"Azərbaycan nümunəvi təcrübə yaratmağı bacaran ölkədir" - Deputat
Bizi izləyin

Nida Təhlil

"Azərbaycan nümunəvi təcrübə yaratmağı bacaran ölkədir" - Deputat

"Hazırkı mürəkkəb vəziyyətdə dövlətin həyata keçirdiyi sosial siyasət sayəsində həm vətəndaşlarımızın sağlamlığının qorunması təmin edilir, həm də onların sosial ehtiyacları qarşılanır. Bu mənada Azərbaycan nümunəvi təcrübə yaratmağı bacaran ölkədir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində meydana çıxan reallıqlardan danışdı: "Məlum oldu ki, bütün çətinliklərə, koronavirus pandemiyasının gətirdiyi təhlükəyə baxmayaraq, Azərbaycan vaxtında qabaqlayıcı tədbirlər görməklə həm iqtisadi fəallıq, həm də vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm uğurlar əldə edib. Bu iki mühüm faktorun öncəliyinə gəldikdə isə ölkə başçısı ilk növbədə vətəndaşların sağlamlığının vacibliyini xüsusi olaraq vurğulayaraq bildirdi ki, əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə iqtisadiyyata minimum ziyan vurmaqdır: "Çünki biz açıq-aydın başa düşürük ki, məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada iki amil arasında seçim etməliyik - iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır - insanların sağlamlığı". Düşünürəm ki, bu mövqe Azərbaycan vətəndaşlarının sağlamlığı və səhhətinin daima Prezidentin diqqət mərkəzində olmasından xəbər verməklə elə sosial siyasətin də əsaslarını təşkil edir.

Koronavirus pandemiyasına qarşı Azərbaycan effektiv mübarizə aparan ölkələr sırasındadır. Müşavirədə qeyd edildi ki, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat həcmindədir. Bu olduqca böyük məbləğdir və kifayət qədər effektiv nəticələr əldə etməyimizə səbəb olacaq. Ancaq digər istiqamətlər üzrə əlavə maliyyə mənbələri nəzərdə tutulur ki, bu da tibbi avadanlıqların və vasitələrin təmin olunmasına xidmət edəcək.

Başqa bir istiqamət isə sosial təminatı zəif olan vətəndaşlarımıza birdəfəlik yardımların ödənilməsidir ki, bu da bu ilin birinci rübündə bütün sosial ödənişlər üzrə 2,3 milyon vətəndaşımıza 1,5 milyard manat məbləğində sosial ödənişlərin həyata keçirilməsidir.

Bundan əlavə, kommunal xidmətlərin güzəştli şərtlərlə ödənilməsi, müvafiq sosial təbəqəyə mənsub olan vətəndaşlarımızın təhsil haqlarının dövlət tərəfindən qarşılanması haqqında qərarlar qəbul edilib ki, bütün bunlar insanlarımızın yaranmış vəziyyətdə maksimum sosial müdafiələrinin təmin edilməsinə hesablanıb".

Hikmət Babaoğlu vurğulayıb ki, bu günə qədər həyata keçirilən islahatlar öz müsbət nəticələrini verməkdədir: "Bu da islahatların davamlılığını zəruri edir. Müşavirədə mövcud məhdud şərtlərdə iqtisadi inkişafın bundan sonrakı mərhələdə təmin edilməsi istiqamətlərində də xüsusi tövsiyələr və göstərişlər verildi. Bunlardan biri də ərzaq təhlükəsizliyimizi təmin etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətidir. Belə ki, Prezident müşavirədə bu problemin həlli ilə bağlı müvafiq maliyyə mənbəyini göstərməklə xüsusi tapşırıqlar verdi. Ölkə başçısı qeyd etdi ki, 2020-ci il də sosial-siyasi islahatlar ili olacaq".

Deputat müxalifətin addımları ilə bağlı Prezidentin səsləndirdiyi fikirləri belə şərh edib: "Müşavirədə ölkə başçısının toxunduğu ən mühüm məsələlərdən biri də pandemiyadan sui-istifadə etmək istəyən marjinal qrupların antimilli fəaliyyətlərinin ifşası ilə bağlı idi. Prezident haqlı olaraq belə radikal qruplaşmaların hakimiyyətə deyil, dövlətə və millətə qarşı müxalif mövqedə olduqlarını bildirdi. Dünyanın heç bir yerində öz xalqının ən çətin vaxtlarında onun maraqlarına zərbə vuracaq müxalifət yoxdur. Bunu edənlər xalqın düşmənləridir.

Azərbaycan xalqı milli birlik və həmrəylik nümayiş etdirərək öz Prezidenti ilə birgə hərəkət etməklə bütün dünyanı təhdid edən koronavirus təhlükəsi və onun gətirdiyi iqtisadi, maddi çətinliklərin öhdəsindən layiqincə gəlməyi bacaracaq".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm