• USD 1,7000 0,00% EUR 1,8385 -0,23%
    • GBP 2,0769 -1,28% RUB 0,0220 0,00%

Fazil Mustafadan o şəxslərə sərt sözlər: Siz kimsiniz ki...

Fazil Mustafadan o şəxslərə sərt sözlər: Siz kimsiniz ki...

Əslində Prezident bu çıxışında çox ciddi bir məqama toxunaraq qeyd etdi ki, güclü olan tərəf cəmiyyətdə olan digər siyasi qüvvələrə dialoq təklif edir.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, siyasi qüvvələrin əksəriyyəti də bu dialoqa getməyə hazır olduğunu bildirir: "Burada kiminsə ideyasına müdaxilə etmək, kiminsə dünyagörüşünə hansısa çalarlar əlavə etmək niyyəti yoxdur. Görüş, fikrini de, təklifini ver. Bu təklifin də dəyərləndirilməsə, o zaman hansısa bir iradını ortaya qoy. Adamların böyük əksəriyyəti bu dialoqa çağırışa müsbət yanaşır, görüşür və təkliflərini verir. Amma bir neçə partiya rəhbəri buna müsbət yanaşmır və hətta başqa şərtlər və müəyyən məsələlər ortaya qoyurlar. Biz filankəslə görüşmürük, filankəslə hansısa məsələni müzakirə etmirik və ikinci, üçüncü şəxs məsələsini ortaya atırlar. Bu, özündən müştəbehlik Azərbaycan cəmiyyətində əslində dialoq mühitinin yaranmamasının əsas səbəblərindən biridir. Bu, müxalifətarası dialoqa da mane olur. Adamdan soruşarlar nəyin müştəbehliyini daşıyırsan, hansı böyük bir gücü təmsil edirsən?”.

Fazil Mustafa deyib ki, bu gün Azərbaycan iqtidarı 27 ildir ki, hakimiyyətdədir və biz hamımız müxalifətdəyik. Demək hakimiyyətin gücü var ki, hakimiyyətdədir: “Xalqın müxalifətə böyük dəstəyi olsa, hansı iqtidar hakimiyyətdə qala bilər? Bu, hansısa beynəlxalq dəstəklə ölçülmür. İlk növbədə cəmiyyətin müəyyən bir əhəmiyyətli hissəsinin dəstəyindən söhbət gedir. Söhbət ondan gedir ki, bu gün atılan addımlara, dialoq çağırışına cavab vermək lazımdır. Bundan imtina etmək təhlükəlidir. Mən diqqət edirəm, müxalifətin, xüsusilə də Milli Şuranın özünü Janna d’Arkın ağ atının belində Orleandan gəlmiş bir qəhrəman kimi hiss edən bir xanım təmsilçisi müsahibə verəndə deyir ki, biz bu ərəfədə qərara almışıq ki, aksiyalar keçirməyək. Yox, siz bəlkə bir aksiya da keçirəsiniz, bəlkə koronavirusu da müəyyən dərəcədə tənqid edəsiniz ki, niyə bizim ölkəyə gəlib, ya bəlkə onu da iqtidar gətirib? Söhbət ondan gedir ki, aksiya keçirmək məsələsi yetərli deyil axı. Əksinə bu prosesdə dövlətlə həmrəy olub, ona dəstək olduğunuzu bildirməlisiniz. Dövlətlə siyasi mövzuda uzlaşmadığınızı bəyan edin, amma elə bir milli təhlükə ilə üz-üzəyik ki, burada ancaq bir-birimizə dəstəkdən söz getməlidir. Amerika, İran, Türkiyə, Avropa qapısını bağlayıb. Biz bu ərazidə özümüz qalmışıq və özümüz qaldığımız ərazidə bir-birimizlə dialoq aparmalıyıq. Yəni artıq heç kim bizim bu münasibətlərimizdə arbitr rolunu oynamayacaq”.

Millət vəkili qeyd edib ki, belə bir vəziyyətdə iqtidar müəyyən addım atır: "Belə bir vəziyyətdə bundan imtina etməyə sadəcə mənasız bir inad və siyasi korafəhmlik kimi baxılmalıdır. Çünki bu şərtlərdə ölkədə bəlkə yeni bir situasiyanın yaranması, sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşması üçün bu prosesin böyük rolu olacaq. Məhz bu proses Prezident Aparatında müvafiq şöbənin yaranmasından sonra başladı və müzakirələr aparıldı. Bizim də tərəfimizdən təkliflər verildi və təkliflər praktik nəticəsini gördü. Parlamentdə ilk dəfə olaraq azlıq parlament rəhbərliyində təmsil olundu. Parlamentdə komitələrdə, komitə sədrlərinin müavinləri səviyyəsində təmsil olundu. Burada söhbət kiminsə vəzifədə olmasından getmir. Bunlar keçici məsələlərdir. Söhbət prinsipin tətbiq olunmasından gedir. Sabah bu prinsip eyni qaydada seçkilərdən sonra bu yeri qazanmış digər şəxslərə də aid oluna bilər. Ona görə də bu prosesi ləngitmək, bu prosesə qarşı qeyri-ciddi yanaşmaq olmaz. Hətta bayaq dediyim xanım açıqlamasında deyir ki, bir kolxoz yaradırlar, bizi də o kolxoza dəvət edirlər və bizi orada görmək istəyirlər. “Siz kimsiniz ki, o kolxozda fikir, ideya, düşüncə hansısa bir hərəkatın aparıcısı kimi hansı bir fövqəladə rolunu var ki, özünüzdən bu qədər razısınız? Hamını qeyri-müxalifət, özümüzü müxalifət adlandırırıq. Hamıya təhqiramiz, yuxarıdan yanaşırıq. Nədir sizin bu yuxarıdan yanaşmanız? Neçə illərdir eyni küçənin, eyni binasından o biri binasınadək addımlamaqdan başqa cəmiyyəti hərəkətə gətirəcək hansı bir fikriniz var? Bu, seçki dövründə də göründü. Seçki müddətində də bəlkə də seçkiyə qatılan müəyyən etirazçı gənclər sizdən daha çox elektorata malikdirlər. Onlar yeni texnologiyadan istifadə edərək sizdən daha çox tərəfdar yığa bildilər. Sizin sosial şəbəkələrdə saxta profillərlə onu-bunu söyməklə formalaşdırdığınız siyasi mühiti necə təmizləmək olacaq?”.

F.Mustafanın fikrincə, indiki dövrdə özünü barışmaz, tamamilə əlahiddə müxalifət hesab edən şəxslər daha çox həmrəyliyə can atmalıdır: “Çünki bu bəla təkcə iqtidara yönələn bəla deyil ki. Bu, bütün xalqa, cəmiyyətə yönələn bəladır. Burada da müxalif ünsürlər öz təklifləri ilə fərqlənsinlər. Bu baxımdan da bu prosesi hamılıqla aparmaq lazımdır. Ona görə də indiki vəziyyətdə hər hansı bir dialoqdan qaçmaq bütün hallarda təhlükəlidir. Bu da ancaq “beşinci kolon” funksiyasını yerinə yetirən şəxslərə xas bir xüsusiyyətdir. Doğrudan da bu görüntünü vermək istəmirlərsə, uzlaşmaya, həmrəyliyə doğru müəyyən bir addım atmalıdırlar. Prezidentin bu çıxışında səslənən fikirləri kimsə özünü götürmək, hansısa bir xəyanətkar, hansısa “beşinci kolon” olmaq istəmirsə, özünün mövqeyini ortaya qoysun və göstərsin ki, həqiqətən də mən dialoqa açığam, ən azından bu mərhələdə istənilən fədakarlığı etməyə hazıram. Yoxsa qərara almışıq ki, biz aksiya keçirməyəcəyik. Guya hansınız güclü bir aksiya keçirməyə qadirsiniz və bunu minnət olaraq niyə göstərməlisiniz? Əvəzində yazın ki, biz hakimiyyətlə müəyyən dialoqa getməyə, öz təkliflərimizi verməyə və bu məsələdə dəstək verməyə hazırıq. Bunula sizin mövqeyiniz güclənəcək, nüfuzunuz daha da artacaq ki, siz həqiqətən də konstruktiv yanaşmaya sahib bir anlayışın sahibisiniz”.

Tağı Həsənov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR