Səhrada döyüş: Türkiyə, ABŞ və Rusiyanın TAXT OYUNLARI
Bizi izləyin

Nida Təhlil

Səhrada döyüş: Türkiyə, ABŞ və Rusiyanın TAXT OYUNLARI

ABŞ-ın Milli Təhlükəsizliyi üzrə Yəhudi İnstitutu (JİNSA) Türkiyə-Amerika münasibətləri, Türkiyənin Liviyada varlığı və Vaşinqtonun bölgədəki siyasi seçimləri ilə bağlı mövzuları müzakirə edib.

Publika.az
xəbər verir ki, ABŞ İnkişaf Mərkəzinin Türkiyə üzrə mütəxəssisi Alan Makovski və ABŞ Xarici Siyasət Mərkəzinin Türkiyə üzrə eksperti Svante Kornell yanvar ayında əsgər göndərərək, bölgədəki müharibəyə daxil olan Türkiyənin Liviyada olmasının səbəblərini açıqlayıblar.

Türkiyə 2019-cu ilin noyabr ayında Liviyada Milli Razılıq Hökuməti ilə imzaladığı hərbi və təhlükəsizlik üzrə əməkdaşlıq sazişi çərçivəsində bu hökumətə kəşfiyyat və hərbi dəstək verir.

Alan Makovski və Svante Kornell Türkiyənin bölgədə geostrateji və iqtisadi maraqlarının olduğu, eləcə də bölgədə güc nümayişi göstərdiyi fikri ilə razıdırlar.

S.Kornell hesab edir ki, Liviyada Milli Razılıq Hökuməti “Müsəlman Qardaşları”na yaxın idealogiyaya sahibdir və Türkiyənin mövcud hakimiyyəti bu idealogiyanı dəstəkləyir: “Lakin son dövrlərə qədər Liviya Türkiyə üçün o qədər də geosiyasi önəmə sahib bölgə deyildi. 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyə Rusiya ilə yaxınlaşdı. Suriyada bunu açıq şəkildə gördük, indi də Liviyada ABŞ-a qarşı eyni mövqe nümayiş etdirilir”.

Onun sözlərinə görə, ABŞ buna cavab olaraq Liviyada Türkiyə-Rusiya yaxınlaşmasını qırmağa çalışır.

A. Makovski isə bildirir ki, ABŞ Liviyada Türkiyəni gizli formada dəstəkləyir.

“Türkiyə prezidenti Ərdoğan həm ABŞ, həm də Rusiya ilə əlaqələr quraraq, hər iki tərəfdən bir-birinə qarşı istifadə edir. ABŞ hökumətində Türkiyəyə simpatiya bəsləyənlər və Rusiyaya qarşı olanlar birləşərək, bunu ABŞ-Türkiyə münasibətlərinin inkişafı üçün fürsət hesab edirlər. ABŞ-ın Türkiyənin Liviyaya silah göndərməsini tənqid etməməsi də diqqət çəkir. Bölgəyə göndərilən silahların bəzilərinin ABŞ istehsalı olduğu da məlumdur”, - o bildirib.

Türkiyə Liviyadakı dəstəklədiyi hökumətlə imzaladığı anlaşma sayəsində Aralıq dənizində təsir sahəsini genişləndirdi, ardınca dənizin şərq bölgəsində neft-qaz axtarışlarına başlayacağını bəyan etdi.

S.Kornellin fikrincə, ABŞ bu məsələnin iki tərəfində də yer alır: “Bir tərəfdən Liviya məsələsində konkret siyasəti yoxdur, digər tərəfdən Aralıq dənizinin şərqində Yunanıstan və Cənubi Kiprlə əməkdaşlığı davam etdirir”.

A.Makovski isə Aralıq dənizinin şərqində boru xətti çəkiləcəyi təqdirdə, ABŞ-ın bu layihədə yer almayacağını hesab edir.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi Aralıq dənizinin şərqində 700 milyard dollar dəyərində təbii qaz ehtiyatının olduğunu təxmin edir. Türkiyə bu ehtiyatlara sahib olmaq üçün Şimali Kipr sahillərində axtarış işləri həyata keçirir.

Hazırda Liviyada məcazi mənada söyləsək, səhrada döyüş gedir və bu döyüşdə tərəflərin maraqları səhra təpələri kimi hər gün yerini dəyişir - həm müttəfiq, həm də düşmən ola bilirlər: Türkiyə və Rusiyanın hər biri ölkədə bir-biri ilə döyüşən qrupları dəstəkləyir və bununla bir-birinə qarşı “vəkalət müharibəsi” aparır, amma həm də müəyyən məqamlarda razılaşa bilirlər; Rusiya Türkiyə ilə maraqlarının toqquşmasına baxmayaraq, Ankaranın Vaşinqtona yaxınalşması təhlükəsini də unutmur və bu riskə qarşı türklərlə anlaşmağın tərəfdarıdır; Türkiyə həm ABŞ-la, həm də Rusiya ilə əlaqələri inkişaf etdirir və bu ölkələrdən öz maraqları çərçivəsində bir-birinə qarşı istifadə edir; ABŞ Türkiyəni müəyyən qədər dəstəkləyir, həm də Ankaranın bölgədə güclənməsini istəmir, eyni zamanda, Türkiyəyə qarşı Yunanıstana dəstək verir;

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm