Koronavirus təxribatı: Gürcüstanda azərbaycanlıları hədəfə alan kimlərdir?
Bizi izləyin

Nida Təhlil

Koronavirus təxribatı: Gürcüstanda azərbaycanlıları hədəfə alan kimlərdir?

“Koronavirusu yayan azərbaycanlılardır”, “Qoy azərbaycanlılar ölkəni tərk etsin”, “Onlar cəzalandırılmalıdır”.

Gürcüstandakı soydaşlarımız təxribat qoxusu verən bu iddialar və çağırışlarla üz-üzədir. Son günlər sosial şəbəkələrin Gürcüstan seqmentində azərbaycanlılara qarşı açıq ksenofobiya çağırışları müşahidə olunur.

Marneulidə yaşayan 62 yaşlı azərbaycanlı qadında koronavirus aşkarlanandan sonra bu rayon və Bolnisi karantinə alındı. Martın 23-də tətbiq olunan karantin qaydalarından sonra sosial şəbəkələrdə azərbaycanlılara qarşı ittihamlar başlandı. Hökumət bu rayonların izolyasiya olunmasını virusun geniş yayılmasının qarşısını almaq məqsədilə izah edir. Halbuki, həmin vaxta qədər Gürcüstanda 50 koronavirusa yoluxma faktı qeydə alınmışdı.

Burada diqqətçəkən məqam da virusun yayılmasına görə niyə azərbaycanlıların hədəfə alınmasıdır? Axı 62 yaşlı azərbaycanlının yoluxmasına qədər 50 yoluxma halı olmuşdu. Azərbaycanlıların ittiham olunmasını qızışdıran iddialardan biri də “Marneulidə yoluxan 62 yaşlı qadının yaxın günlərdə Azərbaycandan qayıtdığını gizlətməsidir”. Bu, təsdiq olunmamış iddiadır, amma sosial şəbəkədə ittihamlar əsasən bunun üzərində qurulur.

Marneulinin karantinə alınması haqda xəbərlərin altında belə yazırlar: “Siz bura Azərbaycandan gəlmisiniz”, “Siz getsəniz, biz daha asan nəfəs alacağıq”.

Niyə azərbaycanlılar ittiham olunur, prosesi qızışdıracaq iddiaları kimlər ortaya atır, koronavirus pandemiyasından hansı qüvvələr siyasi maraqları üçün istifadə etməyə cəhd edir?

Soydaşlarımızla bağlı arzuolunmaz bu mənzərə fonunda belə suallar gündəmə gəlir.

Bu ittihamlar fonunda bir fakt diqqət çəkir. Qori şəhərinin Mejvrisxevi kənd sakini, 53 yaşlı erməni əsilli sürücü Ermənistana yük aparıb və orada virusa yoluxub. Geri qayıdandan sonra onun Gürcüstanda təmasda olduğu şəxsləri də yoluxdurduğu deyilir. Cənubi Qafqazda ən çox yoluxma və ölüm faktı Ermənistandadır (881 yoluxma, 9 ölüm).

Gürcülər sosial şəbəkələrdə niyə erməniləri ittiham etmir? Axı bu ölkədə ermənilər həm də separatizm virusunu daşıyırlar.

Azərbaycanlıların hədəfə alınması istiqamətində aparılan kampaniya ötən ilin iyulunda yaranan Keşikçi dağı böhranını yada salır. Sərhədlərin delimitasiyası məsələsində Bakı və Tbilisi normal müzakirələr apardığı vaxtda Gürcüstanda müəyyən qüvvələr məsələni qızışdıraraq, böhrana çevirməyə çalışırdı. Araşdırmalar bu təxribatların arxasında Gürcüstandakı erməni icmasının, o cümlədən, gürcüləşmiş etnik ermənilərin aktiv iştirak etdiyini ortaya çıxardı.

Keşikçi dağı böhranını iki ölkən arasında münaqişə ocağına çevirmək istəyənlər indi də koronavirusdan istifadə etməyə çalışır. Bu təxribata uyan gürcülər unutmamalıdır ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan Gürcüstana qarşı da ərazi iddiaları irəli sürür. Cavaxetiyadakı separatizm ocağı bunun ən real nümunələrindəndir.

Gürcüstanın dövlət inspektoru Londa Toloraya qeyd edir ki, “pandemiya bitəcək, amma azərbaycanlılar bu vəziyyətdə onları incitməyimizi heç vaxt unutmayacaqlar”. Gürcülər bunu da unutmamalıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm