Bizi ölümə aparan laqeydlik: koronavirusa yoluxma halları niyə çoxalır?
Bizi izləyin

Nida Təhlil

Bizi ölümə aparan laqeydlik: koronavirusa yoluxma halları niyə çoxalır?

Xüsusi karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxma hallarının artması müşahidə olunur. Mütəxəssislər artıq pandemiyanın ikinci dalğasının başladığını istisna etmirlər.

Son statistika da ürəkaçan deyil: 31 mayda 248 yeni yoluxma, 2 ölüm, 1 iyunda 168 yeni yoluxma, 5 ölüm faktı qeydə alınıb. Koronavirusdan vəfat edənlərin sayı 68, hazırda müalicə olunanların sayı isə 2086 nəfərdir. (Rəqəmlər hər gün dəyişir).

Karantin rejiminin sərt tətbiqi dövrü ilə yumşalma dövrü arasındakı yoluxma və ölüm hallarının kəskin fərqi gözlənilən idi. Dünyanın digər ölkələrində də bu proses müşahidə olunur.

Mütəxəssislər pandemiyaya qalib gəlməyin iki yolunun olduğunu hesab edirlər.

Birincisi, dərmanın tapılmasıdır. Hazırda müxtəlif ölkələrdə bununla bağlı araşdırmalar davam edir. Dərmanın tapılması dövrünə qədər tibb istiqamətində görülməli olan əsas tədbir testlərin keçirilməsidir. Test sayının çox olması yoluxma faktlarının vaxtında qeydə alınması və yayılmanın genişlənməsinin qarşısını almağa kömək edir. Azərbaycan hökuməti bu məsələdə lazımi addımları atmağa davam edir: indiyə qədər 302.933 test keçirilib; koronavirus xəstələrinə xidmət edən xüsusi laboratoriyalar fəaliyyət göstərir, eləcə də pandemiya ilə mübarizə aparan yeni klinikalar istifadəyə verilib.

İkincisi, kütləvi immunitentin formalaşmasıdır. Bunun üçün vətəndaşları üzərinə böyük məsuliyyət düşür. Hər kəs fərdi sağlamlığına fikir verərsə, orqanizmin virus qarşısında tədricən immunitent qazanacağı və adiləşəcəyi gözlənilir.

Maska və sosial məsafə: bu iki amil bu günlərdə həyati əhəmiyyət daşıyır. Maska taxmaqdan və sosial məsafədən imtina yoluxma halının dəfələrlə artacağını qaçılmaz edəcək.

Artıq Azərbaycanda tibbi maskadan istifadə etməməyə görə cərimələr müəyyənləşib. Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə fiziki şəxslərin 50 manat məbləğində, vəzifəli şəxslərin 100 manat, hüquqi şəxslərin 200 manat məbləğində cərimə edilməsini nəzərdə tutur. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək. Dəyişikliklər III oxunuşda qəbul olunub.

Bu cərimələr vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır. Çünki virusu hələ də ciddiyə almayan və bütövlükdə cəmiyyətin sağlamlığını təhlükəyə atan vətəndaşlar var. Belə şəxslərin laqyedliyinin qarşısını almaq üçün dövlət cərimələr tətbiq edir. Lakin cəmiyyət ictimai qınaq rıçağını işə salmasa pandemiya ilə mübarizə çətinləşə bilər.

Bu gün Bakı metrosunda baş verən insident də sübut etdi ki, ölkədə virusa və öz sağlamlığına laqeyd olan insanlar digərlərinin həyatını təhlükə altına atır.

Metronun Qara Qarayev stansiyasında tibbi maskadan istifadə etməyən, polisin karantin qaydalarına riayət etməsini nəzərə almayan vətəndaşla polislər arasında qarşıdurma yaşanıb. Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, krantin qaydalarını pozan vətəndaşlar saxlanılıb.

Pandemiya ilə mübarizənin yeganə yolu budur və bu mübarizədə cəmiyyət öz sağlamlığı naminə həssas olmalıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm