyasəti başladı və bu siyasət nəticəsində 1 milyondan çox məcburi köçkün ordusu yarandı. Torpaqlarımızın təxminən 20%-i işğal altına düşdü. Ən dəhşətlisi isə Ermənistan silahlı qüvvələrinin Xocalıda bəşəri cinayətə imza atmasıdır. Həmçinin, ölkə başçısı vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Həmin qətnamələrə əsasən, Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxmalıdır. Bütün bunların qarşılığında Paşinyan heç bir tutarlı fakt və ya arqument gətirə bilmədi. Təkcə onu söylədi ki, jurnalist olanda oxuyub ki, guya Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov qeyd edib ki, onu hakimiyyətdən devirmək üçün Xocalı faciəsini azərbaycanlılar törədib. Bu tamamilə iftira dolu bir fikirdir. Cənab Prezident də söylədi ki, Ayaz Mütəllibov sağ-salamatdır. Onun özü dəfələrlə bildirib ki, belə bir fikir səsləndirməyib və bu, ağ yalandır. Əlavə etdi ki, Rusiya qəzetlərində çox sayda erməni işləyir və ağızlarına gələn hər fikri yaza bilirlər. Bir erməni jurnalistin yazdığı doğru olar, ya həmin fikirdə ittiham olunan keçmiş prezidentin səsləndirdikləri? Bir neçə məqam oldu ki, Paşinyan özünü savadsızlığı və siyasi baxımdan nə qədər bəsit olması ilə gülünc vəziyyətə saldı. Məsələn, Şaumyan rayonunun Dağlıq Qarabağ ərazisi olduğunu dedi. İlham Əliyev dərhal reaksiya verdi. Söhbət Goranboy rayonundan gedir. Prezident bildirdi ki, heç bir halda Dağlıq Qarabağ ərazisi deyil. Paşinyan isə səhv etdiyini görüb sözünü geri götürdü. Bundan başqa, o əlavə etdi ki, həmin məkan Stepan Şaumyanın adı ilə bağlıdır. O, xeyli cinayətlər törədib. Azərbaycanlılara qarşı soyqırım həyata keçirən şəxslərin başında dayananlardan biridir. Dağlıq Qarabağın paytaxtının Xankəndi olduğu vurğulandı. Xankəndi Azərbaycan sözüdür. Xan və kənd sözlərinin birləşməsindən yaranıb. Şaumyan isə 20-ci əsrin əvvəllərinin bir reallığıdır. Bu cür təkzibedilməz faktlarla cənab Prezident qarşısındakı baş naziri çıxılmaz vəziyyətə saldı”.

Deputat vurğulayıb ki, Paşinyan Azərbaycan Prezidenti qarşısında nə qədər gərgin psixoloji durumda olmasını nümayiş etdirib: “Paşinyanı biabır edən məsələlərdən biri də ondan ibarət oldu ki, ölkə başçısı deyəndə ki, o vaxtlar Rusiyanın hakimiyyət qurumu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması ilə bağlı qərar qəbul etdi. Erməni yazıçıları və tarixçiləri isə bunu bilərəkdən Dağlıq Qarabağın Azərbaycana verilməsi kimi təqdim etdilər. Halbuki arxiv sənədlər və müqavilə göz qabağındadır. Bunun müqabilində isə Paşinyan özünün yarımçıq ingiliscəsi ilə mövqeyini ifadə etmək istəyəndə yenə də çaşdı və düzünü dedi”.

E.Nəsirov Azərbaycan Prezidentinin sərrast, dəqiq, çox ciddi faktlara, arqumentlərə söykənən mövqeyi ilə həm kofransdakı auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə həqiqətləri çox dəqiq şəkildə çatdırdığını qeyd edib: “Eyni zamanda, Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini açıb ortaya qoydu. İş o yerə çatdı ki, Ermənistanın baş naziri Azərbaycan Prezidentindən aldığı psixoloji zərbələr nəticəsində növbəti etirafını etməyə məcbur oldu. Qeyd etdi ki, onun oğlu işğal olunmuş Qağlıq Qarabağda hərbi xidmət edir. Bununla da, işğal faktını etiraf etmiş oldu. O başqa vaxt bunu etiraf etmir. Ona görə etiraf etdi ki, İlham Əliyevin danılmaz faktları, təkzibedilməz arqumentləri qarşısında özünü itirdi. Bu debat Ermənistanda çox ciddi rezonansa səbəb oldu. Hər kəs Paşinyanı ittiham edir ki, bu qədər hazırlıqsız, savadsız bir baş nazir görməmişdik. Azərbaycan Prezidenti ilə görüşə gedərkən fərqində olmalı idi ki, qarşısında çox ciddi siyasətçi dayanacaq. Bunu nəzərə alıb ciddi şəkildə hazırlaşmalı idi. Amma hazırlıqsız olduğunu növbəti dəfə nümayiş etdirdi. Ermənistanın münaqişənin həlli ilə bağlı mövqeyinə böyük zərbə vurmuş oldu. Bizdə isə vəziyyət fərqlidir. Hər bir Azərbaycan vətəndaşı fəxr elədi ki, İlham Əliyev mahir diplomat və yüksək səviyyəli dövlət başçısı olaraq Ermənistanın işğalçılıq siyasətinin anatomiyasını açıb ortaya qoydu. Münaqişənin tənzimlənməsi prosesində bu görüş çox böyük diplomatik qələbəmiz hesab oluna bilər”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm