Azərbaycanda koronavirus: Dövlət vətəndaşı üçün nələr etdi?
Bizi izləyin

Nida Təhlil

Azərbaycanda koronavirus: Dövlət vətəndaşı üçün nələr etdi?

Koronavirusa yoluxanların ümumi sayı 14852, sağalanların sayı 8059, vəfat edənərin sayı 180 nəfər. Bu, Azərbaycanda koronavirusla bağlı son tablodur.

Ölkədə əhalinin sayı ilə müqayisədə yoluxanların miqyası olduqca aşağıdır. Dövlət Statistika Komitəsinin bu ilin aprelində açıqladığı statistikada əhalinin sayının 10079300 nəfər olduğu qeyd olunur. Bu, ölkədə koronavirusa yoluxanların əhalinin ümumi sayının 0, 1 faizi qədər olduğu deməkdir. Virusa yoluxanların yarıdan çoxunun sağalması isə bu faizi daha da aşağı salır.

Azərbaycan dövlətinin dünyanın bəlasına çevrilən pandemiya ilə vaxtında və effektiv mübarizə aparması əhalini böyük fəlakətdən xilas edə bildi. Xüsusilə digər ölkələrdəki mənzərə ilə müqayisədə bu daha aydın görünür.

Con Hopkins Universitetinin məlumatına görə, 25 iyuna qədər dünyada 9 milyon 455 min 953 nəfər virusa yoluxub, 483 min 217 nəfər bu virusdan ölüb. “Vorldomesters”in məlumatında isə dünyada yoluxanların sayı 9 milyon 561 min 132, ölənlərin sayı isə 485 min 631-dir.

İki məlumat arasında fərq azdır, nəticə olaraq, bütün ölkələr müxtəlif üsullarla mübarizə aparsa da, virusun yayılma arealı getdikcə artır.

“Vorldomesters” saytının son statistikasında ilk 10-luğa daxil olan ölkələr: ABŞ, Braziliya, Rusiya, Hindistan, Böyük Britaniya, İspaniya, Peru, Çili, İtaliya və İran. Onluqda ilk sırada yer alan ABŞ-da yoluxanların sayı 2 milyon 500 minə yaxınlaşır, sonuncu yerdəki İranda isə 215 mindən çox yoluxma faktı qeydə alınıb.

Koronavirus inkişaf etmiş Qərb ölkələrindən tutmuş Şərqdə böyük ölkələrə qədər bütün coğrafiyada insanların sağlamlığını, eləcə də sosial-iqtisadi münasibətləri alt-üst edə-edə gedir. Azərbaycan böyük fəlakətin əhaliyə az təsir etdiyi nadir ölkələrdəndir.

Bunun səbəbi dövlətin vətəndaşın yanında olması, zamanında və doğru addım atılması, əhalinin sağlamlığı və sosal rifahının həyata keçirilən siyasətin prioritetini təşkil etməsidir.

Prezident İlham Əliyevin 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirdiyi kimi: “Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır”.

Pandemiyanın ilk mərhələsindən etibarən dövlət bunu əyani şəkildə göstərdi.

Koronavirusla mübarizənin üç istiqaməti:

- Əhalinin sağlamlığının qorunması üçün izolyasiya tədbirləri;


COVİD-19 Çində peyda olanda ilk hərəkətə keçən ölkələrdən biri Azərbaycan idi. Əksər ölkə, xüsusilə inkişaf etmiş ölkələr epidemiyanı ciddiyə almayanda Azərbaycan virusun mənbəyi olan ölkə ilə əlaqələri məhdudlaşdırdı, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və dövlət qurumlarının fəaliyyəti koordinasiya edildi. Virus sərhədlərimizə - İrana çatanda önləyici addımlar sürətləndirildi. Tədris prosesi onlayn rejimə keçdi, teledərslərə start verildi, sərhədlər qapadıldı, aviareyslər bağlandı, ölkəyə lazımi tibbi avadanlıqlar gətirildi, koronavirusla mübarizəyə vəsait ayrıldı, Prezidentin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, bununla həm vəsait toplandı, həm də cəmiyyətdə həmrəylik yaradıldı. Xəstələr üçün karantin zonaları yaradıldı, xaricdə qalan vətəndaşlarımız çartet uçuşlarla ölkəyə gətirildi və karantinə alındı. 23 mart tarixində ölkədə xüsusi karantin rejimi tətbiq olundu, iaşə obyektləri, ticarət mərkəzləri və digər xidmət sahələri bağlandı, kütləvi tədbirlər ləğv olundu, şəhərlərarası gediş-gəliş məhdudlaşdırıldı.

Dövlət pandemiya ilə mübarizədə ən effektli olan karantin strategiyasını həyata keçirdi və mövcud nəticə, eləcə də digər ölkələrdəki vəziyyət bunun ən doğru seçim olduğunu təsdiq edir.

COVİD-19-a qarşı bir sıra ölkələr “kütləvi immunitetin yaranması” strategiyasını izlədi və yanlış etdikləri ortaya çıxdı. Misal üçün, Böyük Britaniya bu strategiyanı həyata keçirən əsas ölkə idi. Nəticə acınacaqlı oldu. Bu ölkədə dərc olunan “The Times” nəşri “İngiltərənin yatdığı yerdə fəlakətə getdiyi 38 gün” sərlövhəli məqaləsində hökuməti “fürsətləri qaçırmaqda” və “virusa laqeyd yanaşmaqda” itiham edir.

Ölkə pandemiya ilə mübarizəyə hazır olmasa da, 5 həftə vaxt itirildi. Hökumətdəki mənbələr və həkimlər yanvar və fevral aylarında virusa qarşı heç nə edilmədiyini deyirlər. Səhiyyə Nazirliyinin adı açıqlanmayan yüksək səviyyəli məmuru bildirir ki, “lovğalığımız və kəmərləri sıxma tədbirlərimizə görə məhv olduq” deyir”, - qəzet yazırdı.

İngiltərə sonradan karantin strategiyasna keçdi, lakin gecimiş addım idi. Bu nümunə fonunda Azərbaycanın vaxtında doğru addım atdığı bir daha aydın olur.

Prezident İlham Əliyev də bildirib ki, koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlər bizi böyük fəlakətdən qorudu.

Çünki Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. Cəmi 13 min insan yoluxmuşdur. Onların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıbdır. Ona görə qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olmuşdur”, - dövlət başçısı vurğulayıb.

- Səhiyyə sahəsində ciddi addımlar atıldı;

Virusun dünyada yayılma sürəti artanda Prezident İlham Əliyevin göstərişi ilə ölkəyə süni tənəffüs aparatları gətirildi. Bununla yanaşı, mövcud xəstəxanalarda koronavirus xəstələrinin müalicəsi üçün yerlər ayrıldı, daha sonra yeni xəstəxanalar, eləcə də 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan modul tipli xəstəxanalar istifadəyə verildi. Modul tipli xəstəxanaların yaradılması ilə bağlı qərar aprel ayında verilmişdi, halbuki, həmin vaxt virusa yoluxanların sayı az idi və mövcud xəstəxanalar xəstələrin müalicəsi üçün yetərli idi. Sonrakı proses bu qərarın nə qədər düzgün olduğunu göstərdi.

Bakıda iki, Sumqayıt və Gəncə şəhərlərində bir, Abşeron rayonunda bir olmaqla 5 modul tipli xəstəxana koronavirusa yoluxmuş xəstələrin ixtiyarındadır.

Prezident bəyan edib ki, yaxın həftələrdə digər şəhərlərdə də modul tipli xəstəxanlar istifadəyə veriləcək və ümumi say 10-a çatdırılacaq.

Ölkədə son illər 700-dən çox xəstəxana inşa olunub, yaxud yenidən qurulub. Dövlət başçısı da bildirib ki, “Son illər ərzində Azərbaycanın hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik”.

Xüsusi qeyd olunmalıdır ki, indiyə qədər Azərbaycanda koronavirusa görə keçirilən testin sayı 449 235-dir. Bu, son statistikada qeyd olunan rəqəmdir və testlərin sayı hər gün artmaqdadır. Əhalinin sayı ilə müqayisədə test sayına görə ölkəmiz dünyada ilk pillələrdə yer alır.

Pandemiya ilə mübarizənin ön cəbhəsində olan tibb işçilərinə dövlətin xüsusi qayğısı - əmək haqlarının beş mislinə qədər artırılması və digər addımlar Azərbaycanın digər ölkələr üçün yaratdığı nümunələrdən biridir.

Prezident İlham Əliyevin göstərişi ilə tibbi maska istehsalı üzrə müəssisənin yaradılması isə pandemiya ilə mübarizədə strateji addımlardandır. Xüsusilə böyük ölkələrin tibbi maska uğrunda bir-biri ilə mübarizə aparması, tibbi maskaya olan təlabatın bu ləvazimatın qiymətinin artmasına səbəb olması fonunda Azərbaycan mühüm addımlardan birini atdı. Artıq Azərbaycanda tibbi maskaya olan təlabat daxili istehsal hesabına təmin olunur və daxili istehsalın olması tibbi maskanın qiymətinin də vətəndaşın cibinə uyğun olmasını təmin edir.

- Sosial-iqtisadi münasibətlərin dağılmasının qarşısı alındı, vətəndaşın sosial rifahı təmin edildi;

Pandemiyaya qarşı dünyada tətbiq edilən karantin rejimi sosial-iqtisadi sferada ciddi risklər yaratdı. Müəssisələr bağlandı, biznes sektoru iflasa uğradı, böyük işsizlik ordusu yarandı. Misal üçün, ABŞ-da virusun yayıldığı ilk ayda 3 milyondan çox insan işini itirdi, hazırda bu rəqəm on milyonlarladır. Avropa və Asiya qitəsində müxtəlif ölkələr də eyni taleyi yaşayır, insanlar təkcə virusla deyil, həm də aclıqla mübarizə aparırlar.

Azərbaycanda dövlət vətəndaşın sağlamlığı üçün karantin rejimini tətbiq etməklə yanaşı, vətəndaşın sosial rifahının təminatını da paralel olaraq həyata keçirdi. Prezident İlham Əliyevin 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planı təsdiqləndi. Bu planda məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir hazırlandı. Aprelin 17-də isə dövlət başçısı tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrıldı.

2,5 milyard manatlıq dövlət dəstəyi paketi qəbul edildi, 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əmək haqqının əhəmiyyətli hissəsinin ödənməsini dövlət öz üzərinə götürdü, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edildi, dövlət dəstəyindən 600 minə yaxın vətəndaş, o cümlədən, 290 mindən çox mikro və fərdi sahibkar faydalandı, bununla yanaşı, işsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına start verildi, kommunal ödənişlərə güzəşt edildi, qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələr həyata keçirildi.

Dövlət heç bir müəssisənin iflasa uğramasına, eləcə də işçini işdən çıxarmasına imkan vermədi. Bütün yükü öz üzərinə götürdü.

Banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat həcmində kreditlərin 60 faizinə dövlət zəmanətinin verilməsi haqda qərar qəbul edildi, beləliklə, zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq. Dövlət zəmanəti olmayan 1 milyard manat həcmində mövcud bank kreditləri üzrə isə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq. Burada məqsəd pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir.

Azərbaycan bütün bunları pandemiyanın iqtisadiyyata zərər vurması fonunda həyata keçirdi və ölkə iqtisadiyyatı karantin rejiminə görə itkilərlə üzləşsə də, vətəndaşın sağlamlığı və sosial rifahı prioritet istiqamət olaraq seçildi.

Bu kontekstdə Prezident İlham Əliyevin 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışındakı çıxışında bir məqam diqqət çəkir.

Pandemiyanın iqtisadiyyata ciddi zərər vurduğuna diqqət çəkən dövlət başçısı qeyd edib ki, dünya bazarlarında neftin qiymətinin enməsi Azərbaycanın gəlirlərini azaldıb. Bununla yanaşı, sürətlə inkişaf edən turizm sektorunun dayanması, bir neçə başqa perspektivli sektorun fəaliyyətsiz qalması iqtisadiyyatın durumuna mənfi təsir göstərdi.

Lakin dövlət başçısının da bəyan etdiyi kimi, Azərbaycanın şüurlu şəkildə məhdudlaşdırıcı tədbirlər görən ilk ölkələrdən biri olmasının səbəbi insanların sağlamlığının əsas prioritet təşkil etməsidir.

Prezident İlham Əliyev çıxışında həm də bəyan etdi ki, nə olursa olsun, vətəndaşın sosial rifahı daim prioritet olaraq qalacaq.

600 mindən çox insan lazım olan vəsaitlə təmin edildi, 190 manatın verilməsi müddəti uzadıldı. İşini itirmiş, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlaradövlət öz köməyini göstərdi. Heç bir sosial layihə ixtisar edilmədi, məcburi köçkünlər üçün yeni şəhərciklər salınır, yeni məktəblər tikilir, yeni yaşayış kompleksləri salınır. Koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır”, - Prezident vurğulayıb.

Bütün bu tədbirlərin sayəsində və dövlətin vətəndaşın yanında olması koronavirus pandemiyasının Azərbaycana təsirinin az olması ilə nəticələnib. Azərbaycan dövlətin vətəndaşın yanında olduğu az ölkələrdən biridir...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm