Bu, vətənpərvər gənclərin saf ruhuna və Ordumuza xəyanətdir - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu, vətənpərvər gənclərin saf ruhuna və Ordumuza xəyanətdir - Deputat

“Orduya dəstək nümayişlərini izlədim. Deyərdim ki, həmin yürüşdə Azərbaycanın həqiqətən vətənpərvər, dövlətinə və millətinə sadiq gəncləri var idi. Onlar bunu səsləndirdikləri şüarlarda da ifadə edirdilər. “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Ali Baş Komandan, bizə silah ver!”, “Şəhidlərin qanı yerdə qalmayacaq!” və buna bənzər şüarların şahidi olduq. Eyni zamanda, Şəhidlər Xiyabanı qarşısında bəzilərinin çağırışlarının vətənpərvər gənclərimizin alqışları ilə qarşılanması hər birimizi qürurlandırdı”.

Bu sözləri Publika.az-a danışan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, bununla bərabər hiss olunurdu ki, onların arasında ürəyi Vətənlə, torpaqla olan, Ordumuza dəstək vermək və dövlətimizin yanında olmaq üçün toplaşanlarla yanaşı, bunun əksini fikirləşənlər də var idi:

“Onların bəzilərinin səsləndirdiyi şüarlar kütlə tərəfindən çox təkrar olunmasa da, aydın eşidilirdi. Dəfələrlə nümayişçilərin diqqətli olmaları ilə bağlı çağırışlar edilməsinə baxmayaraq, xüsusi təlimat alan bəzi radikal qüvvələr buna əməl etmirdilər. Mən onların içərisində dini radikalları da sezirdim. Eyni zamanda, ayrı-ayrı dövlətlərin müəyyən şəbəkələri içərisində yer alan insanlar da var idi. Onların niyyəti heç də Ordumuzu dəstəkləmək, Ordumuzla, dövlətimizlə bərabər olmaq deyildi. Onların məqsədi yaranmış situasiyadan istifadə edərək təxribat törətmək idi. Bu təxribatın da törədilməsinə məhz o qrup nail oldu. Onlar Milli Məclisə zorla daxil oldular.

Deyərdim ki, polis əməkdaşları çox yüksək təmkinlik nümayiş etdirdi və bunu çox doğru etdilər. Çünki, başqa cür hərəkət xoşagəlməz vəziyyət yarada bilərdi. Ona görə də onlar heç bir müqavimətə rast gəlmədən Milli Məclisə daxil oldular. Orada monitoru ayaq altına atdılar, çilçırağı vurub yerə salmağa çalışırdılar, tavanları saxlayan dirəklər zədələndi, şüşələr sındırıldı. Bu, vəhşilikdir, təxribatdır. Bunu qəti şəkildə pisləyirəm. Bu, Azərbaycan xalqına, vətənpərvər gənclərin saf ruhuna, Ordumuza, dövlətimizə xəyanətdir və birbaşa ermənilərin yanında olmaq deməkdir. Tamamilə əminəm ki, Azərbaycanın peşəkar hüquq-mühafizə orqanları və peşəkar istintaqçıları bu cinayəti, təxribatı törədənləri müəyyənləşdirərək istintaqa cəlb edəcək, onlar qanunlarımız qarşısında ciddi şəkildə cəzalandırılacaqlar. Buna şübhəm yoxdur”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm