90-cı illərdəki təxribatların iştirakçıları bu qruplaşmalarda cəmləşib - Deputat
Bizi izləyin

Nida Təhlil

90-cı illərdəki təxribatların iştirakçıları bu qruplaşmalarda cəmləşib - Deputat

“Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi vaxtda bir qrup şəxs Bakının küçələrində iğtişaş yaratmağa cəhd etdi və Milli Məclisin binasına girərək vəhşiliklər törətdi, polis əməkdaşlarına zor tətbiq olundu. Bunu nümayişdə iştirak edən hər kəsə şamil etmək olmaz. Təmiz niyyətlə Orduya, dövlətə dəstək məqsədilə öz səslərini ucaldan vətənpərvərlər içərisinə bəd və xəyanətkar niyyətli, təxribat əməlləri törətmək məqsədi olan müəyyən qrup və ya qruplaşmalar daxil olmuşdu”.

Bu sözləri Publika.az-a açıqlamasında deputat Elman Məmmədov deyib.

Onun sözlərinə görə, bu qruplar həmin hadisələri təşkil etməyə, hüquq-mühafizə orqanlarına qarşı müqavimət göstərməyə, onları təhqir etməyə, müəyyən xəsarətlər yetirməyə, onların nəqliyyat vasitələrinə ziyan vurmağa cəhd ediblər:

“İstiqaməti isə Milli Məclisə yönəltdilər. Məzuniyyətdə olmağıma baxmayaraq, hazırda Milli Məclisdəyəm. Jurnalistlər də, biz də şahidi oluruq ki, bu təxribatçılar Parlament binasında nə oyun çıxarıblar və ziyan vurublar. Bu, hakimiyyətə, dövlətə qarşı olan bir təxribatdır. Onların görüntüləri təhlükəsizlik kameralarında var və həmin şəxslərə layiqli cavab veriləcək. Düşünürəm ki, cəbhədə döyüşlərin getdiyi gərgin vaxtda paytaxtda belə bir təxribat törətmək birbaşa olaraq təhlükəsizliyimizə və dövlətçiliyimizə qarşı olan təhlükədir. Bu təxribatı törədənlər ən ciddi qanunla, qanunun tələb etdiyi qaydada cəzalarını almalıdırlar.

90-cı illərin əvvəllərində də bu hadisələrin çox şahidi olmuşam. Torpaqlarımız Qarabağda təhlükə altında olanda, düşmən torpaqlarımızı işğal edəndə, ermənilər Xocalıda soyqırımı törədəndə bunlar eyni hərəkətləri Bakıda edirdilər. Bu təxribatların o vaxtkı iştirakçılarının xeyli hissəsi yenə ortalıqdadır və həmin qruplaşmalarda cəmləşiblər. Hesab edirəm ki, bu, nə dövlətimizə və dövlətçiliyimizə, nə də xalqımıza və millətimizə yaraşan hərəkətdir. Azərbaycan Ordusu cəbhədə düşmənə qarşı döyüş aparır, itkilər verir, burada isə həm xaricdən, həm də daxildən müəyyən antimilli qüvvələr tərəfindən istiqamətləndirilən qruplar öz xəyanətkar əməllərini həyata keçirməyə çalışırlar. Sözsüz ki, düşmən bizdən dəfələrlə artıq itki verib, onlara sarsıdıcı zərbələr vurulub. Dövlətimiz və Ordumuz güclüdür, müvafiq hüquq-mühafizə orqanlarımız ayıq-sayıqdır və yerindədirlər. Təxribatçılar cəzalarını alacaqlar”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm