Ermənistan destruktiv fəaliyyəti hədəf seçib - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənistan destruktiv fəaliyyəti hədəf seçib - Politoloq

“Ermənistan rəhbərliyi konstruktiv mövqedən uzaqdır”.

Bunu Publika.az-a açıqlamasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşünü təhlil edən politoloq İlqar Vəlizadə deyib.


Politoloq Münhen Təhlükəsizlik Konfransının Azərbaycan üçün əhəmiyyətindən danışıb: “Sözügedən platforma müəyyən problemlərin həllinə töhfə verir. Azərbaycan üçün bu görüşlər xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşünü deyə bilərik. Həmin görüş hər iki ölkənin Dağlıq Qarabağ məsələsinə yanaşma tərzini ortaya qoydu. Təəssüflər olsun ki, onlar güc amilinə üstünlük verirlər. Paşinyanın sarsaqlamasından başqa nəticə çıxarmaq mümkün deyil. Ermənistan rəhbərliyi konstruktiv mövqedən qat-qat uzaqdır. Paşinyan daxili siyasətlə xarici siyasəti qarışdırır. Bütün tarixi sənədlər, faktlar onu göstərir ki, Qarabağla bağlı proseslərin yaradılması və ya ərsəyə gəlməsi Ermənistanın iddialarından başqa bir şey deyil. Tarix də onu göstərir ki, ermənilər təkcə Dağlıq Qarabağda yox, bütün regionda destruktiv fəaliyyəti hədəf seçiblər. Ermənistanın terrorist təşkilatları daim fəaliyyət göstərib. Ölkə başçısı da həmin debatda Paşinyana bunları çatdırdı. Prezident İlham Əliyev sənədlərə və faktlara, Paşinyan isə şayiələrə istinad edirdi. Bir nümunə deyim. Paşinyan Ayaz Mütəllibovla bağlı məsələyə toxunaraq qeyd etdi ki, guya keçmiş prezident nə vaxtsa Xocalı soyqırımının azərbaycanlılar tərəfindən törədildiyini deyib. Ermənistanın baş naziri bunu bir qəzetə istinad edərək səsləndirdi. İlham Əliyev isə bildirdi ki, Ayaz Mütəllibov sağ-salamatdır və özü bunu inkar edir, belə bir ifadə işlətmədiyini qeyd edir. Siz isə ikinci dərəcəli bir resursa istinad edərək nəsə deyirsiniz”.

İ.Vəlizadə ölkə başçısının Münhendə Beynəlxalq Böhran Qrupunun (BBQ) prezidenti və baş icraçı direktoru Robert Malley ilə görüşünün vacib detallarına da toxunub: “Beynəlxalq Böhran Qrupunda müxtəlif sahələr üzrə ekspertlər fəaliyyət göstərir. Yəni dünyada nüfuz qazanan bir təşkilatdır. BBQ ötən ilin dekabr ayında bir açıqlama vermişdi ki, xüsusilə 2017-ci ildən sonra işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma prosesi sürətlənib. Bu, acınacaqlı haldır. Son illər ərzində Ermənistandan işğal olunmuş ərazilərə 17 min nəfər köçürülüb. Bu, etnik balansın, müxtəlif konvensiyaların və hüquq normalarının pozulması deməkdir. Bu fikirləri Beynəlxalq Böhran Qrupu da etiraf edib və faktlar göstərib”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm