Paşinyan Münhenə beynəlxalq ictimaiyyət qarşısında biabır olmağa gəlmişdi - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Paşinyan Münhenə beynəlxalq ictimaiyyət qarşısında biabır olmağa gəlmişdi - ŞƏRH

“Azərbaycan və dünya ictimaiyyəti Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bir daha ölkə başçısı İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanı necə deyərlər, daşdan keçən tutarlı faktlarla çıxılmaz vəziyyətə və aciz duruma salmasının şahidi oldu”.

Bu sözləri Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi: “Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin kimə mənsubluğu ilə bağlı tarixi həqiqətləri əks etdirən faktlar Ermənistanın işğalçı olduğunu açıq-aşkar bir daha təsdiq etdi. Ölkə başçısının Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi, təkzibolunmaz faktlara əsaslanan tarixi həqiqətlər qarşısında Paşinyanın əsl erməni xislətinə xas olan eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursiyası və digər sayıqlamaları beynəlxalq auditoriyanı, dünya ictimaiyyətini çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər o həqiqətən də Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsdiq edən hər hansı fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı. Açıq-aydın göründü ki, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər, təqdim etdiyi tutarlı faktlar və dəlillər qarşısında aciz durumda qaldı”.

V.Rəhimzadə vurğulayıb ki, Prezidentin Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi beynəlxalq norma və prinsiplərə əsaslanan hüquqi baza qarşısında Paşinyan tutarlı arqument gətirə bilmədi: “Prezident İlham Əliyev XlX əsrin əvvəlindən başlayaraq 200 il ərzində imzalanmış çoxsaylı saziş və müqavilələri xronoloji ardıcıllıqla sadaladığı halda, Paşinyan hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoya bilmədi. Bununla da ölkə başçısı Dağlıq Qarabağın həm hüquqi, həm də coğrafi baxımdan Azərbaycana məxsus olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi”.

Baş redaktor əlavə edib ki, siyasi cəhətdən savadsız fiqur olduğunu dəfələrlə nümayiş etdirmiş Paşinyan debatın gedişində də özünü ifşa etdi: “Bir tərəfdən Dağlıq Qarabağın silahlı qüvvələrə malik olduğunu deyən Ermənistanın baş naziri, digər tərəfdən öz oğlu da daxil olmaqla Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçdiyini etiraf etməli oldu. Bununla da əyani şəkildə təsdiq etdi ki, “Dağlıq Qarabağ ordusu” deyilən mif real fakta əsaslanmır və Azərbaycan ərazilərini işğal edən də, bu gün ərazilərimizi işğal altında saxlayan da Ermənistan silahlı qüvvələridir. Düşmən ölkənin rəhbəri dolayı yolla etiraf etməli oldu ki, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri var, Ermənistan vətəndaşları hərbi xidmətlərini orada keçirlər, qondarma “Dağlıq Qarabağ Respublikası” dövlət büdcəsindən maliyyələşdirilir”.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Prezidenti Paşinyana növbəti dəfə tarix və hüquq dərsi keçdi: “Dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi, eyni zamanda, digər beynəlxalq təşkilatların bəyanatları, qəbul etdikləri sənədlər bunu deməyə əsas verir. Prezident İlham Əliyev Ermənistan rəhbərliyi ilə hər müzakirədə əsaslı tarixi faktlarla çıxış edərək, haqlı, ədalətli mövqe ortaya qoyur, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu real faktlara və dəlillərə əsaslanmaqla beynəlxalq ictimaiyyətə sübut edir. Paşinyan isə əksinə, tarixi faklar və həqiqətlər qarşısında rəzil vəziyyətə düşür, əzilir-büzülür, susur, bəzən də ağ yalanlarla sudan quru çıxmağa çalışır. Lakin onun yalana və böhtana əsaslanan bütün cəhdləri uğursuz alınır. Çünki erməni baş nazirin fikirləri heç vaxt heç bir fakta söykənmir.”

Baş redaktor bildirib ki, Ermənistan tərəfinin nə üçün çox vaxt danışıqlar prosesindən imtina etməsi və bunun üçün müxtəlif bəhanələr gətirməsi Münhen müzakirələri zamanı bir daha özünü göstərdi: “Prezident İlham Əliyevin hər sözü, cümləsi Paşinyana endirilən ağır zərbə idi. Dövlət başçımız Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımları, Xocalı faciəsini, digər işğalçılıq və vandalizm faktlarını tərs sillə kimi Paşinyanın üzünə vurdu. Erməni baş nazir isə yalnız Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun fikirlərini təhrif edilmiş formada dilə gətirərək vəziyyətdən çıxmağa çalışdı. Müzakirələr zamanı ən çox yadda qalan məqamlardan biri də Paşinyanın böyük çaşqınlıq içində “Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın ... yox üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi” kimi gah nala, gah da mıxa vuran, bununla da özü də bilmədən həqiqətin aşkara çıxarılmasına kömək edən etirafı “Yalançının yaddaşı olmaz” məşhur Azərbaycan atalar məsəlinin nə qədər doğru olduğunu beynəlxalq aləmə bəyan etdi. Bu fakt bir daha belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, Paşinyan sanki Münhenə müzakirə aparmağa yox, beynəlxalq ictimaiyyət qarşısında biabır olmağa gəlmişdi və bunu bacardı”.

V.Rəhimzadə vurğulayıb ki, Münhen Təhlükəsizlik Konfransında keçirilmiş müzakirələr zamanı Prezident İlham Əliyev əsl peşəkar, müdrik siyasəti ilə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarix, həm də beynəlxalq hüquq kontekstində dünya ictimaiyyətinə çatdırdı: “Beləliklə, ölkə başçısı təkzibolunmaz faktlar və dəlillərlə, dəmir məntiqlə Paşinyanın bütün əsassız, çürük iddialarını darmadağın etdi. Onu çıxılmaz vəziyyətə, aciz duruma saldı, bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi, ona indiyədək rastlaşmadığı tarix və hüquq dərsi keçdi. Beləliklə, Nikol Paşinyan növbəti dəfə tarixi həqiqətlər və beynəlxalq hüququn tələbləri qarşısında seytnot vəziyyətinə düşdü”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm