Paşinyan tərəfindən irəli sürülən “tezislər” yeni deyil - Şəfiyev
Bizi izləyin

Nida Təhlil

Paşinyan tərəfindən irəli sürülən “tezislər” yeni deyil - Şəfiyev

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən beynəlxalq ictimaiyyəti özünün “yeni tezisləri” ilə çaşdırmağa çalışır. Bununla əlaqədar olaraq onun danışıqların gələcəyi ilə bağlı irəli sürdüyü “tezislər”ə dair bir sıra məsələləri qeyd etmək çox vacibdir.

Publika.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

O deyib: Birincisi, sülh yolu ilə danışıqlar 26 ildir aparılır və bu danışıqlar ömürlük sürə bilməz. 2019-cu il və 2020-ci ilin 1-ci yarısında təmas xəttində sülh üçün vacib şərait yaradıldı. Lakin biz Ermənistan tərəfdən faktiki olaraq bunun əksini gördük. Bu müddətdə Ermənistan baş naziri Nikol Paşinyan iki dəfə danışıqlar prosesini pozmağa yönəlmiş bəyanatlar səsləndirdi.

İlk olaraq o, bunu 2019-cu ilin martında Minsk danışıqları formatını dəyişməyə cəhd etməklə, ikinci dəfə isə “Dağlıq Qarabağ Ermənistandır” bəyanatını səsləndirməklə etməyə çalışdı. Bununla bərabər N.Paşinyan öz fikirlərinə əks olan bəyanatlar səsləndirir. Bir tərəfdən o, “tezislər”ində bildirir ki, Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Eyni zamanda, deyir ki, Dağlıq Qarabağ Ermənistandır. Beləliklə, onun fikirləri bir-birinə ziddiyyət təşkil edir.

Danışıqların formatı heç bir halda dəyişdirilə bilməz. Bu, Azərbaycan üçün qəbuledilməzdir. Münaqişə Ermənistanla Azərbaycan arasındadır və bizim torpaqlarımız Ermənistan tərəfindən işğal edilib. ATƏT tərəfindən 1992-ci ilin martında qəbul edilmiş fundamental sənəddə danışıqlarda iştirak edən tərəflər dəqiq şəkildə göstərilir. Həmin sənəddə qeyd edilir ki, Dağlıq Qarabağ nümayəndələri müvafiq irəliləyiş əldə olunarsa, danışıqlar prosesinə cəlb edilə bilərlər. Lakin belə bir irəliləyiş yoxdur. Əgər mart sənədində “Dağlıq Qarabağ nümayəndələri” ifadəsi qeyd edilirsə, həmin ilin sentyabrında Minsk konfransına sədrlik edən İtaliya nümayəndəsi tərəfindən Dağlıq Qarabağ dedikdə hər iki icmanın - erməni və Azərbaycan icmasının nəzərdə tutulduğuna dair aydınlıq gətirilir. Orada açıq qeyd edilir ki, erməni icması Azərbaycan icması üzərində heç bir üstünlüyə malik deyil.

N.Paşinyanın danışıqların davam etdirilməsinə dair səsləndirdiyi digər tezislərə, xüsusilə Azərbaycanın hərbi silahların alınmasını artırmaq istədiyinə dair fikirlərinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan öz məqsədini heç zaman gizlətmir. Danışıqların məqsədi sülh yolu ilə həll deyil, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməkdir. Sülh yolu ilə nizamlama yekun məqsədə çatmaq üçün bir yoldur. Yekun məqsəd isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir.

Qeyd etmək lazımdır ki, N.Paşinyan tərəfindən irəli sürülən “tezislər” yeni deyil. Onlar 2019-cu il boyunca səsləndirilib və ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən rədd edilib. Onlarda yeni heç nə yoxdur. Təbii olaraq bu “tezislər” növbəti dəfə həm ATƏT-in Minsk qrupu həmsədrləri, həm də Azərbaycan tərəfindən rədd ediləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm