• USD 1,7000 0,00% EUR 1,9230 +0,22%
    • GBP 2,1260 +0,08% RUB 0,0237 -0,84%

İrəvanın bağışlanması SƏHVİ: Torpaqlarımızda erməni dövlətini kimlər yaratdı?

İrəvanın bağışlanması SƏHVİ: Torpaqlarımızda erməni dövlətini kimlər yaratdı?

Azərbaycanın qədim şəhəri olan İrəvan paytax üçün ermənilərə niyə və kimlər tərəfindən bağışlandı?

Prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı bir əsrlik yaşı olan bu sualı yenidən gündəmə gətirdi.

İrəvanın Azərbaycanın qədim torpağı olan olduğunu xatırladan dövlət başçısı bildirib: “Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi? Dağlıq Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi? Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimiz Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər? Hansı adam? Qoy dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona görə bilirsiniz mifologiyaya düçar olmaq ən axırıncı şeydir”.

İrəvanın ermənilərə paytaxt kimi verilməsi faktiki olaraq Ermənistan adlı dövlətin yaradılması və bu ölkənin Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməsi ilə nəticələndi.

Bu tarixi səhv necə baş verdi?

Tarixi faktlara görə, Osmanlı Türkiyəsi “erməni təhlükəsini” özündən uzaqlaşdırmaq üçün gələcək erməni dövlətinin Azərbaycan ərazisində yaradılması siyasətini yeridirdi.

İrəvanın ermənilərə verilməsi məsələsi 1918-ci il 11 may - 4 iyun tarixində Osmanlı və Zaqafqaziya Seymi nümayəndələrinin iştirakı ilə keçirilən Batum konfransında müzakirə olunurdu. Konfransdan qayıdan Azərbaycan nümayəndə heyətinin üzvü Nəsib bəy Usubbəyov Zaqafqaziya seyminin sabiq üzvlərinin 27 may 1918-ci il tarixli fövqəladə iclasında bildirirdi ki, “Türkiyə nümayəndə heyətinin fikrinə görə, Zaqafqaziyanın tərəqqisi üçün ən başlıca təminat Zaqafqaziya xalqlarının həmrəyliyi və birliyidir ki, buna nail olmaq üçün Azərbaycan tərəfi ermənilərə müəyyən qədər ərazi güzəştə getməlidir”.

Osmanlının hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövlətinin yaradılması məsələsinə görə fikir ayrılığı da var idi. Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinəydilər və bu məsələdə “çibanı kökündən təmizləmək” tərəfdarı idilər. Bu mümkün olmadıqda “Ermənistanın çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsini” təklif edirdilər. Lakin, Tələt paşa və Ənvər paşadan fərqli olaraq, Batum danışıqlarında Türkiyə nümayəndə heyətinə başçılıq edən Dövlət Şurasının sədri və Ədliyyə naziri Xəlil bəy Menteşə və Osmanlı Orduları Qafqaz Cəbhəsinin komandanı Ferik Mehmed Vehib paşa Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmağın tərəfdarı idilər. Onlar güman edirdilər ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Türkiyə-erməni münasibətləri biryolluq nizama salınacaq, həm də “erməni məsələsi” ilə bağlı Türkiyəyə qarşı beynəlxalq qınağa son qoyulacaqdır.

Tarixi sənədlərə görə, Azərbaycan tərəfi də Tələt paşa və Ənvər paşanın “çibanı kökündən təmizləmək” siyasətinin əleyhinə idi və “kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi. Belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri M.H.Hacınski və M.Ə.Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər Paşaya xüsusi müraciətnamə göndərmişdilər. Azərbaycanda “kiçik bir erməni kantonunun” yaradılmasını təklif edənlər hesab edirdilər ki, bu güzəşt müqabilində ermənilərin Türkiyə ərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən Bakıya axınının qarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımılarını dayandıracaqlar və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Həm də bu addımın böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacağı hesab olunurdu.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il il qərarı ilə İrəvan ermənilərə verildi və Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaradıldı.

Ermənilərin İrəvanın və Azərbaycana məxsus digər ərazilərin onlara verilməsi müqabilində üzərinə götürdükləri və heç vaxt əməl etmədikləri öhdəliklər:

1. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi Stepan Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır. Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı imperiyası ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında 1918-ci il iyunun 4-də Batumda bağlanmış “Sülh və Dostluq” müqaviləsində təsbit olundu. Batum müqaviləsinin 11-ci maddəsinə əsasən Ermənistan Respublikası hökuməti erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürdü.

2. Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaqdır.

3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü.

4. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.

5. Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.

Əslində nə baş verdi?

İrəvanı və digər əraziləri alandan sonra ermənilər öhdəliklərindən imtina etdilər və Azərbaycan torpaqlarının işğalı prosesini davam etdirdilər.

1918-ci il mayın 29-da 9 min kvadrat kilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonradan digər ərazilərin işğalına başladı: 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində boşlevik Rusiyasının birbaşa köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından 535096 desyatin (5832,82 km2) , Naxçıvan MSSR-dən 657 km2, Cəbrayıl qəzasından Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 km2-ə çatdırıldı.

XX əsrin sonunda SSRİ-nin dağılması ərəfəsində ermənilərin Azərbaycana qarşı ərazi iddiaları yenidən baş qaldırdı və I Qarabağ müharibəsinin nəticəsində Azərbaycan ərazilərinin daha 20 faizi Ermənistan tərəindən işğal edildi. Tarix sübut etdi ki, böyük dövlətlərin xoşuna gəlmək və ermənilərin iddialarının qarşısını almaq üçün Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasını qəbul edənlər Prezident İlham Əliyevin bu gün dediyi kimi, bağışlanmaz səhv edib. Son 100 ildə ermənilər tərəfindən ələ keçirilən torpaqlarımızın bir qismi Prezident İlham Əliyev tərəfindən “aprel müharibəsi” və Günnüt əməliyyatları nəticəsində azad olunub, lakin böyük qismi hələ də işğal altındadır. Dövlət başçısının bir əsr öncəki tarixi gerçəyi gündəmə gətirməsi də məhz son bir əsrdə ermənilərə verilən və onların işğal etdikləri ərazilərimizin azad edilməsi istiqamətində yeni addımlardan biridir.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR