Sərhədlərin bağlanması İran üçün böyük problemlər yarada bilər - ŞOK DETALLAR
Bizi izləyin

Nida Təhlil

Sərhədlərin bağlanması İran üçün böyük problemlər yarada bilər - ŞOK DETALLAR

"İran sanksiyalardan uzun müddət kifayət qədər neqativ istiqamətdə təsirlənmiş bir ölkədir".

Bu sözləri Publika.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

İqtisadçı qeyd edib ki, koronavirus da ölkə üçün artıq bu yöndə növbəti zərbə hesab oluna bilər: “Belə ki, regionda demək olar ki, İranın faktiki olaraq iqtisadi mövqeyini, turizm sektorunu nəzərə alsaq, ölkədə istehsal olunan məhsulların böyük əksəriyyəti Rusiya, Azərbaycan, Türkiyə kimi nisbətən aşağıgəlirli istehlak qabiliyyəti güclü olan ölkələrə ixrac olunurdu. Buna görə də ixracla bağlı ciddi problemlər yaranacaq. Eyni zamanda bu ölkələrdən də İrana idxal var idi. Həmin idxalın məhdudlaşdırılması öz növbəsində növbəti dövrlərdə artıq müəyyən qədər İran bazarlarında qiyməti artıran faktor kimi çıxış edə bilər. Çünki məhdudiyyətlər səbəbindən faktiki olaraq ölkələrin sahibkarları İran bazarında aktiv fəaliyyət göstərə bilmədikləri üçün İrana idxalın da həcmində azalmalar müşahidə olunacaq”.

Rəşad Həsənov bildirib ki, turizmlə bağlı çox ciddi problemlər yarana bilər: “Çünki İran son bir neçə ildə turizm strategiyası ortaya qoymuşdu və ölkəyə gələn turistlərin sayının artması istiqamətində müəyyən addımlar atırdı. Əsas məqsəd səviyyə balansındakı çatışmazlığı aradan qaldırmaq və beləliklə də, milli valyutanın üzərində olan təzyiqləri azaltmaq idi. Amma hazırkı vəziyyətdə artıq demək olar ki, dünyanın hər yerindən, o cümlədən region ölkələrindən İrana səfər edənlər haqda məhdudiyyət olmasa belə, onların sayında əhəmiyyətli azalma baş verəcək. Bu azalma da öz növbəsində son nəticədə İranın səviyyə balansında risqləri artıracaq”.

Ekspertin sözlərinə görə, planlaşdırılan investisiyaların axınında çox pis ləngimələr olacaq: “Böyük investorlar müəyyən müddət gözləmək məcburiyyətində qalacaqlar. Bu da özlüyündə İrana daxil olan valyutanın azalmasına gətirib çıxaracaq. Yəni bu, iqtisadiyyatın bütün sektorlarına təsir göstərəcək bir hadisədir”.

Rəşad Həsənov deyib ki, İranla ticarət əlaqələri dayandırılacağı təqdirdə daxili bazarda qiymətlər artacaq: “İrandan Azərbaycana təxminən 450 milyon ABŞ dolları dəyərində məhsul idxal olunur. Əslində, bu göstərici reallığı əks etdirmir. Yəni ki, göstəricilər daha yüksəkdir. Çünki faktiki olaraq ölkəyə idxal olunan məhsulların böyük bir qismi sərhəd bölgələrində yerləşən gündəlik xırda ticarətlə məşğul olan şəxslər tərəfindən ölkəyə idxal olunur və bunların qeydiyyatı aparılmır. Çünki onlar müəyyən normalar çərçivəsində, şəxsi tələbat adı altında ölkəyə gətirilir. Hansı ki, əslində biz hər birimiz bilirik ki, bu məhsullar bazara təklif olunur. Bu baxımdan da, düşünürəm ki, ən azından İrandan Azərbaycana idxal rəsmi rəqəmlərlə müqayisədə iki dəfə artıqdır. Bu isə o deməkdir ki, həmin məhsulların ölkəyə gətirilməməsi ilk növbədə daxili bazarlarda bu məhsulların təklifini azaldacaq. Eyni zamanda ola bilsin ki, vətəndaşlar bu məhsullar İrandan gəldiyi üçün alışına da müəyyən qədər neqativ yanaşsınlar və istehlakın həcmində də azalma müşahidə olunsun. Ancaq ucuz məhsulun istehlakçısı olan sosial qruplar bu məhsullara müraciət edəcəklər. Beləliklə də qıtlıq müşahidə olunacaq və qiymətlərdə artım baş verəcək. Həm də bu fəaliyyət növü ilə məşğul olan sərhəd bölgəsində yaşayan vətəndaşlar da bu prosesdə ciddi şəkildə zərərlə üzləşəcəklər. Çünki ölkənin bölgələrində olan əhalinin əhəmiyyətli bir hissəsi aylıq ailə gəlirlərinin müəyyən bir qismini məhz İran sərhədlərində sahibkarlara verdiyi xidmətlər qarşılığında və yaxud da özlərinin birbaşa olaraq təşəbbüskarı olduğu fəaliyyətlər nəticəsində əldə edirlər”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm