Azərbaycan diasporu Paşinyanı buna məcbur etdi: Ermənilərə gözlənilməz zərbə...
Bizi izləyin

Nida Təhlil

Azərbaycan diasporu Paşinyanı buna məcbur etdi: Ermənilərə gözlənilməz zərbə...

Ermənistanın baş naziri Nikol Paşinyan Diasporla İş üzrə Komissarlıqda təmizləmələrə start verdi. 13 nəfəri işdən çıxardı, diasporla iş üzrə komissar Zareh Sinanyanı danladı. Erməni mediası yazır ki, buna səbəb Tovuz döyüşlərindən sonra xaricdə erməni diasporunun səmərəli işləyə bilməməsi, Azərbaycan diasporunun qarşısında aciz qalmasıdır.

Uzun illər erməni diasporunun güclü olması haqda tabu mövcud olub. Bunun bir sıra obyektiv səbəbləri var: tarix boyu dövləti olmayan ermənilər dünyanın müxtəlif ölkələrinə səpələnib və getdikləri yerlərdə icma halında yaşyıblar; yaşadıqları yerlərdə əldə etdikləri gəlirləri erməni uydurmalarının təbliği üçün xərcləyiblər; siyasətçilərdən tutmuş media resurslarına qədər müxtəlif sferaları satın alıb biliblər;

ABŞ, Fransa kimi ölkələr də daxil olmaqla bir çox ölkədə çoxsaylı erməni yaşayır və bu da erməni diasporunun güclü olmasını şərtləndirən amillərdən biridir. Misal üçün, Los-Ancelesdə “kiçik Ermənistan” məhəlləsi yaradılıb, eləcə də “Armenia Power” adlanan erməni mafiyası şəhərin küçələrində “hakimlik” edir. ABŞ-da prezidentliyə namizədlərin erməni seçicilərin səsini qazanmaq üçün “erməni soyqırımı” məsələsindən kart kimi istifadə etməsi adətə çevrilib. Belə faktlar kifayət qədərdir və məntiqi ardıcıllığa görə, Tovuz döyüşlərindən sonra erməni diasporunun beynəlxalq ictimaiyyəti Azərbaycanın əleyhinə çevirəcəyi gözlənilirdi. Paşinyan hakimiyyətinin planı da belə idi:

- Tovuz istiqamətində hücumla Paşinyanın erməni cəmiyyətində “qalib obrazı” yaradılacaqdı;

- Hücumu Ermənistan-Azərbaycan sərhədində etməklə üzvü olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) rəsmi Bakıya qarşı hərəkətə keçirəcək, beləliklə, regional dəstək əldə edəcəklərdi;

- Sərhəd təxribatından dərhal sonra müxtəlif ölkələrdə, xüsusilə Qərbdə erməni diasporu hərəkətə keçəcək, azərbaycanlılara və Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar təşkil olunacaq və beynəlxalq ictimaiyyətdə rəsmi Bakının “təcavüzkar” imicini yaradacaqdılar, I Qarabağ müharibəsində olduğu kimi;


Hərbi cəbhədə Azərbaycan Ordusu işğalçı ölkəyə ağır zərbələr endirdi. Ermənistan yüzlərlə canlı qüvvə və hərbi texnika itirərək, geri çəkildi, strateji yüksəkliklər ordumuzun nəzarətinə keçdi.

Diplomatik cəbhədə işğalçı ölkə üzvü olduğu KTMT də daxil olmaqla, heç bir beynəlxalq təşkilatdan və ölkədən dəstək almadı.

Diaspor, yəni beynəlxalq ictimai rəyin yaradılması cəbhəsi bu planın sonuncu halqası, həm də hərbi-diplomatik cəbhədə məğlub olan Paşinyan hakimiyyətinin sonuncu ümidi idi.

Tovuz təxribatından (12 iyul) təxminən bir həftə sonra erməni diasporu hərəkətə keçdi: müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza hücumlar təşkil etdilər, bunun fonunda Bakını “hücum edən tərəf” kimi göstərməyə çalışdılar. Lakin Azərbaycan bu cəbhədə də işğalçı ölkəyə qalib gəldi. I Qarabağ müharibəsindən sonra ilk dəfədir ki, diasporumuz “köklü” erməni diasporunu üstələyə bildi.

1. Tovuz təxribatından dərhal sonra dünyanın dörd bir yanında diaspor təşkilatlarımız erməni təcavüzünə qarşı dinc etiraz aksiyalarına başladı. İyulun 23-nə olan məlumatda 25 ölkədə 56 aksiya keçirildiyi qeyd olunurdu. Sonrakı günlər bu aksiyaların sayı daha da artdı.

2. Diasporumuz sivil şəkildə Ermənistanın təcavüzkar siyasətini ifşa etdi: aksiyalarla yanaşı, həqiqətlərin çatdırılması üçün yaşadıqları ölkələrin yerli mediasından və digər vasitələrdən aktiv şəkildə istifadə etdilər.

Azsaylı Azərbaycan diasporu çoxsaylı erməni diasporunu aciz vəziyyətdə qoydu. Ermənilərin müxtəlif ölkələrdə (ABŞ, Belçika, Ukrayna, Rusiya və s.) soydaşlarımıza qarşı vandalizm hücumlarına əl atmasının səbəblərindən biri də məhz məğlub vəziyyətə düşmələri idi. Erməni diasporu faktiki olaraq, gözləmədiyi mənzərə ilə qarşılaşmışdılar. Həm Azərbaycan diasporunun geri çəkilməsi, həm də beynəlxalq ictimaiyyətdə Azərbaycanı “hücum edən tərəf” kimi göstərmək məqsədilə təxribat hücumlarına əl atdılar, lakin bu hücumlar qarşısında soyuqqanlılı və praqmativ davranan diasporumuz dünyaya gerçək vandalın ermənilər olduğunu göstərdi.

I Qarabağ müharibəsindən sonra ilk dəfə dünya gerçəyin – Ermənistanın təcavüzkar simasının çılpaqlığı ilə şahidi oldu.

Hərbi və diplomatik cəbhədə düşmənə qalib gələn Azərbaycan diaspor işində də Ermənistanı geridə qoydu.

Nikol Paşinyanın Diasporla İş üzrə Komissarlıqda təmizləmələrə başlaması, komissar Zareh Sinanyanla mübahisə etməsinin səbəbi də məhz diasporumuzun uğurunun sübutudur.

“Past” qəzeti yazır ki, Paşinyan diasporla iş üzrə komissar Sinanyanın “yoxa çıxması”ndan qəzəblənib.

Diaspor komissarlığında təmizləmələrin səbəbi səmərəsiz fəaliyyətdir. Son dövrlər Azərbaycan diasporunun aktiv fəaliyyəti fonunda erməni diasporunun sönük və səmərəsiz fəaliyyəti açıq hiss olunur. Xüsusilə ermənilərin çoxluq təşkil etdiyi ölkələrdə passivlik müşahidə olunurdu. Komissar Sinanyan isə sanki “yerin altına” girmişdi. Hökumətdəki mənbələr bildirir ki, Paşinyan Sinanyanla olduqca sərt söhbət edib, onun üzünə uğursuz olduğunu deyib. Söhbətin sonunda Paşinyan komissara tapşırıq verib ki, qısa müddətdə diaspor işini düzəltsin və ona məruzə etsin”, - qəzet yazır.

Əslində diaspor komissarlığında təmizləmələri Nikol Paşinyanın hərbi, diplomatik və diaspor cəbhəsində məğlubiyyətini ört-basdır etmək üçün “günah keçisi” düzəltmək gedişi kimi də qiymətləndirmək olar. Nikolun Sinanyana verdiyi tapşırıq diaspor işində daha hiyləgər və məhsuldar şəxslərin vəzifəyə gətiriləcəyini deməyə əsas verir. Erməni baş nazir bununla məğlubiyyəti pərdələmək istəsə də, erməni ictimaiyyətində etiraz səsləri ucalmaqdadır.

Hakimiyyətə yaxın şərhçi Akop Badalyan belə yazır ki, son hadisələr zamanı (Tovuz döyuüşlərindən sonrakı proseslər - red) Rusiyadan tutmuş, Avropa və ABŞ-a qədər erməni diasporunun zəif fəaliyyəti göz önündə idi: “Komissarlığın işi effektsiz və qeyri-adekvat oldu. Lakin Paşinyanın bu addımı həm də hökumətin bu məğlubiyyətdə öz payını qəbul etdiyini təsdiqləməsidir”.

Siyasi şərhçi Artur Karapetyan da qeyd edir ki, erməni diasporu Azərbaycan diasporu qarşısında məğlub oldu: “Hər şeyi öz adı ilə çağırmalıyıq. Hakimiyyət diaspor işində geri qaldı. Diaspor fəaliyyəti ardıcıl olmaq əvəzinə, yalnız hay-küy düşəndə ortaya çıxır və bu, nəticənin ürəkaçan olmamasına səbəb olur”.

Erməni diasporunu aciz vəziyyətə salan Azərbaycan diasporu həm də Nikol Paşinyanı “təmizləmələr” aparmağa məcbur etdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm