• USD 1,7000 0,00% EUR 1,9320 +0,77%
    • GBP 2,1472 +0,58% RUB 0,0238 0,00%

130-dan çox dövlətin İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi ölkəmizin dünyada artan reytinqinin göstəricisidir

130-dan çox dövlətin İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi ölkəmizin dünyada artan reytinqinin göstəricisidir

Son 17 ildə həyata keçirilən uğurlu daxili və xarici siyasət respublikamızın beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırır, mövqeyini möhkəmləndirir. Bir-birinin ardınca qazanılan diplomatik uğurlar ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını daha da artırır. Azərbaycan 155 dövlətin dəstəyini qazanıb BMT Təhlükəsizlik Şurasına qeyri–daimi üzv seçiləndə, müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edəndə, kosmik ailənin üzvü olanda, AŞPA-nın Nazirlər Komitəsinə rəhbərlik edəndə və digər uğurlar qazananda elə fikirləşirdik ki, bütün bunlar müstəqillik tariximizin ən yadda qalan uğurları olacaq.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iki il müddətinə (2012-2013) qeyri-daimi üzvü seçilməsi hər birimizin yaxşı yadındadır. Mötəbər təşkilatın üzvü seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına səbəb olmaqla yanaşı, Prezident İlham Əliyevin çoxaspektli xarici siyasətinin milli maraqlara uyğun həyata keçirildiyini təsdiqləmişdi. Bu uğurlu xarici siyasət hazırda davam etdirilir və ölkəmizin istər regional, istərsə qlobal müstəvidə maraqlarının yüksək səviyyədə qorunmasını təmin edir.

Publika.az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə söyləyib.

Ç.Qənizadə bildirib ki, sonrakı illərdə yaddaqalan diplomatik uğurlar bir-birini əvəz etdikcə bütün bunların dövlətimizin başçısının düşünülmüş siyasi kursunun məntiqi nəticəsi olduğuna əminlik yarandı. Azərbaycan hazırda Türk Şurasına, dünyanın 120 ölkəsini özündə birləşdirən, BMT –dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. Hətta dünyanı koronavirus təhlükəsinin bürüdüyü bir zamanda da dövlət başçımızın təşəbbüsü ilə həmin qurumların videokonfrans formatında zirvə görüşləri keçirilib. Bu konfransların qlobal əhəmiyyətli bir məsələyə - koronavirusla mübarizəyə həsr olunması ölkəmizin insan amilinə verdiyi dəyərin təsdiqidir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə belə zirvə görüşlərinin keçirilməsi və görüşün sonunda Bəyannamənin qəbul olunması bütün dövlətlərin səylərinin birləşdirilməsi çağırışının məntiqi sübutudur. Bu vaxta qədər dəfələrlə şahidi olmuşuq ki, dövlətimizin başçısının təşəbbüsləri ilə qlobal əməkdaşlığa mühüm töhfələr verilib. Elə koronavirusla mübarizəyə həsr olunmuş sonuncu zirvə görüşlərini xatırlayaq. Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən onlayn zirvə görüşləri həm Türk Şurasının, həm də Qoşulmama Hərəkatının nüfuzunun, beynəlxalq aləmdə oynadığı rolun artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı koronavirus pandemiyasının dünyada vəziyyəti tamamilə dəyişdiyini və nəticədə yeni reallıqların meydana çıxdığını diqqətə çatdırmışdı. Qeyd etmişdi ki, Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verir. Həmin görüşdə dövlətimizin başçısının əhatəli çıxışı və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verməsi beynəlxalq ictimaiyyətdə böyük maraq doğurmuşdu. Ölkə başçısının qeyd etdiyi kimi, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə ölkələrin birgə əməkdaşlığına böyük ehtiyac var. Qeyd olunmuşdu ki, COVID-19 pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Prezidentin “Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik” fikri pandemiyaya qarşı birgə mübarizə çağırışı kimi qəbul olundu.

Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Dövlət başçısının qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxışı da bundan xəbər verir. Bu da diplomatiyamızın növbəti uğuru idi. BMT Nizamnaməsində də qeyd edilir ki, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Qurumun təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları çox az hallarda keçirilib. Prezidentin bu təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. Bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev bu quruma üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə də müraciət ünvanlayıb. Qürurverici haldır ki, dövlətimizin başçısının bu təklifi yekdilliklə qəbul edilib və artıq 130-a qədər ölkə təşəbbüsə dəstək verdiyi barədə Baş katibin ofisini məlumatlandırıb. Bu təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi ölkəmizin dünya birliyində artan nüfuzunun göstəricisidir. Bu fakt bir daha təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycana inam və etimadı artmaqdadır. Postsovet dövlətləri arasında Azərbaycanın dünya birliyində belə yüksəkliyə qalxması və beynəlxalq ictimaiyyətin inamını qazanması düzgün müəyyənləşdirilmiş siyasi kursun bariz nümunəsidir.

Ç.Qənizadə vurğulayıb ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının bəşəri təhlükə olan koronavirusa qarşı mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə rəvac verəcəyinə və bu qlobal təhdidə qarşı cavabın tapılmasında mühüm rol oynayacağına əminlik yaranıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR