Azərbaycan ərazi bütövlüyünün bərpasına mütləq nail olacaq - Deputat
Bizi izləyin

Nida Təhlil

Azərbaycan ərazi bütövlüyünün bərpasına mütləq nail olacaq - Deputat

“İşğalçı dövlətin heç bir mənəvi, hüquqi haqqı yoxdur ki, ərazilərinin 20 faizini işğal etdiyi bir ölkənin zabitini nədəsə ittiham etsin və üstəlik də öz tələbinə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə bəraət qazandırmış olsun”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı ermənilərin Azərbaycanı günahlandırması məsələsinə münasibətində bunları deyib:

“Ermənilər Ramil Səfərov məsələsi ilə əlaqədar AİHM qarşısında iddia qaldıraraq, cinayət işinin yenidən başladılmasını, eyni zamanda Azərbaycan Prezidentinin imzaladığı əfv fərmanının ləğv edilməsi ilə bağlı tədbirlər görülməsini tələb ediblər. Həmçinin Ramil Səfərovun azadlığa buraxılmasında Azərbaycan dövlətini ittiham etməyə cəhd göstəririrlər. Şübhəsiz ki, onlar bu məqsədlərinə çata bilmədilər. Avropa İnsan Hüquqları Məhkəməsi nə cinayətin yenidən başladılması ilə, nə də hər hansı tədbir görülməsi ilə bağlı qərar qəbul etmədi. Bu, əslində ermənilərin Avropa hüququ qarşısında növbəti məğlubiyyəti deməkdir. “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” - işin adı bu cür idi. Əlbəttə ki, işğalçı dövlətin heç bir mənəvi, hüquqi haqqı yoxdur ki, ərazilərinin 20 faizini işğal etdiyi bir ölkənin zabitini nədəsə ittiham etsin və üstəlik də öz tələbinə AİHM-nin qərarı ilə bir bəraət qazandırsın.

Şübhəsiz ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin aldığı qərarı doğru hesab edir, çünki bu qərarda ermənilərin heç bir iddiası təmin edilməyib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu məsələ ilə bağlı təkcə ermənilər deyil, eyni zamanda erməni lobbisi və ermənipərəst mərkəzlər də AİHM-ə təzyiqlər edirdilər, müxtəlif vasitələrlə onları qəbul edəcəkləri hüquqi qərardan yayındırmağa çalışırdılar, lakin buna nail ola bilmədilər. Ona görə ki, Azərbaycan güclü dövlətdir, beynəlxalq hüququn ən əhəmiyyətli milli aktorlarından biridir və eyni zamanda işğala məruz qalan tərəfdir. Belə olan halda hansısa hadisəni manipulyasiya edərək, müstəqil dövlətin hegemon iradəsinə hər hansı beynəlxalq məhkəmənin qərarını direktiv kimi tətbiq etmək mümkün ola bilməz”.

H.Babaoğlu vurğulayıb ki, AİHM-nin aldığı qərarda beynəlxalq hüquq və onun tətbiqi texniki baxımdan məhkəmə tərəfindən düzgün şərh edilib:

“Şübhəsiz ki, ermənilərin Azərbaycana qarşı qaldırdıqları iddialar bundan sonra da bu və ya digər şəkildə istər hüquq-məhkəmə sistemində, istərsə də siyasi qərarların qəbul olunduğu digər beynəlxalq təşkilatlarda rədd ediləcək. Azərbaycan son məqsədinə - ərazi bütövlüyünün bərpasına mütləq nail olacaq”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm