Türkiyə qaçqınları niyə Avropaya buraxdı? - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Türkiyə qaçqınları niyə Avropaya buraxdı? - ŞƏRH

“Türkiyə pul yox, siyasi dəstək istəyir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Əhməd Əlili deyib.

Politoloq Avropa İttifaqı və Türkiyə arasındakı qalmaqalın yaranma səbəblərindən söz açıb: “Türkiyədə belə bir fikir formalaşıb ki, Avropa İttifaqı onun Yaxın Şərqdə olan layihələrinə dəstək vermək istəmir. Ümumiyyətlə, Avropanın daxilində qaçqınlarla bağlı Türkiyənin addımına ciddi narazılıq var. Bir müddət əvvəl Liviya məsələsində də Türkiyə hiss etdi ki, Rusiya ilə yaxınlıq Avropa İttifaqındakı bir çox məsələlərdən uzaqlaşmasına səbəb olur. Qurum isə öz növbəsində bildirib ki, miqrant problemi ilə bağlı 6 milyard avronun 3,3 milyardı dövlət büdcəsinə, yerdə qalanı isə bu istiqamətdə fəaliyyət göstərən təşkilatlara verilib. Vaxtilə Suriyada İŞİD güclü mövqeyə malik olarkən Avropa İttifaqı ABŞ və kürdlərlə müqavilə imzalamışdı. Razılığa gəlmişdilər ki, PYD qüvvələri İŞİD-ə qarşı mübarizə apararsa, bir çox hüquqları tanınacaq. Ona görə də bu məsələlər Avropa İttifaqı və Türkiyə arasında gərginlik yaradır. Burada yanlış anlaşılma ola bilər ki, Türkiyə Avropa İttifaqından pul istəyir. Ona lazım olan pul yox, siyasi dəstəkdir. Yəni Türkiyə istəyir ki, Avropa İttifaqı onun Suriyada həyata keçirdiyi əməliyyatları dəstəkləsin. Özünə qarşı bu diqqəti görmədikdə Avropaya izah etmək istəyir ki, Suriya ərazisində müəyyən təhlükəsizlik zonası yaradıb miqrantları ora yerləşdirmək lazımdır. Avropanın özündə isə hiss olunur ki, onlar proseslərin bu istiqamətdə inkişaf edəcəyini gözləmirdilər. Bolqarıstan və Yunanıstan prosesi nəzarət altına almaq üçün öz sərhədlərinə müəyyən qüvvə cəlb edib. Avropa İttifaqı bu addıma nə kimi cavab verəcək? Hazırda bu istiqamətdə iş gedir. Qurum prezidentinin Türkiyəyə səfəri gözlənilir. Bu məsələlərlə bağlı danışıqlar aparılacaq. Ancaq hazırda verbal dəstək artıq mövcuddur. Avropa İttifaqı Suriya məsələsində Türkiyə ilə ortaq plan barədə düşünür”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm