Heydər Əliyevin qayıdışı... - Azərbaycan 28 il öncə nələrdən qurtuldu? - VİDEO
Bizi izləyin

Nida Təhlil

Heydər Əliyevin qayıdışı... - Azərbaycan 28 il öncə nələrdən qurtuldu? - VİDEO

Video əlavə olunub.

xxx

Bu gün – 15 iyun Azərbaycan xalqı Milli Qurtuluş tarixinin 28-ci ildönümünü qeyd edir, həm də 28 il öncə - AXC-Müsavat hakimiyyəti dövründə yaşadıqlarını yenidən xatırlayır, “Heydər Əliyev gəlməsəydi, nələr olacaqdı” sualını yenidən gündəmə gətirir və bir daha “Yaxşı ki, canımız Xalq Cəbhəsinin əlindən qurtardı” deyir, mərhum prezident Əbülfəz Elçibəyin dediyi kimi: “Xalq deyir ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən”.

Həmin tarixdən 28 il keçib və Azərbaycanda xalq hakimiyyəti qurulub: daha insanlar küçədə soyulmaq, fiziki təqibə məruz qalmaq qorxusu ilə gəzmir, ölkədə qanunları “yazan və pozan”, “yazılmamış qanunlar” qoyan dəstələr yoxdur, ordu silahlı qruplaşmaların əlində əsir deyil, komandirlərlə məmurlar “nüfuz davası” aparmır, çörək növbələrinə dayanmır, “ağ çörəyin” xəyalı ilə yuxuya gedən insanlar qara çörək uğrunda bir-birini döymür, ölkə bölünmək təhlükəsi ilə üz-üzə deyil...

Adətən ölkələri idarə edən hakimiyyətlərdən “indiyə qədər nə etmisən” deyə soruşurlar, lakin AXC-Müsavat idarəçiliyində yaşananlar Azərbaycanda mövcud iqtidardan “nə etmisən” sualını soruşmağa ehtiyac yeri qoymur.

Onların etdiyini etməmisənsə, deməli çox şey etmisən”. Keçmiş iqtidar ölkədə bu siyasi aksiomanın yaranmasına səbəb oldu. Hərçənd, ötən 28 ildə Azərbaycanda inkişaf səviyyəsi hazırki iqtidara “nə etmisən” sualına əminliklə cavab vermək imkanı yaradır. Lakin AXC-Müsavat iqtidarının etdiklərini etməmək bu ölkə üçün çox şey etmək deməkdir.

28 il ərzində ölkədə görülən işləri – sosial, iqtisadi, hərbi sektorlar daxil olmaqla bütün istiqamətlərdə müşahidə olunan irəliləyişləri saymağa ehtiyac yoxdur, bunu sayıb bitirmək də mümkün deyil.

Lakin dağıntılar üzərində Azərbaycan adlı məmləkətin necə qurulduğunu təkrar-təkrar dilə gətirməli, qaranlıq 90-cı illərin bir daha təkrarlanmaması üçün unutmamalıyıq.

1993-cü ilin may ayının 25-də Prezidentin İcra Aparatında keçirdiyi hüquq-mühafizə orqanları işçilərinin müşavirəsinin stenoqramı əslində haradan hara gəldiyimizi və ölkənin nələrdən qurtulduğunu əyani şəkildə göstərir.

Dövlət katibi: “Respublikada mafioz qüvvələr güclənir və onlar ölkəni, demək olar ki, idarə edir”.

Baş prokuror: “İflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlamalıdır”.

Ədliyyə naziri: “Hakimiyyətimiz dövründə rüşvətxorluq kommunist dövründəkindən də çoxalıb”.

Gömrük Komitəsi sədri: “Xalqın qabağında dayanan oğlanlar bu gün pulun qabağında dayana bilmir”.

Ali Məhkəmə sədri: “Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir”.

Ən dəhşətli məqam həmin iclasda Prezident Əbülfəz Elçibəyin baş prokurora dedikləri idi.

Xarici iqtisadi əlaqələr pozulur, benzin, neft, taxıl respublikadan dağıdılır. Azərbaycanın rayonlarında benzin tapılmır. Amma Ermənistan Azərbaycan neftini aparır, özü də tonla. Bunu adi vətəndaş da bilir. Xalq deyir ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Heç kim, heç birimiz bu yolla axıra qədər gedə bilməyəcəyik. Bunu birdəfəlik hamınız yaxşı bilin. Bu xalq əgər azadlıq və demokratiya uğrunda mübarizə aparırsa, bu xalq əgər böyük imperiyadan canını qurtara bilirsə, gələcəkdə aramızda olan bu adamların canı xalqın əlindən qurtarmayacaq. Prokurorluq da, məhkəmə də, xahiş edirəm, buna cavab versin: bu gün bu respublika niyə dağılır?”, – Elçibəy soruşurdu.

Elçibəyin “bu gün respublika niyə dağılır” sualına hökumət üzvləri cavab verə bilmirdi, çünki ölkəni dağıdanlar özləri idi.

Orduda nizam-intizam yox idi, fərarilik sürətlə artırdı, rayonlarda icra başçıları ilə hərbi komandirlər arasında mənsəb davası baş alıb gedirdi, ölkə parçalanmaq həddinə çatmışdı, bir tərəfdə “Sadval”çılar, digər tərəfdə Hümbətovun dəstəsi, bunlara paralel olaraq, Sürət Hüseynovun hərbi dəstələri… İqtidar vəziyyətə nəzarət edə bilmir, hər kəs öz kreslosunun qayğısındadır, ordu daxilində vəzifəli şəxslərə bağlı silahı dəstələr hakimiyyət davası aparmaq üçün Bakıya gətirilir, səngərlər boşalır və işğalçı Ermənistan torpaqlarımızı zəbt etməyə davam edirdi...

15 iyun 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalq xilas oldu. Yenidən əsarət altına düşməkdən, dövlətsiz qalmaqdan xilas oldu və Elçibəyin dediyi kimi, “canı Xalq Cəbhəsindən qurtuldu”. Xalq anlayırdı ki, yeganə çıxış yolu məhz Heydər Əliyevin qayıdışıdır, buna görə də onun Bakıya gəlməsində sona qədər israr etdi. Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi, 1993-cü il iyunun 15-də Ali Məclisin sədri seçildi. Onun ölkəni dağılmaqdan xilas etmək üçün atdığı addımlar və əldə olunan nəticələr haqlı olaraq, 15 iyunun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi düşməsinə əsas yaratdı.

Tarix şahiddir ki, müstəqilliyin bərpa edildiyi ilk gündən bu ölkəyə Heydər Əliyev rəhbərlik etsəydi torpaqlarımız işğal olunmayacaqdı…

Tarix unutmayıb ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları məhz Heydər Əliyevin 1987-ci ildə postundan uzaqlaşdırılmasından bir il sonra – 1988-ci ildə başladı, bu, onlar üçün ələdüşməz fürsət idi.

Və tarix ona da şahiddir ki, Heydər Əliyev dağıntılar altında qalmış Azərbaycanı xilas etdi və bugünkü güclü dövlətin təməllərini atdı.


Heydər Əliyev hakimiyyətə qayıdan kimi ölkənin parçalanması təhlükəsini aradan qaldırdı, nizami ordu yaratdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Ən əsası Azərbaycanda dövlətçilik ənənəsi formalaşdırdı.

Və tarixi faktlar təsdiqləyir ki, Azərbaycan xalqı 15 iyun gününü haqlı olaraq özünün qurtuluşu olaraq qəbul edir. Azərbaycan dövlət olaraq məhv olmaqdan, Azərbaycan xalqı millət olaraq, yenidən əsarətə düşməkdən xilas oldu.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm