Rusiyanın məkrli PLANI: Ukraynanı hansı aqibət gözləyir? - Politoloq DETALLARI AÇDI
Bizi izləyin

Nida Təhlil

Rusiyanın məkrli PLANI: Ukraynanı hansı aqibət gözləyir? - Politoloq DETALLARI AÇDI

“Rusiya Avroatlantik məkanın maraqları çərçivəsində olan Ukraynanı qonşuluğunda görmək istəmir”.

Bunu Publika.az-a açıqlamasında Ukraynadakı gərginliyi şərh edən politoloq Natiq Miri deyib.



Ukraynada nə baş verir?

Politoloq bildirib ki, Ukraynada baş verən hadisələri bilavasitə Ukrayna və Rusiya arasındakı gərginlik adlandırmaq doğru deyil: "Son zamanlar Rusiya Yaxın Şərqdə aktivləşib. Suriyada, xüsusilə İdlib, Hələb şəhərlərində Rusiyadan ciddi hava dəstəyi alan Əsəd rejimi və İranın dəstəklədiyi terrorçular hərbi əməliyyatlara başlayıb. Türkiyəni demək olar ki, regionda sıxışdırmağa çalışırlar. Bu kontekstdə təbii ki, onlar bunu da nəzərə alır ki, hücumlar nəticəsində İdlib ətrafında yaşayan 4 milyona yaxın suriyalı Türkiyəyə doğru gedəcək və nəticə etibarilə Türkiyə üçün çox ciddi humanitar faciə yarana bilər. Türkiyə artıq Avropa İttifaqını da xəbərdar edib ki, bundan sonra qaçqınları qəbul edəcək gücdə deyil. Ona görə də sərhədləri açıb Avropaya yollayacağı ilə bağlı fikir irəli sürüb. Rusiyanın aktivləşməsi ilə bağlı başladılan bu proses təkcə Türkiyəni deyil, həm də NATO-nun müttəfiqi olan ölkələri təhdid etmiş sayılır. Bundan əlavə, Rusiya Liviyada da aktivləşib. Rusiya Türkiyə və Liviya arasında Aralıq dənizində sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı imzalanan müqavilədən heç də məmnun deyil. Üsyançı general Xəlifə Haftarı dəstəkləyən əsas hərbi güc də məhz Rusiyadan gələn "Vaqner" qrupudur (peşəkar döyüşçülərdən ibarət hərbi qruplaşma). Bu gün BMT tərəfindən tanınan Liviya hökumətinə qarşı vuruşan güc də elə həmin qruplaşmadır. Zənnimcə, bu gün Ukraynada baş verən hadisələr də əslində Rusiyanın öz mövqelərini daha çox möhkəmlətməsi ilə bağlıdır".



Rusiya bu hücumlara bilavasitə dəstək verməklə hansı mesajı çatdırmaq istəyir?

Natiq Miri hesab edir ki, Rusiya Ukrayna vasitəsilə ABŞ və qərb ölkələrinə təzyiq göstərmək istəyir: "Seperatçıların, terroristlərin və Rusiyanın dəstəklədiyi hərbi qüvvələrin Ukrayna ordusuna qarşı hücuma keçməsi təkcə Ukraynaya deyil, qərb ölkələrinə, o cümlədən ABŞ-a təzyiq xarakteri daşıyır. Bu isə onları Rusiyanın geosiyasi maraqlarını tanımaq məcburiyyətində qoymağa hesablanıb. Ukrayna asta templə də olsa, artıq iqtisadi yöndə islahatlar keçirməyə başlayıb. Təbii ki, bu cür islahatların keçirilməsi, yeni iqtisadi sistem və demokratik hüquqları gözləyən bir rejimin yaradılması qonşu Rusiyanı heç də məmnun etmir. Ukraynada olan müsbət işartıları rus toplumu da istəyəcək ki, bu da Putin rejiminin Rusiyada mövqeyini zəiflədə bilər. Yəni, bu məsələ bir istiqamətli deyil, kompleks xarakter daşıyır. Zənnimcə, bu hücumlar bilavasitə Kremlin sifarişi ilə Ukraynada vəziyyəti süni olaraq gərginləşdirmək məqsədilə həyata keçirilir".

2018-ci ildən bu yana ilk genişmiqyaslı hücumun məhz dünən baş verməsi nəyə hesablanıb?

Politoloq danışıqlar prosesində Rusiyanın öz kartlarını gücləndirmək üçün bu tip hərbi əməliyyatlar keçirdiyini vurğulayıb: "Bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin dördlük formatında görüşü planlaşdırılıb. Bu görüşdə yenidən Minsk prosesi müzakirə obyekti olacaq. Rusiya elə bir dövlətdir ki, adətən bu cür görüşlər ərəfəsində qısamüddətli hərbi əməliyyatlar keçirməklə mövqeyini gücləndirmək istəyir. Bu, təkcə Ukrayna ilə bağlı deyil. Rusiya havadan ciddi dəstəklə Əsəd rejimini təhrik edir ki, həm Hələbdə, həm də İdlibdə müəyyən hərbi uğurlar əldə etsin. Bunu niyə edir?Rusiya düşünür ki, bu yolla Türkiyəni müəyyən güzəştlərə getməyə vadar edəcək. Daha sonra Türkiyə qoşunlarını İdlibdən tamamilə çıxara biləcək. "Normand dördlüyü" (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü ərəfəsində düşünürəm ki, Ukraynada baş verənlər heç də təsadüfi deyil. Yəni Rusiyanın spesifik siyasətidir".



Rusiyanın Ukrayna ilə bağlı hansı planları var?

N.Miri Rusiyanın gələcək perspektivdə Ukrayna ilə bağlı planının revanş xarakteri daşıyacağını deyib: "Zənnimcə, Kreml yenidən Ukraynada Rusiyayönlü siyasətçinin hakimiyyətə gəlməsini hədəfləyir. Buna nə qədər nail olacaq, zaman göstərəcək. Rusiyanın bu hədəfi reallaşarsa, NATO-nun planlarını tamamilə alt-üst etmiş olar. Çünki Ukrayna Rusiyanın sərhədində yerləşən böyük slavyan ölkəsidir. Rusiya isə Avroatlantik məkanın maraqları çərçivəsində olan Ukraynanı qonşuluğunda görmək istəmir. Bundan əlavə, Rusiya onu da anlayır ki, NATO-nun Rusiyanı mühasirəyə almaq kimi strateji planı var. Plan tədricən həyata keçirilir. Bu, Ukrayna, Şərqi Avropa və Skandinaviya ölkələrində belədir. Eyni zamanda proses Qara dənizdə də inkişaf etdirilir".



Ukraynada hadisələr bundan sonra hansı istiqamətdə inkişaf edəcək?

Politoloq Rusiyanın regionda hegemonluğunun müddətini və hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini belə şərh edib: "Hesab edirəm ki, bu, uzunmüddətli bir proses olmayacaq. Niyə? Çünki irimiqyaslı müharibənin başlaması Rusiyaya indiki vəziyyətdə sərf etmir. Buna əsas səbəb onun üç cəbhədə döyüşməsidir. Rusiya Liviya, Suriya və Ukrayna seperatçılarına, terrorçularına dəstək verir. Bu hücumlar Rusiyanın geosiyasi maraqlarına xidmət edən qısamüddətli əməliyyatlardır. Bunun uzun müddət sürəcəyini düşünmürəm. Əgər belə bir müharibə başlayacaqsa, bu müharibə təkcə Rusiya və Ukrayna arasında olmayacaq. Çünki Rusiya anlayır ki, belə olduğu təqdirdə, dövriyyəyə NATO üzvü olan ölkələr (Fransa başda olmaqla), o cümlədən ABŞ birbaşa olmasa da, ən azından ciddi silah yardımı ilə, Birləşmiş Millətlər Təşkilatı səviyyəsində verdiyi dəstəklə ciddi yardım edəcək".



Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm