• USD 1,7000 0,00% EUR 1,8427 0,00%
    • GBP 2,1034 0,00% RUB 0,0220 0,00%

Türkiyəyə 2 cəbhədən dəhşətli hücum, yaxın 10 gündə... - ŞOK DETALLAR ÜZƏ ÇIXDI

Türkiyəyə 2 cəbhədən dəhşətli hücum, yaxın 10 gündə... - ŞOK DETALLAR ÜZƏ ÇIXDI

“Zənnimcə, qarşıdan gələn 10 günlük müddət Suriyada tərəflərin hansı mövqe sərgiləyəcəyi ilə bağlı çox əhəmiyyətli tarix olacaq”.

Bunu Publika.az-a açıqlamasında Türkiyə Prezidentinin İdlib məsələsi ilə bağlı müharibə bəyanatını təhlil edən Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Vüqar Zifəroğlu deyib.



Politoloq düşünür ki, İdlibi ələ keçirmək Suriyada kifayət qədər ciddi və hakim mövqe qazanmaq anlamını ifadə edir: “İdlib kifayət qədər ciddi strateji əhəmiyyətə malik bir məntəqədir. Həm mərkəzə, həm də şimala gedən nəqliyyat dəhlizlərinin kəsişməsindədir. Bu nəqliyyat yollarına nəzarət etmək hərbi və strateji nöqteyi-nəzərdən vacib üstünlük yaradır. Bu mənada bundan əvvəl Türkiyənin keçirdiyi hər 3 əməliyyat zamanı İdlibin adı hallanır və Türkiyə hədəf kimi göstərilirdi. Türkiyə ilə bağlı çox maraqlı poseslər gedir. Diqqət edin, həm Liviyada Xəlifə Haftar, həm də Suriyada Əsəd rejimi paralel olaraq Türkiyəyə qarşı hücuma keçməyə başlayıb. Zənnimcə, iki cəbhə açmaqla Türkiyənin mövqelərini zəiflətməyə çalışırlar. Bu mənada Türkiyənin son açıqlaması anlaşılandır. Hesab edirəm ki, Rusiya müəyyən mənada ən azı Astana formatına sadiqliyini göstərərək mövcud Suriya iqtidarı ilə Türkiyə arasında dialoqun qurulmasında vasitəçilik missiyasını yerinə yetirməlidir. Türkiyənin gözləntiləri də budur. Türkiyə tərəfindən edilən son açıqlamalara baxdıqda görürük ki, bununla bağlı kifayət qədər ciddi eyhamlar vurulub. Zənnimcə, qarşıdan gələn 10 günlük müddət Suriyada tərəflərin hansı mövqe sərgiləyəcəyi ilə bağlı çox əhəmiyyətli tarix olacaq. Artıq bilinəcək ki, Rusiya nə dərəcədə Astana formatına sadiqdir və Türkiyə ilə müttəfiqliyinə hansı formada qiymət verir”.


V.Zifəroğlu danışıqlar prosesinin müsbət nəticə verməməyinin səbəbini belə izah edib: “Danışıqlar prosesinin müsbət nəticə verməməsi Suriyada kəsişən maraqlarla bağlıdır. Rusiya-Türkiyə-İran birliyinin oturuşmuş format olması fikrini dəfələrlə təkzib etmişəm. Bu birlik qərbin, ələxsus Amerika Birləşmiş Ştatlarının Yaxın Şərq siyasətinə etiraz və müqavimət olaraq yaradılmış zəruri ittifaq idi. Yəni, xarici şərtlərin təzyiqi ilə formalaşmış birlik idi. Kifayət qədər ziddiyətli və kəsişməz mövqeləri olan 3 ölkənin bir araya gəlməsindən söhbət gedir. Bu, gec-tez hansısa məsələlərdə özünü göstərməli idi. Rusiya ilə Türkiyənin maraqlarının tamamilə uzlaşmasını gözləmək sadəlövhlük olar”.

Analitik hesab edir ki, Türkiyənin əvvəlki əməliyyatlarında uğurlu nəticələr əldə etməsi bir sıra ölkələrdə ciddi narahatlıq yaradıb: “İdlib məsələsindən əvvəl Türkiyənin həyata keçirdiyi 3 uğurlu əməliyyatın nəticəsinə əsasən, Suriya üzərində fokuslanmasına imkan vermirlər. İdlib məsələsində Suriya faktorunu qabardırıq. Çünki qarşı tərəflərdən ən əsası rəsmi Dəməşqdir. Eyni zamanda rəsmi Dəməşqin arxasında duran və Suriyanın bu həmlələrini həm birbaşa, həm də dolayısı ilə müdafiə edən İran faktorunu qabardırıq. Başqa bir tərəfdən Rusiya faktorunu deyə bilərik ki, yəni, vasitəçilik etməli və tərəfləri uzlaşdırmağa çalışmalıdır. Amma Rusiya bir o qədər səmimi münasibət ortaya qoymayıb. Bundan əlavə, biz burada qərb faktorunu unuduruq. Çünki qərbin özünün də İdlibdə maraqları var. İdlib dünən və ya bu günün məsələsi deyil. Artıq son iki ildə bölgə kifayət qədər ciddi müzakirə predmetinə çevrilib. Xüsusilə bölücü, separatçı kürd qruplaşmaları sıxışdırılıb oradan çıxarılandan sonra belə bir rəy yarandı ki, guya qərb artıq İdlibdən əlini üzüb. Amma bu, belə deyil. Yəni, Amerika dəstək verdiyi terror qruplaşmaları vasitəsilə İdlibdə möhkəmlənmək niyyətindədir. Suriyada proseslər yenidən aktiv fazaya daxil olması ilə paralel Liviyada general Haftarın irəliləməsi məsələsinin şahidi oluruq. Generala dəstək verən başlıca ölkə ABŞ-dır. Haftarın isə Liviyada əsas hədəfi Türkiyədir. Yəni Türkiyəyə qarşı istifadə edilən bu ikili cəbhə nəticəsində Türkiyə nə Liviyanın üzərində fokuslana bilir, nə də Suriyanın. Bu mənada əslində çox çətin durum yaranıb”.

Vüqar Zifəroğlu Rusiyaya Yaxın Şərqdə güclənmiş Türkiyə faktorunun lazım olmadığını vurğulayıb: “Rusiyanın Liviya və Türkiyə arasında uzlaşdırıcı mövqeyinin yaranması üçün var gücü ilə çalışacağını gözləmək sadəlövhlük olar. Bu mərhələdə genişmiqyaslı müharibə görmürəm. Ancaq yenə də Türkiyə əməliyyatlara mərhələli şəkildə start verə bilər. Müəyyən mövqelər əldə etməsi isə mümkündür”.



Politoloq ABŞ və İranın məsələyə mövqeyində xüsusilə ABŞ-ın ikili siyasət yürüdəcəyini qeyd edib: “ABŞ həmişəki kimi Türkiyəyə dəstək bəyanatları verəcək. Real və konkret dəstək verəcəyini düşünmürəm. Ümumiyyətlə, ABŞ-ın son illərdəki Yaxın Şərq siyasətində atalar sözümüzlə desək “ilanı Seyid Əhməd əli ilə tutmaq” prinsipi ön plandadır. ABŞ-a zatən Astana formatının laxlaması və bu formatda yer alan 3 ölkənin bir-birləri ilə münasibətlərinin kəskinləşməsi sərf edir. Bu mənada Türkiyə-İran, Türkiyə-Rusiya münasibətləri nə qədər qarışsa, bir o qədər ABŞ-ın maraqlarına cavab verir. İran isə birmənalı şəkildə Suriyada proseslər başlayan gündən etibarən Əsəd rejimini birbaşa müdafiə edən ölkə olub. 15-20 gün əvvəl rəsmi Dəməşqin əməliyyatlara başlamasından sonra Türkiyə tərəfi bunu qınayan bəyanat da verdi. Türk əsgərlərinin şəhid olmasından sonra Əsəd rejiminin xeyrinə verilən ilk beynəlxalq reaksiya məhz İrandan gəldi. Faktiki olaraq İran həm hərbi, həm də siyasi yöndən Suriyanı tam dəstəkləyir”.



Şərhçi bildirib ki, Bəşər Əsədin bundan sonra eyni tempdə davam etməsi mümkün olmayacaq: “Buna Əsəd rejiminin potensialı da çatmır. Sadəcə olaraq hazırda ssenari bu formada icra olundu deyə Türkiyə Liviya və Suriya arasında qalmaq məcburiyyətində oldu. Liviya məsələsində mövqeləri bir az güclü olsaydı, Əsəd rejiminin hər hansı üstünlük əldə etməsindən söz belə gedə bilməzdi. Çünki Türkiyənin mərkəzdə möhkəmlənmək üçün hər cür hərbi potensialı mövcuddur. Suriya ilə müqayisə olunmayacaq dərəcədə üstündür. Başqa bir maraqlı məqam ondan ibarətdir ki, rəsmi Dəməşqin özünün bu əməliyyatları aparmasına tam potensialı çatmayacaq. Baxmayaraq ki, birbaşa İrandan, dolayısı ilə Rusiyadan dəstəyi var”.

V.Zifəroğlu proseslərin hansı istiqamətdə formalaşacağını üçlükdən ibarət ittifaqın atacağı addımların nəticəsindən asılı olacağını bildirib: “Hazırkı dönəmdə əsas məsələ budur ki, üçlükdən ibarət ittifaq nə dərəcədə bu sınaqdan çıxa biləcək?! Yəni, burada məsələ təkcə Türkiyədən asılı deyil. Hətta deyərdim ki, daha çox Rusiya və İrandan asılıdır. Zənnimcə, yaxın 1 həftə ərzində baş verən proseslər çox şeyi müəyyənləşdirəcək. Bu proseslər həm Rusiya-Türkiyə, həm də Türkiyə-Suriya münasibətlərində yeni mərhələnin başlamasına təkan verəcək”.

Məhərrəm Əliyev

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR