Bu, iqtidarın müxalifətlə münasibətlərinə verdiyi önəmin göstəricisidir - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu, iqtidarın müxalifətlə münasibətlərinə verdiyi önəmin göstəricisidir - Deputat

“İqtidar-müxalifət dialoqunun təşəbbüskarı və daim bunun üçün önəmli addımlar atan, ilk növbədə, hakim Yeni Azərbaycan Partiyasıdır”.

Publika.az xəbər verir ki, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadə qeyd edib.

Son zamanlarda iqtidar-müxalifət münasibətlərindəki irəliləyişlərdən danışan deputat bildirib ki, YAP-ın təşəbbüsü ilə zaman-zaman görüşlər keçirilib, müəyyən məsələlər müzakirə edilib: “Həmçinin müxalif partiyaların Azərbaycanda fəaliyyət göstərməsi üçün həm qanunlarda müvafiq zəmin yaradılıb, həm də real addımlar atılıb. Ötən parlament seçkilərindən sonra Milli Məclisin rəhbər heyətinə müxalifət və bitərəflərin də öz nümayəndələrinin seçilməsin iqtidarın müxalifətlə münasibətlərə böyük önəm verdiyini göstərir. Ötən ilin noyabr ayında Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaranması və bu şöbənin bütün siyasi qüvvələr, o cümlədən, müxalif partiyalarla mütəmadi olaraq sıx əlaqə saxlaması iqtidarın bu məsələyə münasibətinin göstəricisidir. Hesab edirəm ki, bütün məsələlər üzrə iqtidar müxalifətlə dialoq aparmağa, məsləhətləşmələr keçirməyə, müzakirələrə hazırdır. Bununla bağlı da hər hansı bir problem yoxdur”.

A.Mirzəzadə vurğulayıb ki, iqtidarın münasibət saxladığı siyasi qüvvələr arasında eyni zamanda radikal qüvvələr də var: “Yəni o demək deyil ki, radikal qüvvələr hakimiyyətlə münasibətdən geri çəkiliblər. Amma hansı siyasi qüvvə hakimiyyətlə danışıqlardan imtina edirsə və ya yerinə yetirilməsi mümkün olmayan ilkin şərtlər irəli sürüsə, bu, artıq ölkədə gedən proseslərdən özünü kənarda qoymasıdır. Bu məsələdə, ilk növbədə, onlar təmsil etdikləri sosial bazanın maraqlarını hakimiyyətə çatdırmaq imkanından özlərini məhrum edirlər”.

Deputatın sözlərinə görə, hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq baş tutur və artıq bu dialoqun ilkin müsbət təzahürləri görünür: “Azərbaycanın bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq ona öz müsbət münasibətini bildirirlər. Növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm