Dövlət öz vətəndaşlarının və sahibkarların yanındadır - Fikrət Yusifov
Bizi izləyin

Nida Təhlil

Dövlət öz vətəndaşlarının və sahibkarların yanındadır - Fikrət Yusifov

“COVID-19 pandemiyasının yaratdığı durum hər bir kəsdən məsuliyyətli davranış tələb edir”.

Bu fikirləri Publika.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.

Professor bildirib ki, koronavirus pandemiyasına qalib gəlməyin yeganə yolu birgə mübarizədən keçir: “Pandemiyanın yaratdığı durumun ağırlığı dünyanın gözləri qarşısındadır. Vəziyyətdən çıxışın yeganə yolu bu bəlaya qarşı birləşərək mübarizə aparmaqdan keçir. Bu vəziyyətdə hər kəs karantin qaydalarına riayət etməlidir, əks halda proses nəzarətdən çıxaraq insanlığı miqyası bəlli olmayan fəlakətə apara bilər. Bu gün bütün dünya ayaq üstədir. İki ay öncə bir neçə dövlətdə aşkarlanmış epidemiyanın səsi indi 180 ölkədən gəlir”.

F.Yusifov pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərbələrdən də söz açıb: “Ümumbəşəri bəlanın dünya iqtisadiyyatına, maliyyə sisteminə vurduğu və bundan sonra vura biləcəyi zərbənin ölçüləri olduqca böyükdür. Bəzi iqtisadçılar bu itkilərin miqyasını keçən əsrin 20-ci illərinin sonlarında baş vermiş “əsrin depressiyası” adlandırılmış iqtisadi böhran nəticəsində baş vermiş itkilərlə müqayisə edirlər. Real olan isə budur ki, virusu ram edəcək peyvənd gec tapılarsa, dünya iqtisadiyyatında və beynəlxalq maliyyə sistemində tarixdə misli görünməmiş iqtisadi fəlakət qaçılmaz olacaq.

Artıq bu gün Birləşmiş Millətlər Təşkilatı “yaxınlaşan maliyyə sunamisi” ilə bağlı həyəcan təbili çalaraq Qərbi koronavirusla mübarizə aparmaq üçün inkişaf etməkdə olan ölkələrə 2,5 trilyon dollar həcmində yardım göstərməyə səsləyib. BMT bu ölkələrin 1 trilyon dollar həcmində borcunun silinməsini və eyni zamanda zəruri tibbi xidmətlərin göstərilməsinin təmin olunması məqsədilə onların səhiyyə sistemlərinin bərpasına 500 milyard dollar məbləğində yardım etməyi tövsiyə edib”.

Ekspert vurğulayıb ki, kimliyindən asılı olmayaraq mövcud durum hər bir kəsi ciddi düşündürməlidir: “Kimlərsə problemin həllinə maddi dəstək verməklə, kimlərsə də sadəcə virusun yayılmaması naminə özünü izolyasiya etməklə bunu reallaşdırmalıdır. Məsuliyyətli və həssas məqamda hər kəs tək özünü deyil, ailəsini, cəmiyyəti və bütövlükdə insanlığı düşünməyə məhkumdur. Hər bir problemin həlli bilavasitə ona düzgün yanaşmadan asılı olur. Virusun yayılmağa başladığı ötən dövr ərzində bütün dünyada yoluxanların vaxtında aşkarlanması və müalicə edilməsi nəticəsində ümumilikdə 174 mindən çox insanın həyatını xilas etmək mümkün olmuşdu. Deməli, təhlükəli virusun peyvəndi tapılmadan belə onu müalicə etmək mümkündür. Koronavirusun peyvəndi tapılana qədər hər kəs səbr nümayiş etdirib daha az təmasda olmalı, bir sözlə özünü, yaxınlarını və bütövlükdə cəmiyyəti qorumaq üçün özünütəcrid variantını seçməlidir”.

İqtisadçı qeyd edib ki, yaranmış durumun dünyanın bir parçası olan ölkəmizdən yan keçməsi mümkün deyildi: “Bunu nəzərə alan Azərbaycan hökuməti vaxtında zəruri olan bütün addımları atdı və bu istiqamətdə işlər ən yüksək səviyyədə bu gün də davam etdirilir. Biz COVID-19-un bəzi ölkələrdə yaratdığı acınacaqlı vəziyyətin ölkəmizdə təkrarlanmaması üçün əlimizdən gələn bütün işləri görürük. Lakin bu işlər o zaman yetərli nəticələrə aparıb çıxara bilər ki, hər bir vətəndaş vəziyyətin reallığını olduğu kimi dəyərləndirməyi bacarsın. Odur ki, hər birimiz pandemiyanın yaratdığı vəziyyətin aradan qalxması məqsədilə hökumətin müəyyənləşdirdiyi qaydalara tam riayət etməliyik.

Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən yaranmış durumla bağlı öz fikirlərini olduqca açıq şəkildə cəmiyyətə çatdırdı. Görüş zamanı ölkə başçısının səsləndirdiyi “Dünyanın aparıcı ölkələrində demək olar ki, vəziyyət nəzarətdən çıxır”, “heç bir ölkənin səhiyyə sistemi artan xəstələrin sayına uyğun xidmət göstərə bilməz”, “əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır” kimi fikirlərdən hər birimiz ciddi nəticə çıxarmalıyıq. Hesab edirəm ki, dövlətin yaranmış durumla bağlı atdığı addımlar kifayət qədər səmərəli olacaq və məhz bu tədbirlər sayəsində pandemiyanın yaratdığı problemlərin minimallaşdırılmasını təmin edə biləcəyik. Yetər ki, Prezidentin “Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram” tələbinə hər birimiz əməl edək”.

Professor dövlət dəstəyinin göstərilməsini nəzərdə tutan 9 proqramın mahiyyətini belə izah edib: “Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Prezidentin sərəncamı əsasında dörd istiqamətdə xüsusi işçi qruplar yaradılıb. Artıq pandemiyanın ölkə iqtisadiyyatına təsirini qiymətləndirən işçi qrupun rəhbəri - İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət dəstəyinin göstərilməsini nəzərdə tutan və 9 proqramdan ibarət olan zərfi ölkə başçısına təqdim etdi. Bu proqramlar hazırlanarkən ilk növbədə pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib.

Bütövlükdə proqramlar dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bütün fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən olunub. Ümumilikdə, doqquz proqramın maliyyə tutumu 2,5 milyard manat təşkil edir ki, bu da Azərbaycanın Ümumi Daxili Məhsulunun 3%-nə bərabər məbləğdir. Bu göstərici MDB məkanında və regionda olan ölkələr arasında onların iqtisadiyyatının ölçüləri baxımından ən yüksək göstəricidir.

Yaxın günlərdə digər işçi qruplarının da təkliflər zərfinin təqdimatı gözlənilir. Bir sözlə, dövlət həmişə olduğu kimi öz vətəndaşlarının və sahibkarların yanındadır. Yetər ki, həm vətəndaşlar, həm də sahibkarlar qoyulan tələblər çərçivəsində davransınlar. Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa, fəaliyyətini aşkarlıq prinsiplərinə söykənərək göstərməyə borcludur. Dövlət belə sahibkarları həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm