• USD 1,7000 0,00% EUR 2,0061 +0,73%
    • GBP 2,2185 +0,22% RUB 0,0231 0,00%

Tovuzdakı təxribatın davamı: içimizdəki düşmənlər...

Tovuzdakı təxribatın davamı: içimizdəki düşmənlər...

Tovuzda baş verənləri, düşmən təxribatı ilə bağlı xəbərləri xüsusi həyəcan və narahatlıqla izləyirik. Düşmən hücumunun qarşısının alınması, ordumuzun fədakarlığı nə qədər qürurvericidirsə, itkilərimiz, 4 hərbçimizin şəhid olması çox kədərlidir...

Dörd qəhrəman balamızı torpağa verdik. Onların dəfn mərasimindən çəkilən fotoşəkilləri, videoları, valideynlərinin, körpələrinin üzlərindəki ifadəolunmaz hüznü, ağrını, əzabı seyr etmək, sinəyə çəkmək çətindir, dözülməzdir. Əminəm ki, indi hamı olmasa da, mütləq əksəriyyət o ağrını öz canında hiss edir, yaşayır, acı çəkir.

Hamı yox. Mütləq əksəriyyət. Təəssüf ki...

Müharibədə itkilər qaçılmazdır. Savaşırıqsa, Şəhid veririk, verəcəyik. Torpağı Vətən edən onlardır, onların qanıdır. Allah Şəhidlərimizə qəni-qəni rəhmət eləsin, doğmalarına səbir versin.

Məni narahat edən sosial şəbəkələrdəki müzakirələrdir. Yanlış və zərərli müzakirələr... Elə bilirdim bizim düşmənimiz yalnız ermənilərdir. Öz içimizdə nə qədər gerizəkalı varmış...

Düşmənlə savaş başladısa, toplumun ziyalısı, əli qələm tutanı dərhal əsgərə çevrilir və ya çevrilməlidir. Savaşın ağır hissəsinin informasiya üzərindən getdiyini unutmamalıyıq. Artilleriya cəbhədə işə düşən kimi artıq hamımız əsgərik - informasiya savaşında düşməni yenməli, informasiya manipulyasiyalarının qarşısını almalı, düşmənin informasiya məkanında psixoloji zərbə almasına şərait yaratmalı, informasiya sərhədlərimizi gecə-gündüz yatmadan qorumalıyıq – necə ki, sərhədlərimizi əsgərlərimiz gecə-gündüz yatmadan, canı-qanı ilə qoruyur.

İndiki halda buna hava-su kimi ehtiyacımız var...

Amma təəssüf ki, bəzən fərqli mənzərə ilə qarşılaşırıq. Düşmən terroru, ölkə sərhədindəki təxribat bəzilərini narahat eləmir. Ermənistan silahlı qüvvələrini düşmənmi adlandıraq, yoxsa “qarşı tərəf”, bunun mübahisəsi gedir...

Müharibənin, döyüşməyin, Vətəni müdafiə etməyin lazımsızlığı, gərəksizliyi gündəmə gətirilir...

Torpaqlarının 20 faizindən artığı işğalda olan bir ölkənin vətəndaşları – təbii, bəziləri nəzərdə tutulur - hansı haqla qan tökülməsinə, əsgərlərimizin şəhid olmasına qarşı çıxa, həqarət edə bilər? Humanizm, kosmopolitizm küləyi yenə hansı tərəfdən əsir?

Başqa yolumuz varmı? Bu “hərşeyşünas”lara məlumdurmu ərazi bütövlüyümüzü bərpa etməyin döyüşsüz, qan-qadasız yolu? Müharibə etmədən necə geri alacağıq torpaqlarımızı? Qarabağı necə azad edəcəyik? Bu nə gərəksiz söhbətlərdir: indiki məqamda heç yeridirmi?..

Qarabağı, Şuşanı, Xankəndini geri istəyiriksə, müharibə etməliyik. Canımızdan can, qanımızdan qan verməliyik. O qədər utancvericidir ki, savaşa qarşı bu “üsyançı” virtual əhval-ruhiyyəni seyr etmək.

Ermənilər də oxuyur axı, fərqində deyilsinizmi, nə demək istəyirsiniz, barışaq işğal faktıyla?..

Müharibə istəməyənlərə bircə seçim qalır: Qarabağdan əl çəkmək. Yəni əziklik, təslim olmaq, məğlubiyyət. Bunumu istəyirsiniz, bunumu təbliğ edirsiniz? Kimin “siyasəti”dir bu, bu ovqatı Azərbaycanda yaymaq, sosial şəbəkələr vasitəsilə altşüurlara oturtmaq sifarişini haradan, kimdən almısınız? Xidmətinizin müqabilində nə qədər pul veriblər? Bu dövlətə, bu millətə ermənilərin edə bilmədiyini siz etməyə cəhd edirsiniz? Bu nə düşmənçilikdir?

İntellektinə, səviyyəsinə şübhə etmədiyim QHT sədri yazır: “Oğlumun şəhid olmağını istəmirəm. Onu cəbhədə ölmək üçün böyütmürəm”.

Sonra əlavə edir ki, ümumiyyətlə, kasıb balalarının orduya getməsi, döyüşlərdə iştirak etməsi səhvdir. Bir halda ki məmur övladları müharibədə ölmür, bizimkilər niyə ölsün?!.

Təxminən belə...

Mən bütün valideynləri, illah da anaları o qədər gözəl anlayıram ki!

Nəinki ana, heç bir ata istəməz onun balasının barmağına iynənin ucu boyda daş dəysin, tikan batsın, onu incitsin. Bütün canlılarda var bu duyğu - doğduğunu, özününkü bildiyini qorumaq. Amma bizim duyğularımızı digər canlıların instinktlərindən fərqləndirən, fərqli, dəyərli edən Vətəndir, Vətən anlayışıdır. Bu Vətənə canımız da, malımız da fəda olsun!

Bir məsələni dərk etməliyik: Vətən vətənsizin deyil; Vətən burda güllə atan kimi Havay adasına qaçmağa, Havay adasında sunami olanda Karpata sığınmağa meyilli varlının deyil!

Vətən – bu vətən üçün ölənin, bu Yurd üçün canından keçənin, bu Torpağı qanıyla suvaranındır!

Vətən xalqındır – hansısa ayrı-ayrı fərdlərin deyil!

Vətən Anadır, Atadır: sən Anan üçün canından keçəndə “filankəs anasını vecinə almır, mən də anamı vecimə almıram” demirsən, deyə bilməzsən!

Vətən – namusdur, qeyrətdir, ardır: sən namusun uğrunda döyüşə girəndə namussuzu özünə örnək götürmürsən, götürə bilməzsən!

Bu yolda örnəyimiz Fred Asiflər, Allahverdilər, Mübarizlər, Fəridlərdir... – Bayramnurlular deyil!

Örnəyimiz Tovuzun Ağdam kəndinə dünəndən axışan gənclərimizdir – o arıq, çəlimsiz, ancaq Qurd Ruhlu, Şir Ürəkli qardaşlarımızdır!

Onlardır mənim qardaşım, doğmam, balam, əzizim!

Qorxaqlar, satqınlar, LGBT-lər, kosmopolitlər nə vaxt örnək olub? Hansı xalq üçün dəyərdir onlar?

İndiki halda müharibənin zərərlərindən, gərəksizliyindən dəm vurmaq Vətənə xəyanətdir, dövlətimizə qarşı cinayətdir. Ölkəmin ziyalı, intellektli, jurnalist, publisist, yazıçı, alim kimi tanıdığımız insanlarını bu sırada, bu siyahıda görmək istəmirəm. Ordumuzun qəhrəmanlığından, müharibənin qaçılmazlığından danışanların vətənpərvərliyinə, Qarabağ yanğısına ironiya edənləri, şübhəçi yanaşanları, pafos təftişi ilə məşğul olanları, səmimiyyət “axtaranları” izləmək çox üzücüdür...

Səmimiyyəti ölçən cihaz kəşf olunmayıb, təəssüf ki! Olsaydı, işimizi nə qədər asanlaşdırmış olardılar; qeyri-səmimilərə, yalançılara, saxtakarlara, minsifətlilərə barmaq tuşlamağa ehtiyac qalmazdı. Hər kəs görərdi kimin kim olduğunu...

Kim bu ölkəni sevmirsə, sevməsin, istəmirsə, istəməsin. Onsuz da sevməyənlər, istəməyənlər oğlunu orduda xidmətdən yayındırmağın da, əməlinə haqq qazandırmağın da bir yolunu tapacaq. O adamların oğulları vaxtı çatanda uçub isti ölkələrə gedəcəklər. “Nümunə”lər “n” qədərdir, təkcə məmur balaları deyil ki! O məmurları bəyənməyən müxalif partiya sədrlərinin oğulları da “isti” ölkələri çoxdan özlərinə “vətən” seçiblər...

Əslində açılıb-büküləsi deyil, müharibə zamanı hakimiyyətlə müxalifətçilik etmək, Orduya müxalif olmaq, xalqla düşmənçilik etmək ayıbını özünə rəva bilən nə qədər siyasətbaz varmış bu ölkədə...

Siyasi mübarizə, rəqabət, hakimiyyət davası ölkənin ərazi bütövlüyü, suverenliyi gündəmə gələndə “arxa plana keçməlidir” yox, tamamilə yoxa çıxmalıdır – bu aksiomu anlatmaq, izah etmək nə qədər çətindir bu zümrəyə...

Amma... Onların sevgisizliyi, kosmopolitliyi heç vaxt bu topluma örnək olmayıb, olmayacaq da...

Humanizmdən danışmaq üçün irəlidə vaxtımız olacaq, əlbəttə, olacaq. Qarabağı işğaldan azad edəndən sonra...

İndi isə...

Ümidsizlik ən böyük düşmənimizdir, yaxına buraxmamalıyıq, düşüncələrimizdən uzaq tutmalıyıq. Bir milləti məğlub etməyin ən asan yoludur ümidsizliyi yaymaq, təbliğ etmək. Qan tökmədən, müharibə etmədən öldürməkdir milləti...

Təəssüf ki, bunun aydın təzahürləri ilə üz-üzəyik. Düşmən əli, düşmən barmağı olduğu aydın görünür. Sifarişçilər – xarici erməni dairələrdir, icraçılar – içimizdəki “5-ci kolon”un tanınmış nümayəndələri...

Tovuzda baş verənlər Qarabağla bağlı siyasi oyun ola bilər, Rusiyanın, Qərbin maraq toqquşmaları, Paşinyanın cəzalandırılması... - hər şey ola bilər. Ancaq hər nə olursa-olsun, bizim Qarabağ üçün döyüşməyimizə əngəl ola bilməz, olmamalıdır.

Bu Vətən üçün əlimizdən heç nə gəlməyəndə dua edək. Sadəcə, dua edək. Sakitcə, səssizcə Ordumuz üçün, Əsgərlərimiz üçün, Şəhidlərimiz üçün, Qarabağ üçün, Qələbə üçün dua edək...

Sonra ona da vaxtımız olacaq ki, digər çox vacib vəzifələrimiz, görəvlərimiz barədə düşünək...

İlk olaraq şəhidlərimizin valideynlərinə, dul qalan həyat yoldaşlarına, yetim qalan övladlarına sahib çıxaq, onların övladsızlıq, atasızlıq, kimsəsizlik hiss etməmələri üçün nə mümkündürsə, edək. Bu ölkədə ən firavan həyatı şəhid balaları yaşamalı, ən yaxşı təhsili onlar almalıdır. Onların heç bir maddi problemi, sıxıntısı, qayğısı olmamalıdır.

Bunun üçün nə edə biləriksə, etməliyik, edəcəyik...

Qalanı təfərrüatdır...

Aynur Camalqızı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR