Müsbət nəticələr əldə olunacaq və biz postpandemiya dövründən danışacağıq – Musa Quliyev
Bizi izləyin

Nida Təhlil

Müsbət nəticələr əldə olunacaq və biz postpandemiya dövründən danışacağıq – Musa Quliyev

“Koronavirus yeni pandemiya növüdür və heç bir ölkə onu öyrənə bilmir. Onun özünü axıra kimi necə aparacağı, hansı dalğalarla gedəcəyi də bilinmir. Ona görə də müxtəlif yumşalma və sərtləşmə rejiminin bir-birini əvəz etməsi belə bir situasiyada təbiidir”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri bildirib ki, istər ölkəmizdə, istərsə də başqa dövlətlərdə virusun məhv olması mümkün olmayıb və spiralvari olaraq artma-azalma müşahidə olunur:

“Təəssüflər olsun ki, aprel ayındakı çox uğurlu nəticələrdən sonra may ayındakı yumşalma tədbirləri ilə əlaqədar bizdə vəziyyət müəyyən qədər ciddiləşdi. Artıq bir aya yaxındır ki, koronavirusa gündəlik yoluxmaların sayı 500-ün üzərindədir. Yoluxmaların çox olması testlərin sayının artması ilə bağlıdır. Vətəndaşlar o qədər də təşvişə düşməsinlər ki, bu həndəsi silsilə ilə artır. Amma bu, nəzərəçarpan artımdır. Təəssüflər olsun ki, infeksiya mayın sonlarından başlayaraq Bakı, Sumqayıt, Gəncə, Cəlilabad və Lənkərandan başqa digər bölgələrdə də sürətlə yayılmağa başladı. Bu da insanların hava və iqlimlə əlaqədar olaraq miqrasiyası ilə bağlı idi. Artıq karantin rejiminin ciddi tətbiq olunduğu rayon, şəhərlərin sayı artırılıb və iyulun 20-nə qədər davam edəcək”.

M.Quliyev qeyd edib ki, bu, çox ciddi tibbi, sosial və iqtisadi zərurətdən gələn bir məsələdir:

“Heç bir dövlət istəməz ki, vətəndaşlarının əmək fəaliyyəti azalsın və iş yerləri bağlansın. Ümumiyyətlə, heç bir ölkə iqtisadi və sosial fəallığın azalmasını istəmir. Bu hallar dövlətin büdcəsinə gündə milyonlarla dollar ziyan hesabına başa gəlir. Ancaq insanların sağlamlığını qorumaq, gələcəkdə də iqtisadiyyatı və digər sahələri canlandırmaq üçün insanların sağlam olması lazımdır. Bu mənada karantin rejiminin sərtləşdirilməsi çox güclü zərurətdən irəli gəlib. Hesab edirəm ki, bu gücləndirmə vətəndaşlarımızın da mövqeyinin bu sahədə gücləndirilməsi ilə müşayiət olunacaq. İndiyə qədər müəyyən qisim insan məsuliyyətsizlik və biganəlik göstərirdi. Bir çoxu koronavirus yoxdur deyə şayiələr yayırdı. Bunlar üçün də bir dərs olacaq. Ölkə başçısının da qeyd etdiyi kimi, hər birimiz güclü olaraq bir yerdə bu virusun öhdəsindən gələcəyik. Mən ümidlə baxıram ki, bu karantindən sonra çox ciddi müsbət nəticələr əldə olunacaq və biz postpandemiya dövründən danışacağıq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm