“Üzdəniraq insanlar sosial şəbəkələrdən istifadə etməklə əxlaqsız davranışlar sərgiləyirlər” - Politoloq
Bizi izləyin

Nida Təhlil

“Üzdəniraq insanlar sosial şəbəkələrdən istifadə etməklə əxlaqsız davranışlar sərgiləyirlər” - Politoloq

“Sosial şəbəkələr bəşəriyyətin intellektual imkanlarını açıb üzə qoysa da özü ilə bərabər bir çox neqativ halları da gətirdi. Biz informasiya əsrində yaşayırıq. İnformasiya cəmiyyətinin qurulması qarşıda duran əsas problemlərdən biridir. İnternet və sosial media vasitələri bu gün informasiya mübarizəsində və cəmiyyətlərin qurulmasında, bəşəriyyətin zehni cəhətdən zənginləşməsində böyük rol oynayır. Amma bundan başqa məqsədlər güdənlər də kifayət qədərdir. Bu baxımdan ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsi ilə bağlı verdiyi qərarı uğurlu hesab edirəm”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bu sistemin üstünlüklərindən bəd niyyətlər üçün istifadə edənlər var:

“Terrorçular bu vasitələrdən istifadə edərək özlərinin terrorçu əməllərini və təlimatlarını bütün dünyadakı şəbəkələrinə yaya bilirlər. Bunun təlükəli cəhətləri ondan ibarətdir ki, bir sıra üzdəniraq insanlar həmin şəbəkələrdən istifadə etməklə söyüş, təhqir və əxlaqsız davranışlar sərgiləyirlər. Bu da sosial şəbəkələrlə cəmiyyətin mənəvi əsaslarını silkələmək, onun dayanıqlığını tərpətmək məqsədi güdür. Müxtəlif cəmiyyətlərdə əxlaqi duruma ciddi zərbələr vururlar. Bu baxımdan Donald Trampın qərarı dürüst təlimatdır”.

Politoloq qeyd edib ki, bu qanun həm də sosial şəbəkələrin ciddi qanunvericilik əsasında fəaliyyət göstərməsinə imkanlar yarada bilər: “Hər bir hərəkət konkret qanunlar çərçivəsində edilməlidir. Edilən hərəkətlərdə cinayət tərkibi və cəmiyyətə zidd hallar olarsa bunlar cəmiyyətin qanunları ilə mühakimə edilməli və qarşılarını almaq imkanı olmalıdır. Zənnimcə, Trampın bu müraciətindən sonra sosial şəbəkələr üzərində nəzarət güclənəcək və onun qanunvericilik bazası işlənib hazırlanacaq. Bundan sonra sosial şəbəkələr yalnız ictimai tərəqqiyə, informasiya cəmiyyətinin güclənməsinə və elmi-texniki biliklərin mübadiləsinə xidmət edəcək. Bəzi üzdəniraq insanlar isə etdikləri bəd əməllərə görə cavab vermək məcburiyyəti qarşısında qalacaqlar”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm