Ermənilər savadsız başçılarına görə xəcalət çəkir - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənilər savadsız başçılarına görə xəcalət çəkir - Politoloq

“Paşinyan siyasi hazırlığa malik olmaması ilə yanaşı, kifayət qədər qeyri-səmimi, yalançı və faktları təhrif etməyə çalışan bir pozada dayanmışdı”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.


Politoloq bildirib ki, hazırda dünyada sülh və təhlükəsizlik problemi ən aktual məsələyə çevrilib: “Son 4-5 ildə dünyanın çoxqütblü olması və ABŞ-ın təkbaşına dünya hökmranlığını həyata keçirməsinə qarşı supergüclərin həm silahlanması, həm də dünyada siyasi iddialarının artması prosesi baş verir. O güclərdən ən öndə gələni Rusiyadır. Digər sırada isə Çin dayanır. Belə olan halda Yer kürəsi çoxqütblü dünyanın yaranması adı altında yenidən sürətlə silahlanan, hətta müharibə həddinə çata biləcək müxtəlif lokal münaqişələrin yaranmasına şahid olacaq. Bununla əlaqədar olaraq dünyanın təhlükəsizliyi məsələsi ön plana çıxıb. Sülhü qorumaq və təhlükəsizliyi təmin etmək üçün müxtəlif forumlar, görüşlər aktual əhəmiyyət kəsb edir. Bu baxımdan Münhen Təhlükəsizlik Konfransı hər il keçirilən və dünyanın böyük siyasi liderlərini, güclərini, biznes və elm adamlarını toplayıb, təhlükəsizlik və sülh problemlərini müzakirə edən ən nüfuzlu beynəlxalq forumlardan biridir”.

Q.Hüseynli Ermənistanın məkrli Dağlıq Qarabağ siyasəti barədə isə bunları deyib: “Ermənilərdə belə bir illüziya var ki, guya vaxt nə qədər keçsə, münaqişə barədə beynəlxalq rəyi aldatmaq, mətbuat yolu ilə münaqişənin mahiyyəti haqqında yanlış fikirlər yaratmaq daha yaxşı imkanlar yaradır. Eyni zamanda onlar yaxşı bilirlər ki, bir nəslin dövründə baş vermiş münaqişə başqa bir nəslin zamanına ötürülürsə, vaxt uzadılırsa, sosial yaddaşda, xatirələrdə bu problemlə bağlı əvvəlki qədər temperamentli münasibət formalaşmır. Yəni, yeni nəsil hadisələrə o qədər də isti münasibət sərgiləməyəcək. Bundan əlavə onlar həmin müddətdə bu ərazilərdə məskunlaşma siyasəti aparacaq. Bəzi yerlərdən erməniləri ora köçürməklə həmin torpaqları mənimsəməyə çalışacaqlar. Əlbəttə ki, bu, sadəlövh və həddindən artıq cılız yanaşma tərzidir. İnsanlar öz torpaqlarını, ana yurdunu unutmur və nəsildən nəslə ötürür. Münaqişənin həlli istiqamətində səylər səmərə verməzsə, Azərbaycan hərbi güc yolu ilə öz ərazi bütövlüyünü təmin edəcək”.

Politoloq Paşinyanın debatda səsləndirdiyi fikirləri rəzalət adlandırıb: “Zənnimcə, dünya Ermənistan baş nazirinin nə qədər savadsız olduğunu gördü. Söhbət təkcə dünyada gedən siyasi proseslərdən getmir. Beynəlxalq ictimaiyyət sözün həqiqi mənasında heyrətlə belə bir adamın necə hakimiyyətə gəlməsi haqqında özündə qənaət hasil etdi. Məsələ burasındadır ki, Paşinyan siyasi hazırlığa malik olmaması ilə yanaşı, kifayət qədər qeyri-səmimi, yalançı və faktları təhrif etməyə çalışan bir pozada dayanmışdı. Cənab Prezident onun irəli sürdüyü iddiaların hamısını darmadağın etdi. “Kürəkçay” sülh müqaviləsindən tutmuş “Gülüstan” və “Türkmənçay” müqavilələrinə qədər hamısı haqda məlumat verdi. Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu, oraya ermənilərin sonradan gəlmə olduğunu əsaslandırdı. Rusiyanın Qafqaz bürosunun guya Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlaması haqqında səslənən sərsəm fikirlərə də cavab verdi. Paşinyan hətta Dağlıq Qarabağın hüdudlarından kənarda qalan Şaumyan rayonunun da Dağlıq Qarabağa aid olduğunu iddia edən sərsəm fikir irəli sürdü. Yəni, indiki Goranboy, əvvəlki Gülüstan rayonu. “Gülüstan” sülh müqaviləsi də həmin ərazidə imzalanıb. Daha sonra Azərbaycan Prezidentinin təkidli tələblərinə görə, Ermənistan baş naziri üzr istədi. Zənnimcə, sözün həqiqi mənasında ermənilər belə savadsız və hadisələr haqqında geniş məlumatı olmayan başçılarına görə çox böyük xəcalət hissi keçirirlər”.

Q.Hüseynli Ermənistan tərəfinin səsləndirdiyi qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı fikirləri əsassız adlandırıb və ölkə başçısının fikirlərini belə şərh edib: “Ermənilər bu günə qədər belə bir tezisi əsaslandırmağa çalışırdılar ki, guya Dağlıq Qarabağ ətrafındakı rayonları Arsaxın şanlı müdafiə qüvvələri işğal edib. Yəni, yeddi rayon Ermənistan tərəfindən deyil, qondarma Dağlıq Qarabağ Respublikasının özünü müdafiə qüvvələri tərəfindən ələ keçirilib. İlham Əliyev Paşinyanın oğlunun işğal edilmiş Cəbrayıl rayonu ərazisində hərbi xidmət keçdiyini və həyat yoldaşı ilə birgə onu ziyarətə getdiyini diqqətə çatdırdı. Eyni zamanda Cəbrayılın işğal altında olduğunu, Dağlıq Qarabağın istilasının böyük güclərin dəstəyi altında Ermənistan tərəfindən həyata keçirildiyini söylədi. İşğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilmiş ordunun 80%-dən çoxu Ermənistandan göndərilmiş əsgərlərdir. Arsax xalqı deyilən bir anlayış yoxdur. Onlar gəlmə ermənilərdir. Müharibə Azərbaycan və Ermənistan arasında gedib. Dağlıq Qarabağ və yaxud Arsax deyilən bir dövlət yoxdur. Sadəcə orada yaşayan əhali anlayışından istifadə etmək olar ki, həmin əhali də yarı-yarıya azərbaycanlı və ermənilərdən ibarət idi. İşğal faktı ilə bağlı müxtəlif yozmalar var. Ancaq bu cəhdlər diqqəti həqiqətdən yayındırmaqdan başqa bir şey deyil. Azərbaycan xalqı belə təhrifləri heç vaxt qəbul etməyəcək və torpaqlarının bərpası istiqamətində bütün səylərini göstərəcək”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm