Sərhəddə hücum: Ermənistan hərbi və siyasi cəbhədə məğlub oldu - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Sərhəddə hücum: Ermənistan hərbi və siyasi cəbhədə məğlub oldu - TƏHLİL

İyunun 12-də erməni hərbi birləşmələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribat hücumunun hərbi və siyasi təhlili işğalçı ölkənin həm hərbi, həm də diplomatik cəbhədə ağır məğlubiyyətə uğradığını göstərir.

HƏRBİ PLAN: Ermənistan iyulun 12-də günorta saatlarında ağır artilleriya qurğularından istifadə edərək, Azərbaycanın dövlət sərhədini pozdu. Nəticədə Ordumuz şəhid verdi, yaralılar var. Ardınca rəsmi İrəvan həmişə olduğu kimi “Azərbaycanı təcavüzdə” ittiham etməyə başladı. Hərçənd, işğalçı ölkənin ifşası elə özünün iddialarında aydın görünür.

1. Ermənistan tərəfi iddia edir ki, Azərbaycan guya UAZ maşını ilə erməni mövqelərinə hücum edib. Hərbi arsenalında ən müasir silahlara malik olan Azərbaycan Ordusunun sovetlərdən qalma UAZ-la hücuma keçməsi gülünc və gülüş doğuran iddiadır. “Aprel müharibəsi”ndə işğalçının təxribat hücumunun qarşısını alan Ordumuzun hərbi arsenalındakı texnika və silahların bir qismi nümayiş olundu. Sonrakı dövrdə də hərbi arsenalımızın zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan düşmən üzərində hərbi əməliyyat keçirsəydi erməni hərbiçiləri UAZ-la deyil, Harpo Kamikadze PUA-larla, TOS-1A alovsaçanlara, Spike raketləri və digər ağır silahlarla qarşılaşmalı olardılar. Köhnə UAZ fotosunu tapıb yayımlamaqla düşmən ölkə təxribat hücumunu ört-basdır etməyə cəhd edir.

2. Azərbaycan Ermənistanla dövlət sərhədində yox, Qarabağ cəbhəsində, beynəlxalq hüquqla tanınan öz ərazisində əməliyyat keçirərdi və anti-terror əməliyyatları olacaq bu hücuma heç bir ölkə, yaxud beynəlxalq təşkilatın qarışmaq hüququ da yoxdur. Niyə dövlət sərhədində hücum etsin? Ermənistanın son dövrlər dövlət sərhədindən təxribatlara əl atması adi hala çevrilib. İşğalçı ölkə bunu həm Qarabağ cəbhəsindəki gərginliyi sərhədə daşımaq, həm də üzvü olduğu təşkilatlardan mədət ummaq üçün edir.

Bu təxribat hücumunda Ermənistanın hərbi planı sərhəd bölgəsindəki mülki azərbaycanlıları hədəfə almaq, gərginliyi artırmaq və siyasi planlarına nail olmaq idi.

SİYASİ PLAN: Sərhəddə belə bir təxribatla Paşinyan hakimiyyəti erməni ictimaiyyətinin diqqətini COVİD-19 pandemiyasının ölkədə yaratdığı sosial-iqtisadi və siyasi kataklizmdən yayındırmaq və cəmiyyəti “xarici düşmən” obrazı ətrafında birləşdirməyi planlaşdırırdı. Bununla yanaşı, təxribatın cəbhədə deyil, məhz sərhəddə törədilməsi diqqəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yönəldir. Ermənistan bu təxribatla “sərhədlərimə müdaxilə var” görüntüsü yaratmaq, KTMT-ni nizamnaməsinə uyğun Azərbaycana qarşı birləşdirmək oyunu oynadı.

Bu planlar baş tutdumu? Baş verənlərin son nəticəsi işğalçı ölkənin hərbi və siyasi cəbhədə ağır məğlubiyyətlə üzləşdiyini təsdiqləyir.

HƏRBİ MƏĞLUBİYYƏT: Erməni təxribatı ilə şəhid verən Azərbaycan Ordusunun adekvat cavabı ağır oldu. Ermənistan tərəfi itkiləri gizlədir, sadəcə 5 yaralının olduğunu açıqlayıb. Lakin sosial şəbəkələrdə erməni istifadəçilər onlarla ölünün və yaralının olduğunu yazır, xüsusilə yaxınları Tavuş vilayatində hərbi xidmətdə olanlar hospitalların dolduğunu qeyd edirlər. Azərbaycan Müdafiə Nazirliyinin düşmənin mövqeyinə havadan zərbə endirməsini əks etdirən dəqiq görüntülər də erməni hərbi birləşmələrinin ağır itkilər verdiyinin sübutudur. Ermənilərin Müdafiə Nazirliyinin önünə toplaşaraq, itkilərin gizlədilməsinə etiraz etməsi isə işğalçı ölkənin qurduğu planın baş tutmadığını göstərir.

SİYASİ MƏĞLUBİYYƏT: Sərhəddə baş verənlərdən sonra Ermənistanın üzvü olduğu KTMT-nin Daimi Şurasının növbədənkənar iclası çağırıldı. Lakin bir neçə saat sonra belə bir iclasın olmayacağı açıqlandı, iclasın keçiriləcəyinə dair informasiya da təşkilatın rəsmi saytından silindi. Bu, işğalçı ölkənin KTMT üzərindən oynamaq istədiyi oyunun iflasa uğraması, təşkilata üzv ölkələrin də Ermənistanın məkrli niyyətindən xəbərdar olması deməkdir. Artıq erməni ekspertlər KTMT-nin Ermənistana arxa çevirməsinə görə Paşinyan hakimiyyətini ittiham edirlər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm