Azərbaycan iqtisadiyyatı yeni təlatümlərə hazırdımı? - Reallıqlar və proqnozlar
Bizi izləyin

Nida Təhlil

Azərbaycan iqtisadiyyatı yeni təlatümlərə hazırdımı? - Reallıqlar və proqnozlar

Dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycan ictimaiyyətində iqtisadi narahatlıq yaratdı. Xüsusilə manatın dollar qarşısında ucuzlaşması qorxusu var. Buna səbəb 2014-cü ildə başlayan qlobal-maliyyə iqtisadi böhranının manata təsirləridir. Hərçənd, həmin vaxt yaranmış vəziyyəti idarə edən və prosesdən daha az itki ilə çıxan Azərbaycan hökuməti növbəti təhlükəli situasiyalara hazır olduğunu bəyan edir. 5 il öncə qarşılaşdığımız vəziyyətin fonunda hökumətin sosial-iqtisadi sferada həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlar və nəticələri “istənilən situasiyaya hazırıq” bəyanatına inamı artırır.

Dünya bazarında neft qiymətinin kəskin enməsindən dərhal sonra Nazirlər Kabinetinin operativ iclas keçirməsi də hökumətin hazırlıqlı olduğu fikrini gücləndirdi. İclasdan ortaya çıxan nəticələr belədir:

- Azərbaycan hökuməti neqativ iqtisadi təsirlərin neytrallaşdılması üçün preventiv tədbirlər planlarına malikdir. Neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri mövcuddur.

Əslində 2020-ci il dövlət büdcəsində neftin qiymətinin 55 dollar nəzərdə tutulmasının (2019-cu illə müqayisədə 5 dollar az) səbəbləri hazırlıq ssenarilərinin nə olduğunu aydınlaşdırır.

Maliyyə Nazirliyinin rəsmi məlumatında deyilirdi: “İcmal büdcəsinin gəlirlərinin 52,7 faizi neft gəlirləri hesabına formalaşdığına görə neft qiymətlərindəki mümkün azalma büdcə gəlirlərinin azalmasına və büdcə kəsirinin artmasına təsir edəcək. Əgər 2020-ci ildə neftin qiyməti 40 dollara enərsə, icmal büdcəsinin gəlirləri proqnoz göstərici ilə müqayisədə 16,6 faiz azala bilər. Mümkün qiymət azalmasının dövlət büdcəsi gəlirlərinə əhəmiyyətli təsiri isə gözlənilmir. Belə ki, büdcənin neft gəlirlərinin əsas hissəsini Azərbaycan Dövlət Neft Fondundan transfert təşkil edir ki, bu məbləğ də büdcə tərtibi zamanı xarici valyutada deyil, manat ifadəsində müəyyən olunub. Əgər gələn il neftin qiyməti 40 dollara enərsə, dövlət büdcəsinin gəlirləri proqnoz göstərici ilə müqayisədə cəmi 1,6 faiz azala bilər”.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti hazırda 36,04 dollardır. Ən pis ssenari üzrə düşünsək, (qiymətin 30 dollar olması) yenə Azərbaycanın itkiləri böyük olmayacaq. Çünki Azərbaycanda bir barel neftin istehsalı orta hesabla 12 dollardır. Çatdırma xərclərini də əlavə etsək, bir barelin maksimum 15 dollara başa gəldiyini deyə bilərik. Beləliklə, neftin qiyməti 30 dollar olsa belə, qazanc əldə edə biləcəyik. Proqnozlara görə, OPEK+ ölkələr arasındakı fikir ayrılığının davam etməsi nəticəsində neftin qiyməti 30 dollara qədər düşə bilər.

Azərbaycan hökuməti bu ssenarilər üzrə də hazırlıq planlarının olduğunu bəyan edib. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirir ki, B planı hazırlanıb: “Hökumətin və Azərbaycan Mərkəzi Bankının (AMB) “B” planı var və bu plan məhz neftin bu qiyməti (30-35 ABŞ dolları) üçün əvvəldən hazırlanmışdı. Hazırda hökumət bu plana əsasən fəaliyyət göstərir”.

Azərbaycan iqtisadiyyatının dayanıqlılığı 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı fonunda təmin edildi. Bu təcrübə və hazırda qlobal böhranın sürətlənməsi “Azərbaycan iqtisadiyyatı yeni təlatümlərə hazırdımı” sualını aktuallaşdırır.

Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti bu sualın cavabını müəyyənləşdirməyə imkan verir:

1. Xarici dövlət borcunun ÜDM-yə nisbəti dünyada ən aşağı göstəricilərdəndir – 17 faiz.

2. İqtisadi inkişafın davamlılığı təmin olunub: 2020-ci ilin yanvar-fevral aylarında qeyri-neft ÜDM-i 6,7 faiz, ÜDM isə 2,8 faiz artıb, inflyasiya 2,8 faiz təşkil edib. İnflyasiya hədəflənən səviyyədə saxlanılır.

3. Büdcə xərclərinin səmərəliliyi artırılır, optimallaşdırılır, iqtisadiyyatın şaxələndirilməsi sürətləndirilir, milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini və perspektivlərini ehtiva edən çevik dövlət tənzimləməsi tətbiq edilir. Sosial layihələrin icrası davam etdirilir.

Bunun fonunda Azərbaycanın 52 milyard ABŞ dolları həcmində olan strateji valyuta ehtiyatları (ÜDM-in həcmini 8 faizdən çox üstələyir) mümkün böhrana qarşı “təhlükəsizlik balışı” rolunu oynayır.

“Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi bu yaxınlarda Azərbaycanın Mərkəzi Bankının valyuta ehtiyatlarının əhəmiyyətli artımını proqnozlaşdırdı. Proqnoza görə, 2020-ci ildə bu valyuta ehtiyatı 4,5 faiz (7 milyard dollar) artacaq. S&P proqnozunda bildirilir ki, xarici sarsıntıların təsiri bu artımı azalda bilər, lakin Azərbaycan vəziyyətin öhdəsindən gələ biləcək.

Yerli ekspertlər Azərbaycan iqtisadiyyatının yeni təlatümlərə hazır olduğunu hesab edirlər.

Bəs xarici ekspertlər necə düşünür?

“İnfoTEK-Terminal” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru, Rusiya Neft və Qaz Sənayeçiləri Birliyinin mütəxəssisi Rüstəm Tankayevin fikrincə, neft qiymətlərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi problemlər yaratmayacaq.

“Azərbaycan Hökumətinin və Mərkəzi Bankının bəyanatlarına güvənmək olar. Hazırda qiymətlərin müəyyən qədər artması spekulyantların işidir, lakin uzunmüddətli perspektivdə onlar real bazara təsir edə bilməyəcəklər. Bu baxımdan, Azərbaycanda həyəcanlanmağa ehtiyac yoxdur, sadəcə olaraq, vəziyyətin normallaşmasına qədər gözləmək lazımdır. Fikrimcə, neftin qiymətinin düşməsi az vaxt davam edəcək və yaxın vaxtlarda qiymət səviyyəsi bərpa olunacaq. Hərçənd, Azərbaycanın mövcud valyuta ehtiyatı bütün ssenarilərin öhdəsindən gəlməyə imkan verir”, rusiyalı mütəxəssis bildirib.

Rusiya Hökuməti yanında Maliyyə Universitetinin elmi işçisi, Milli Energetika Təhlükəsizliyi Fondunun aparıcı eksperti Stanislav Mitraxoviç də Azərbaycanın valyuta ehtiyatlarının çətin vəziyyətdən çıxmağa imkan verdiyini qeyd edir.

Devalvasiya təhlükəsinə gəlincə, S.Mitraxoviç Azərbaycanın Mərkəzi Bankının buna qarşı ata biləcəyi addımı açıqlayıb: “Belə təhlükə yaranarsa, Azərbaycan Mərkəzi Bankı daxili bazarda dolların dövriyyəyə buraxılmasını artıracaq və beləliklə, devalvasiyaya imkan verməyəcək. Bunun üçün əllərində valyuta ehtiyatları mövcuddur”.

“RusEnergy” informasiya-konsaltinq şirkətinin analitiki Mixail Krutixin isə neft qimyətlərinin düşməsinin neft istehsal edən ölkələrdə müəyyən “iz” qoyacağını düşünür. Hərçənd, analitik bunun “böyük faciə” olmayacağını da qeyd edir.

“Azərbaycana gəlincə, “Azəri-Çıraq-Günəşəli” layihəsində növbəti platformanın inşası vəziyyəti düzəldəcək. Müəyyən problemlərin olması istisna deyil. Misal üçün, büdcə gəlirləri müəyyən qədər azalacaq, amma vəziyyətin tezliklə normallaşacağını düşünürəm”, - analitik vurğulayıb.

Hökumətin hazırlıq ssenariləri, görülən tədbirlər və mütəxəssislərin fikirləri Azərbaycan iqtisadiyyatının yeni təlatümlərə hazır olduğunu deməyə əsas verir. Əhalidə təşvişin yaranmasına gəlincə, təcrübə adətən belə proseslərin qısa müddətdə normallaşdığını göstərir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm