• USD 1,7000 0,00% EUR 1,8873 +1,55%
    • GBP 2,0983 +1,06% RUB 0,0242 +1,65%

Dağlıq Qarabağdakı qondarma “seçkilər” siyasi cəhətdən perspektivsizdir - Şərh

Dağlıq Qarabağdakı qondarma “seçkilər” siyasi cəhətdən perspektivsizdir - Şərh

“Oyunların oynanılması, Ermənistanla sərhəddə Azərbaycana qarşı müxtəlif təxribatların təşkil edilməsi onu göstərir ki, bu prosesdə düşmən bir ovuc separatçı ilə əlbirdir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər” keçirməsi beynəlxalq hüquq normalarını tapdalamaq deməkdir: “Saxta “seçkilər” Azərbaycanın suveren hüquqlarına qarşı qəsbdir. Heç kimə sirr deyil ki, bu bölgədə separatçılar iş başındadır. Onlar müstəqil Azərbaycan Respublikasına qarşı qiyam qaldırmış qüvvələrdir. Həmin qüvvələrə kənardan Ermənistan dövləti də dəstək verərək, etnik təmizləmə həyata keçirib. Əhalisinin 45%-ni təşkil edən azərbaycanlıları oradan çıxarıblar. Daha sonra isə həmin bölgənin ətrafındakı 7 rayonu ələ keçirməklə etnik təmizləmə apardıqdan sonra oranı tamamilə yağmalayıb, qarət edərək Azərbaycana çox böyük məbləğlə hesablanan ziyan vurublar. Nəticə etibarilə separatçı qüvvələr ölkəmizə qarşı elan olunmamış müharibə apararaq ərazilərimizin 20%-ni işğal edib. 1 milyondan çox insan yurdundan didərgin düşüb. İndi isə qeyri-qanuni “seçkilər” Azərbaycanın dünya tərəfindən tanınmış sərhədləri daxilində həyata keçirilir və qanunvericiliyə ziddir. Siyasi cəhətdən isə perspektivsizdir.

Məlum dırnaqarası “seçkilər”in həyata keçirilməsinə BMT başda olmaqla dünyanın bir neçə ölkəsi etiraz edib. Söhbət İndoneziya, Pakistan və Türkiyədən gedir. Onlar “seçkilər”in keçirilməsini qeyri-qanuni adlandıraraq, nəticələri tanımayacaqlarını bildiriblər. Onsuz da indiyə qədər keçirilən “seçkilər”in heç birinin nəticələri tanınmayıb. Bu günə qədər keçirilən “seçkilər”ə isə tam olaraq seçki demək də mümkün deyil. İlk olaraq qeyd edim ki, orada Azərbaycan icmasının nümayəndələri iştirak etmir. İkinci məsələ isə bugünə qədərki “seçkilər”in saxta olması ilə bağlıdır. Yəni kimin seçiləcəyi qabaqcadan bəlli olan təyinetmə prosedurudur”.

Politoloq Ermənistanın bu addımı dünyanın koronavirus bəlası ilə mübarizə apardığı bir vaxtda atmasının səbəblərini belə izah edib: “Dünya üzrə kütləvi tədbirlər, konsert proqramları ləğv edilib. İnsanlar bir növ qapalı ev şəraitində yaşam metoduna keçib. Bu gün məlum virusdan qorunmağın əsas yolu insanların ətraf mühitdən təcrid olunması ilə birbaşa bağlıdır. Buna isə dünyanın çox sayda ölkəsində riayət edilir. Amma özlərini mədəni adlandıran, əslində isə barbarlıq pilləsində olan ermənilər dünyanın qəbul etdiyi sivil çağırışlara riayət etməyərək “seçkilər” keçirir.

Sözsüz ki, dünyanın heç bir ölkəsi “seçkilər”in nəticələrini tanımayacaq. Beynəlxalq təşkilatlar da sona qədər öz etirazlarını bildirəcək. Oyunların oynanılması, Ermənistanla sərhəddə Azərbaycana qarşı müxtəlif təxribatların təşkil edilməsi onu göstərir ki, bu prosesdə düşmən bir ovuc separatçı ilə əlbirdir. Həmin separatçılar və Ermənistandakı oyuncaq rejim Cənubi Qafqazda koronavirusla bağlı kövrək sabitliyi pozmağa, insanların diqqətini əsas bəladan yayındırmağa cəhd edir.

Azərbaycan qətiyyətlə bu “seçki” oyunlarını pisləyir, BMT, ATƏT və digər təşkilatları kəskin mövqelərini ifadə etməyə dəvət edir”.

Məhərrəm Əliyev

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR