Politoloq: "Buna görə birbaşa özləri məsuliyyət daşıyırlar"
Bizi izləyin

Nida Təhlil

Politoloq: "Buna görə birbaşa özləri məsuliyyət daşıyırlar"

Milli Şura qapalı onlayn toplantılarının Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən dinlənilməsinə dair bəyanat yayır, sosial şəbəkələrdə özünə bəraət qazandımaq üçün müxtəlif variantlardan istifadə edir, vay-şüvən qoparır. Əlbəttə, reallıq hissini itirmiş bir qrup adamın toplaşdığı bu şuranın reallıqdan uzaq çabaları başadüşüləndir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Aynur Camalqızı Milli Şuranın Azərbaycan təhlükəsizlik orqanlarını kibercinayətdə ittiham etməsi haqda danışarkən deyib. Politoloq bildirib ki, Azərbaycanın təhlükəsizlik orqanları dövlətin, xalqın təhlükəsiz yaşamasının əsas qarantıdır və bu məntiqlə onların ölkəmizi maraqlandıran hər qruplaşmanı diqqətdə saxlaması olduqca zəruri bir məsələdir:

“Əvvəla, bir daha qeyd edək ki, canlı olaraq yayımlanan bu “müzakirə”lərin müxtəlif parçalarının yayılmasında heç bir kibercinayətkarlıq elementi yoxdur. Axı, özləri canlı yayımda olduqlarını elə sözügedən videoda birbaşa bəyan edirlər! İkincisi, tutaq ki, kibercinayətkarlıqdır, dinlənilib və s. Milli Şuradakı kəslər bu bəyanatla özləri də bilmədən Azərbaycan təhlükəsizlik orqanlarının bir dövlət olaraq təhlükəsizlik sahəsində necə üstün bacarığa, peşəkarlığa sahib olduğunu bəyan etmiş olurlar. Çox qəribədir, bu adamlar nə gözləyirdilər ki? Məgər Azərbaycan dövləti ölkənin təhlükəsizliyinə hansısa bir formada təsir edəcək prosesi diqqətdən kənarda qoymalı idi? Onlar bunumu istəyirlər? Təhlükəsizlik orqanlarının gözünü, qulaqlarını qapayıb hər şeydən xəbərsiz fəaliyyət göstərməsinimi istəyirlər? Dünyanın normal ölkələrində təhlükəsizlik xidmətinin fəaliyyət istiqamətlərindən biri də bu deyilmi? Bəlkə elə siz terrora hazırlaşırsınız, üsyana, qiyama qalxırsınız? Siz və ümumiyyətlə, bəlli auditoriyaya çıxış imkanı olan istənilən kəs niyə izlənməməlidir? Bu necə dövlətçilik təfəkkürüdür?! Şəxsən mən bir Azərbaycan vətəndaşı kimi fəxr edirəm və sevinirəm ki, yaşadığım ölkənin təhlükəsizlik orqanlarının aça bilmədiyi qapı yoxdur. Əminəm ki, bu, mənim kimi yüzminlərlə vətəndaşımıza güvəndə olduğunu hiss etdirir”.

Politoloq dünya praktikasında bənzər halların yaşandığını xatırladıb:

“Dünyanın öndə gələn ölkələrinin kəşfiyyat orqanlarının daha irimiqyaslı dinləmələr həyata keçirdiyini bilmirikmi? ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Zelenski ilə danışığından tutmuş, bu dünya nəhənginin ayrı-ayrı liderlərin ikitərəfli danışıqlarına qədər nələri və kimləri dinlədiyi haqda hamı məlumatlıdır. Elə Milli Şuranın üz tutduğu Feysbukun sahibi Mark Zukerberq milyonlarla insanın şəxsi məlumatlarını kəşfiyyat orqanlarına ötürdüyünü açıq etiraf edib, bunun təhlükəsizlik məqsədilə olduğunu bildirmədimi? Həmçinin, Vikiliksin tirajladığı sənədlərdə kimlərin və necə dinlənildiyi üzə çıxmadımı? Milli təhlükəsizliyə cavabdeh olan qurum istənilən şübhəli obyekti dinləməlidir! Yəni Milli Şuranın “daş atıb başını tutduğu” proses dünyanın müxtəlif ölkələrində dəfələrlə müşahidə edilib. Birmənalı olaraq belədir: güclü dövlət ölkənin taleyinə təsir edəcək istənilən prosesi, hətta yazışmanı da diqqətdə saxlayırlar, qaranlıq və şübhəli mənbədən maliyyələşən hansısa şura isə ümumiyyətlə diqqətdə saxlanılır və ya saxlanılmalıdır”.

A.Camalqızı vurğulayıb ki, Milli Şurada təmsil olunan şəxslər şəffaf yaşamağı, intellektli olmağı və normal müzakirə aparmağı bacarmırlar və nəticə olaraq da ortaya belə bir gülünc vəziyyət çıxır:

“Onlayn keçirilən müzakirədə ayrı-ayrı şəxsləri, partiya liderlərini, siyasətçiləri ən ağır formada, küçə söyüşləri ilə təhqir edən bu adamlar səviyyəsizliklərini etiraf edib, yenilənmək, dəyişmək, intellektlərini artırmaq yolu tutmaq əvəzinə özlərinə bəraət qazanmaq üçün saman çöpündən belə yapışırlar. Öz əqidədaşlarını təhqir edirlər, bu rüsvayçılıqları ortaya çıxanda isə izləndiklərindən şikayətlənirlər. Halbuki çıxıb əqidədaşlarından da, ölkə ictimaiyyətindən də üzrxahlıq edib, səhvlərini boyunlarına alıb, dəyişdiklərini və yaxud bu rüsvayçılığa görə siyasətdən getdiklərini elan etməlidirlər. Deməlidirlər ki, bizi bağışlayın, üzr istəyirik, səhv eləmişik, yanlış siyasət yürütmüşük. Həmin şəxslər bunu etmək əvəzinə həmişə olduğu kimi, Azərbaycan xüsusi xidmət orqanlarını ittiham etməyə qalxırlar”.

Politoloq deyib ki, Milli Şuranın etiraz etdiyi nüanslardan biri də guya sosial şəbəkə hesablarının, kanallarının Azərbaycan təhlükəsizlik orqanları tərəfindən bloklanmasıdır:

“Bu məqamda da cəmiyyəti aldatmaq istəyirlər. Sosial şəbəkədəki kanalı bloklamaq şəbəkə administratorunun səlahiyyətidir. Bu adamlar əhatə dairələrindəki bəlli ünsürlərə aid, başdan-sonacan söyüşlə, əxlaqsızlıqla dolub-daşan kanalların bloklanmasını da Azərbaycan hakimiyyətinin üstünə atmağa çalışırlar. Halbuki hansısa Yutub kanalının bağlanmasına görə birbaşa özləri məsuliyyət daşıyırlar. Çünki sözügedən və adını açıqlamaq istəmədiyimiz kanallarda hər cür qanunsuzluq, cinayət – söyüş, terrora çağırış təbliğ olunur və bu da sosial şəbəkə qaydalarına ziddir. Yutubun tələbləri var, söyüş, şiddət, xaosa çağırış, ayrı-seçkilik və s. təbliğatı qəti qadağandır. Bunlar nə beynəlxalq, nə də milli standarta uyğun davranırlar. Əslində, bu prosesdə hakim Yeni Azərbaycan Partiyasının gəncləri çox passiv iştirak edirlər və ya heç iştirak etmirlər. Düşünürəm ki, YAP gəncləri ölkəmizin milli mənafeyinə, adət-ənənələrinə və əxlaq sisteminə zərbə vuran bu “Söyüş TV”-lərin bağlanması üçün aksiya başlatmalıdır. YAP gəncləri həmin adamların Yutub kanallarında söydükləri söyüşləri, təhqirləri, çağırışları tərcümə edərək sosial şəbəkə administrasiyasına göndərərsə, onların “siyasi mübarizəsinin” ruporları dərhal bağlanar. Lakin görünür, bu sahədə passivlik Milli Şura adlı qruplaşmanın əl-qolunu açıb”.

A.Camalqızı sonda bir daha xatırladıb ki, siyasi mübarizə apardığını iddia edən şəxs nümunəvi davranışları, şəffaf həyatı, açıq və qanunauyğun düşüncəsi, bəlli maliyyə qaynağı ilə fəaliyyət göstərməli olduğunu dərk etməlidir:

“Siyasi mübarizə aparırsansa, deməli, düşünərək şəxsi həyatından, gizliliklərdən, konfedensiallıqdan imtina edirsən. Bu cür yaşamağa, işləməyə intellektin, savadın, qabiliyyətin və şəffaf maliyyən yoxdursa, MŞ-dakılar kimi rəzil olmaqdan başqa perspektiv yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm