Karantin rejiminin uzadılmasına yaranan zərurət: Normal həyata dönmək üçün nə etməli?
Bizi izləyin

Nida Təhlil

Karantin rejiminin uzadılmasına yaranan zərurət: Normal həyata dönmək üçün nə etməli?

Dünyada koronavirusa yoluxma hallarında kəskin artım “ikinci dalğa başlanır” sualını aktuallaşdırdı. Mütəxəssislər mümkün “ikinci dalğa”nın növbəti payızda ola biləcəyi versiyasını müdafiə edirdilər, hazırki vəziyyətdə isə bu məsələ ətrafında müxtəlif versiyalar müzakirə olunur. Amma gerçəklik odur ki, ötən ay karantin rejimindən tədricən çıxmağa başlayan dünya yenidən qapanmadan başqa çıxış yolu görmür.

Azərbaycanda da analoji vəziyyət müşahidə olunur. Mart ayından tətbiq olunan xüsusi karantin rejimi nəticəsində yoluxmanın miqyası minimallaşdırıldı. Azərbaycan COVİD-19 pandemiyası ilə mübarizədə vaxtında və düzgün strategiya həyata keçirən ölkələrdən biri kimi yoluxmanı maksimum iki rəqəmli civarında saxlaya bilirdi. Dövlətin bütün resursları vətəndaşın sağlamlığının qorunmasına yönəldildi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünyada ilk müsbət nəticə əldə edən ölkələrdən biri kimi nümunə olaraq göstərildik.

May ayında Azərbaycan da daxil olmaqla bir çox ölkədə karantin rejiminin yumşalması prosesi başlandı. Sonradan yoluxma hallarının kəskin artması bütün dünyada eyni sualı yaratdı: normallaşma niyə oldu?

Hər bir ölkənin bu suala öz cavabı var, lakin ümumi rəy belədir ki, əksər ölkə tətbiq olunan karantin rejiminin özü ilə gətirdiyi sosial-iqtisadi böhranı aradan qaldırmaq məqsədilə normallaşmaya getdi. Qərbin inkişaf etmiş ölkələrində yaranan işsiz ordusu – ABŞ-da 10 milyona, İngiltərədə 3 milyona yaxın, eləcə də Avropanın digər ölkələrində milyonlarla insanın işini itirməsi iqtisadi maraqların sağlamlığın önünə keçdiyini deməyə əsas verir. Lakin Azərbaycanda səbəb tamam başqa idi. Dövlət karantin dövründə bütün sosial-iqtisadi çətinliyi öz çiyinlərinə götürdü, günəmuzd çalışanlardan tutmuş sahibkarlara qədər hər kəsin ödənişini etdi, hətta yeni iş yerləri yaradılaraq, işsizlər işlə təmin olundular. Karantin rejiminin yumşaldılması xəstəlikdən saxalananların yoluxanların sayından çox olması idi. Bu, həyatın tədricən normallaşmasına imkan verirdi.

May ayından başlayan yumşalma yoluxma hallarının artmasına səbəb oldu. İki ay öncə maksimum iki rəqəmli olan yoluxma sayı hazırda üç rəqəmli göstərici ilə davam edir və daha da artma riski mövcuddur.

Son bir həftənin statistikası:

22 iyun – 478 yeni yoluxma, 7 ölüm faktı (369 nəfər sağalıb);
23 iyun - 508 yeni yoluxma, 6 ölüm faktı (335 nəfər sağalıb);
24 iyun - 590 yeni yoluxma, 7 ölüm faktı (265 nəfər sağalıb);
25 iyun – 547 yeni yoluxma, 6 ölüm faktı (291 nəfər sağalıb);
26 iyun – 517 yeni yoluxma, 7 ölüm faktı (305 nəfər sağalıb);
27 iyun – 521 yeni yoluxma, 6 ölüm faktı (355 nəfər sağalıb);
28 iyun – 534 yeni yoluxma, 5 ölüm faktı (307 nəfər sağalıb);
29 iyun – 544 yeni yoluxma, 8 ölüm faktı (343 nəfər sağalıb);


Bu rəqəmlər əhalinin sağlamlığına real təhdidin olduğunu təsdiqləyir. Əvvəlki strategiyanın – sərt karantin rejiminin yenidən tətbiq edilməsi də məhz vətəndaşların həyatı üçün riskli olan mənfi tempi ilkin mərhələdə yavaşlatmaq, daha sonra aradan qaldırmaq məqsədinə xidmət edir.

Dünyanın bir çox ölkəsi də yenidən karantin rejiminin tətbiqinə başlayıb.

ABŞ: səhiyyə naziri Aleks Azar ölkədə COVID-19-a yoluxanların sayının son günlər yenidən artdığını, bunun üçün müəyyən məhdudiyyətlərin yenidən tətbiq edildiyini deyir. Amerikalı nazir başqa çıxış yolunun olmadığını vurğulayır.

Almaniya: ölkənin Şimali Reyn də daxil olmaqla bir çox böyük əyalətində sərt məhdudiyyətlərin yenidən tətbiq edilməsinə başlanılıb. Buna səbəb yoluxmanın gözlənilmədən artmasıdır. Hətta Gütersloh şəhərindəki ət kombinatında virusun aşkarlanmasından sonra kombinatda işləyən 1500 işçi və onların ailələri (təxminənə 7 min insan) yaşadığı evlərdə karantinə alınıb, xüsusilə sərt addımların atılması diqqət çəkir. Belə ki, 7 min insanın yaşadığı binalar dəmir çəpərlərlə əhatələnib, polis qüvvələri insanların binanı tərk etməsinə qarşı ciddi tədbirlər görürlər. Gütersloh şəhərinin özündə isə məhdudiyyətlərin sayı artırılıb: barlar, restoranlar, kinoteatrlar, idman salonları, restoranlar, həmçinin, məktəb və uşaq bağçaları bağlanıb.

Eyni addımlar Almaniyanın digər əyalətlərində də atılır, rəsmilər qaydaların daha da sərtləşdiriləcəyini istisma etmirlər.

İngiltərə: Yoluxma hallarının artmasından sonra xüsusi karantin rejimi iyulun 4-nə qədər uzadılıb, lakin hökumət yoluxmanı azaltmaq üçün daha uzunmüddətli məhdudiyyətər üzərində işləyir.

Avstraliya: May ayında yumşaldılan karantin rejimindən sonra yoluxma hallarında sürətli artım başlandı. Ən çox yoluxma faktının qeydə alındığı Viktoriya ştatında fövqəladə vəziyyət iyulun 12-nə qədər uzadılıb, ştatın əsas şəhəri Melburnda isə sakinlərin evdən çıxması qadağan olunur. Bu ölkənin baş infeksionesti Brendan Merfi bildirib ki, sərt qaydalar tətbiq olunmasa “ikinci dalğa” riski yüksəkdir.

Belə nümunələr kifayət qədərdir və yoluxma hallarının artması bütün dünyanı yenidən karantin rejiminə keçməyə məcbur edib.

İyun ayının ortalarından başlayaraq, Azərbaycanda da yoluxma hallarının təhlili aparıldı və vətəndaşın sağlamlığı üçün 21 iyun tarixindən ciddi karantin rejiminin tətbiqinə başlanıldı. Yoluxma statistikası, mövcud reallıqlar ən effektiv yolun bu olduğunu göstərir.

Ciddi karantin rejiminin nəticələri: iyunun 21-dən tətbiq olunan məhdudiyyətlər yoluxma statistkasının stabillliyini təmin etdi. Lakin nəticələr qarşıdakı həftələrdə bəlli olacaq. Çünki koronavirusun 14 günlük inkubasiya dövrü var və hazırda müəyyən edilən yoluxma halları iyunun 21-dən öncəki tarixə aiddir. İki həftəlik karantin nəticəsində şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdən istifadənin nisbətən aşağı düşməsi müşahidə edilir. Bu da növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması gözləntilərini artırır.

Lakin epidemioloji vəziyyəti hələ də qənaətbəxş hesab etmək olmaz. Gündəlik yoluxmaların sağalanların sayından çox olması vəziyyətin riskli olduğunu deməyə əsas verir. Bu mənzərə təcili tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır. Nəticədə pandemiyaya qarşı mübarizə istənilən effekti vermir.

Bu mübarizənin iki cinahı var. Birinci cinahda dövlət yer alır və üzərində düşən hər şeyi edir. Azərbaycanda digər ölkələrlə müqayisədə indiyə qədər yoluxma və ölüm hallarının az olması məhz həyata keçirilən tədbirlərin nəticəsidir.

İkinci cinahda cəmiyyətin özü var, amma vətəndaşlar virusa qarşı necə mübarizə aparır, yaxud aparırmı?


Hər birimizin qohumları, yaxınları, qonşuları və tanıdıqları arasında yoluxanların olması artıq koronavirusun mövcud olub olmaması haqda müzakirəni dayandırıb, çünki hər kəs bu və ya digər formada virusun təsirini şəxsi həyatında hiss edir. Əgər 5 ay öncə belə bir virusun olması haqda deyilənlər şübhə ilə qarşılanırdısa, indi olmadığı demək şübhə və təəccüblə qarşılanır. Bu baxımdan, hər birimiz üzləşdiyimiz vəziyyətin kifayət qədər mürəkkəb olduğunu və bütün dünyada bu problemin qısa müddətli və asan həllinin olmadığını qəbul etməli, pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq.

Nə etməli?

İlk növbədə tibbi maskadan istifadə etməli, sosial məsafə saxlamalı və gigiyena qaydalarına əməl etməliyik. Bütün dünyada virusa qarşı ən sadə və effektli mübarizə bu vasitələr hesab olunur. Bununla yanaşı, yoluxma hallarının təhlili bir sıra mühüm məqamı ortaya çıxarır:

- İş yerləri, ailə daxili, ictimai nqəliyyat, kütləvi yerlər.

Virusa yoluxma adətən bu yerlərdə baş verir. Misal üçün, iş yerlərində hər kəsin istifadə etdiyi ümumi yerlərdə – mətbəx, sanitar qovşaq, görüş otaqları və s. – tibbi maskadan istifadə etməmək, məsafə gözləməmək yoluxmanı sürətləndirir.

Ailə daxilində müalicə olunmaq planı da ciddi təhlükələrə səbəb olur. Belə ki, xəstəliyin ilkin simptomları olan şəxs tibbi xidmətə müraciət etmək əvəzinə öz adi həyat qaydasını davam edir, bəzi hallarda özünü müalicə etməyə çalışır, bütün bu müddət ərzində həm öz vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdurmağa davam edir. Hətta vətəndaşların təhlükəsizlik qaydalarını kobud şəkildə pozması, virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etməsi halları da müşahidə olunur.

Mövcud vəziyyətdə pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə daha təsirli nəticə əldə etmək üçün iş yerlərinndə sayların azaldılması, növbəli və məsafəli iş yeriminin tətbiqi zəruridir. Bununla yanaşı, vətəndaşlar xüsusi zərurət olmadığı halda ictimai nəqliyyatdan istifadə etməməlidir. İctimai yerlərdə (ictimai nəqliyyat, supermarketlərin girişi və s.) müştərilərin hərarətinin ölçülməsi prosedurlarına və tibbi maskadan istifadəyə nəzarət daha da gücləndirilməlidir.

Hazırda mövcud olan epidemioloji vəziyyət karantin tədbirlərinin uzadılmasını tələb edir. Yeganə mübarizə yolu budur, eləcə də cəmiyyət olaraq, həmrəylik nümayiş etdirmək, məsuliyyət hissini unutmamaqdır.

Azərbaycan pandemiyanın ilk günündən bütün dünya üçün həmrəylik örnəyi nümayiş etdirdi. İndiki halda bu həmrəyliuə böyük ehtiyac var.

İndi hər kəs əvvəlki normal həyatına qayıtmaq istəyir, amma bunun üçün birlik və məsuliyyət sərgiləməliyik.

Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq. Pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insnaların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik.

Bunun əksi daha pis nəticələr vəd edir və hər birimiz virusla mübarizə üçün qaydalara əməl etməyə özümüzdən başlamalıyıq...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm