• USD 1,7000 0,00% EUR 1,8427 0,00%
    • GBP 2,1034 0,00% RUB 0,0220 0,00%

Azərbaycanın İtaliya kimi yaxın müttəfiqi var – ŞƏRH

Azərbaycanın İtaliya kimi yaxın müttəfiqi var – ŞƏRH

“Bu səfər iki ölkə arasında strateji əməkdaşlıq münasibətlərinin daha da artmasına təkan verəcək”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərini şərh edən politoloq Qabil Hüseynli deyib.



Politoloq bildirib ki, son illərdə Azərbaycan və İtaliya arasında əlaqələr genişlənir: “Təxminən son 5 ildə İtaliya və Azərbaycan arasında siyasi, iqtisadi əlaqələrin güclənməsi prosesi gedir. İki il öncə İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfər etdi. Səfər zamanı çox ciddi bəyanatlar verildi. İtaliya prezidenti bildirdi ki, o, Azərbaycanı İtaliyanın strateji tərəfdaşı hesab edir. Bu strateji tərəfdaşlıq statusunu yüksəltmək üçün hər iki tərəf əlindən gələni əsirgəməyəcək. Bundan başqa, Dağlıq Qarabağla bağlı məsələdə də İtaliyanın mövqeyi diqqətçəkicidir. İtaliya prezidenti bəyan etdi ki, onlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarıdırlar”.

Q.Hüseynli vurğulayıb ki, ölkə başçısının İtaliya səfəri çox əlamətdar gəlişmələrlə müşahidə olunur: “Romadakı Kuirinale Sarayında İtaliya Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verildi. Ziyafətdə hər iki tərəf bir-biri ilə strateji əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi üçün əllərindən gələni edəcəklərini söylədilər. İlham Əliyev çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı məlumat verməklə yanaşı, onun həlli yolları barədə də Azərbaycanın mövqeyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Ölkə başçısı eyni zamanda fevralın 20-də Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharında da iştirak etdi. Prezident nahardakı çıxışı zamanı qeyd etdi ki, İtaliyadan böyük investisiyaları alqışlayırıq və İtaliya iqtisadiyyatına investisiya yatırmağa hazırıq”.

Politoloq "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin şərtlərindən də söz açıb: “Tədbirdə qeyd olundu ki, bəyannamənin bundan sonra da təkmilləşdirilməsi və yeni formalarla əvəz edilməsi üçün hər iki tərəf səy göstərəcək. Sənəddə qeyd olunur ki, İtaliyanın aparıcı şirkətləri Azərbaycanda öz filiallarını yaratmalı və investisiya yatırmaq cəhdləri sürətlə reallaşdırılmalı, bu istiqamətdə hər iki tərəf öz səylərini göstərməlidir. Bəyannamədə həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Vurğulanıb ki, Azərbaycan əraziləri erməni ordusu tərəfindən işğal olunub. Hazırda problemin həllində müəyyən gərginlik var. Bu gərginliyi aradan qaldırmağın yeganə yolu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasıdır. Həmçinin qeyd olunur ki, Azərbaycan Avropa üçün çox böyük geostrateji əhəmiyyətə malik ölkədir. Dünyanın mühüm yanacaq və rabitə yollarını birləşdirən bir ərazidir. Azərbaycan qazının Cənub Qaz Dəhlizi çərçivəsində Cənubi Avropa ölkələrinə, o cümlədən İtaliyaya daşınması da vurğulanır. Bu zəmində TAP layihəsinin vacibliyi də qeyd olunub”.

Qabil Hüseynli qeyd edib ki, səfər sözün həqiqi mənasında çox yüksək səviyyədə keçir: “Görüşlər çox yüksək səmimiyyət çərçivəsində baş tutur. Azərbaycan Prezidentinə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya qarşı diqqət böyükdür. Onlar İtaliya rəsmiləri tərəfindən yüksək səviyyədə qarşılanır. Hər iki tərəf strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da gücləndirilməsinin zəruriliyini vurğulayıb. İtaliya tərəfi Azərbaycana hər cür dəstək verə biləcəyini qeyd edib. Zənnimcə, Avropa İttifaqının üzvü olan və dünyada kifayət qədər siyasi çəkisi olan İtaliyanın Azərbaycana, onun rəhbərinə və birinci xanıma qarşı göstərdiyi bu diqqət onu sübut edir ki, İtaliyanın timsalında yaxın müttəfiqlərdən birini qazanmışıq”.

Məhərrəm Əliyev

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR