Ordumuz yaranmış vəziyyətə adekvat hərəkət etdi - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Ordumuz yaranmış vəziyyətə adekvat hərəkət etdi - ŞƏRH

“2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular. Azərbaycan dövləti və Ordumuz bu təxribatı və onun arxasında gizlənən məkrli niyyətləri də nəzərə alaraq, yaranmış vəziyyətə uyğun adekvat hərəkət etdi”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib.

O bildirib ki, Azərbaycan Ordusu Ermənistanın bu təxribatının qarşısını almaq üçün əsgərindən generalına qədər eyni səngərdə, bir sırada durub və düşmənə layiqli cavab verərək, ona ağır zərbələr endirib: “Bu ağır döyüşlərdə şəhidlərimiz də var. Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymadı, Ermənistan ordusunun dayaq nöqtələri darmadağın edildi. Ermənlər həm canlı qüvvə, həm də hərbi texnika, hərbi resurs baxımından böyük itkilər verdi. 2016-cı ilin aprel döyüşlərində olduğu kimi bu dəfə də erməni tərəfi bu döyüşlər zananı da həmin ərazidə yaşayan mülki əhaliyə qarşı da müxtəlif cinayətlər törətdilər. Belə ki, iyulun 14-də Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun yaşadığı evə odlu silah mərmisinin atılması səbəbindən 76 yaşlı vətəndaşımız aldığı çoxsaylı qəlpə xəsarətləri nəticəsində həlak oldu. Eyni zamanda Ermənistan tərəfindən hərbi təxribatla törədilən ərazilərdə mülki əhaliyə də ciddi ziyan dəyib”.

Deputat qeyd edib ki, bununla əlaqədar olaraq, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında operativ surətdə sərəncam verməsini müsbət qiymətləndiririk: “Həmin Sərəncamda qeyd olunur ki, dəymiş ziyanın qiymətləndirilməsini İqtisadiyyat Nazirliyi fövqəladə Hallar Nazirliyi ilə birlikdə qısa müddətdə təmin edib, məlumatları Nazirlər Kabinetinə təqdim etsin. Nazirlər Kabineti də ziyanın aradan qaldırılması, zərər vurulan obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Prezidentə təqdim etsin. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə istər Bakıda, istərsə də cəbhə bölgəsində və digər yerlərdə keçirilən yürüşlər və digər tədbirlər, eləcə də soydaşlarımızın dünyanın xeyli ölkəsində Ermənistanın işğalçı siyasətinə qarşı etiraz aksiyaları göstərir ki, bütün ölkə və xaricdə yaşayan azərbaycanlılar Ordumuza dəstək vermək üçün ayaq üstədir. Azərbaycan xalqı qətiyyətlə tələb edir ki, şəhidlərimizin qanı yerdə qalmamalı, onların ruhunu da şad etmək üçün torpaqlarımızın işğalına son qoyulmalıdır!”

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm