Minsk qrupu konkret addımlar atmalıdır - Deputat
Bizi izləyin

Nida Təhlil

Minsk qrupu konkret addımlar atmalıdır - Deputat

“İyulun 6-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etdilər. Bu, olduqca əhəmiyyətli və aktualdır. Çünki nəticə etibarilə söhbət ümummilli təhlükəsizliyimizdən gedir və açılan yeni müəssisə məhz buna xidmət edəcək. Prezident hospitalın açılışından sonra milli televiziya kanallarımıza verdiyi müsahibəsində bir sıra ciddi və aktual məsələlərə də toxundu. Onların hər biri haqqında ayrıca danışmaq, təhlil aparmaq və ictimai yaddaşımız üçün bəzi ümumiləşdirmələr etməliyik”.

Bu sözləri Publika.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, məzmun etibarilə qruplaşdırmağa çalışsaq, birinci məsələ koronavirus pandemiyasına qarşı Azərbaycan dövlətinin və xalqının birlikdə verdiyi mücadilədir: “İkinci məsələ isə Azərbaycanın bu və ya digər məsələlərlə bağlı qurduğu beynəlxalq əməkdaşlıq, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu ilə bağlıdır. Üçüncüsü, Prezidentin strateji məsələ olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səsləndirdiyi fikirlər, verdiyi ciddi məsajlardır. Ona görə də xüsusi olaraq bu məsələnin üzərində dayanıb bir sıra məqamlara diqqət yetirmək lazımdır. Əvvəla bir daha aydın oldu ki, problemi həll etmək üçün BMT Təhlükəsizlik Şurasından xüsusi mandat almış ATƏT-in Minsk qrupu və onun həmsədrləri problemin həlli üçün lazımi səylər göstərməyiblər, ona görə də bu günə qədər problem həll edilməmiş qalır. İkincisi, Minsk qrupunun xüsusi müşahidə missiyası işğalçı ölkənin qeyri-qanuni məskunlaşma aparmaq siyasətinə göz yumur, belə faktları hazırladıqları hesabata salmır. Ona görə də Prezident İlham Əliyev bildirdi ki, ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub”.

H.Babaoğlu qeyd edib ki, son bir neçə il ərzində onlara təkidlə deyilir ki, yeni missiya getməlidir: “Son 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur! Yəni,10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz? İstəmirlər. Düşünürəm ki, ölkə başçısının səsləndirdiyi fikirlər, əslində, Ermənistana xəbərdarlıq olmaqla ATƏT-in Minsk qrupuna da öz vəzifələrini yerinə yetirmələri üçün bir çağırışdır və hər iki tərəf bu məsələni ciddiyə almalıdır. Başqa bir mühüm ismarış isə ondan ibarət idi ki, danışıqların imitasiya edilməsi artıq mümkün deyil və Azərbaycan konkret mövqe tələb edir. Çünki öz torpaqlarının daha artıq işğal altında qalmasını qəbul edə bilməz. Bu məsələyə toxunan İlham Əliyev bildirdi ki, “Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyir. Buna mən lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir?”. Niyə cavab vermir ifadəsi, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər!”.

Deputatın sözlərinə görə, Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır:

“Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, “nala-mıxa” vurmaqla cavab verilir. Axı, o dövr keçib. Biz aydınlıq tələb edirik. Bu fikirlərdəki əsas məzmun “nala-mıxa” vurmaq dövrünün artıq arxada qalması ilə bağlı olan fikirdir. Azərbaycan artıq aydınlıq tələb edir. Doğrudan da Minsk qrupu məsələyə aydınlıq gətirib konkret mövqe ortaya qoymalıdır. Belə loyallıq və qeyri-müəyyənlik çox davam edə bilməz. Ona görə də Prezidentin səsləndirdiyi haqlı, beynəlxalq hüquqa əsaslanan fikirlərə Minsk qrupu cavab verib öz mövqeyini izah etməli, nə üçün problemin bu günədək həll edilmədiyinə aydınlıq gətirməlidir. Axı 1994-cü ildə Atəşkəslə bağlı razılıq əldə edilərkən əsas şərt o idi ki, Minsk qrupu sülh yolu ilə problemin həllinə nail olmağa çalışacaq. İndi ya bu problem nəhayət sülh yolu ilə həll edilməlidir, ya da Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün digər məqbul variantlara əl atmalıdır. Ona görə də ölkə başçısı bir daha Aprel döyüşlərini xatırlatmaqla Milli Ordumuzun nəyə qadir olduğunu yada salmış oldu. Prezident bildirdi ki, “biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında. Aprel döyüşləri heç kimin yadından çıxmasın!”. Düşünürəm ki, Minsk qrupu vəziyyət daha da gərginləşmədən öz missiyasını yerinə yetirməklə bağlı konkret addımlar atmalı, səsləndirilən fikirlərə tezliklə öz münasibətini bildirməlidir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm