“Ermənigeyt”: Rusiyanın işğalçıya gizli silah satışı və Minsk Qrupunun sonu...
Bizi izləyin

Nida Təhlil

“Ermənigeyt”: Rusiyanın işğalçıya gizli silah satışı və Minsk Qrupunun sonu...

Prezident İlham Əliyev avqustun 12-də rusiyalı həmkarı Vladimir Putinə zəng etdi. İki ölkə lideri ikitərəfli münasibətlərdən tutmuş erməni hərbi birləşmələrinin iyulun 12-də Tovuz istiqamətində törətdiyi hərbi təxribata qədər bir sıra məsələlər müzakirə olunub. Telefon zənginin məqsədinin Ermənistana çatdırılan silahlar olması xüsusi diqqət çəkir.

Telefon zənginin əsas məqsədi: Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edilərək, bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Bu məqam Azərbaycan liderinin beynəlxalq arenada milli maraqlarımızı qətiyyət və xüsusi prinsipiallıqla müdafiə etdiyinin növbəti nümunəsidir. Hansı ölkənin, yaxud beynəlxalq təşkilatın olmasından asılı olmayaraq, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarına təsir edən istənilən məsələnin üzərinə gedir, tələb edir və həllinə nail olur. Azərbaycan liderinin Ermənistana silah satılmasını Putinin qarşısında qaldırması da bu prosesin davamıdır.

Ermənistana daşınan silahlar...

Rusiyanın illərdir işğalçı Ermənistana silah verməsi, daha doğrusu əksər vaxt pulsuz çatdırması, bəzən də daxili bazar qiymətinə satması hər kəsə bəllidir. Erməni hərbi birləşmələrinin Tovuz istiqamətində hərbi təxribatı ərəfəsində Rusiyadan yeni silah partiyası işğalçı Ermənistana daşınırdı və böyük ehtimalla təxribat hücumu ilə diqqəti bu faktdan yayındırmaq da istəyirdilər. Lakin daşınma sonrakı günlərdə də davam etdirildi. Bununla bağlı faktlar “minval.az” saytında dərc olunub.

17 iyul-4 avqust tarixləri arasındakı müddətdə 7 reys həyata keçirilib:

Rusiyanın İl-76 təyyarələri ilə həyata keçirilən reyslərin ikisi 17 iyulda, Tovuz istiqamətində döyüşlərin qızğın dövründə həyata keçirilir. Digər reyslər 18, 20, 27, 29 iyul və 4 avqust tarixlərində gündə 1 dəfə olmaqla rellaşıb. reys olmaqla cəmi 5 reys reallaşıb.


İl-76-lar hərbi yükləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Reşt-Mehri-İrəvan marşrutu üzrə Ermənistana gətirib. Burada diqqətçəkən əsas məqam uçuşun 2 min kilometrdən çox məsafədə təşkil edilməsidir, hərçənd, Rusiyadan Ermənistana ən yaxın məsafə Gürcüstan üzərindəndir. Cəmi 500 kilometr. Görünür, rəsmi Tbilisi Bakı ilə münasibətlərə görə prinsipiallıq nümayiş etdirib və rus təyyarələrinin uçuşuna icazə verməyib. Məhz buna görə rus təyyarələri Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə etməyə məcbur olub. Məlumatlara görə, Rusiya Ermənistana 280 ton civarında silah-sursat çatdırıb. Yükün tərkibinə real müharibə şəraitində istifadə olunan “Krasuxa”, “Avtobaza”, “Sky-M”, repitorlar və s. o cümlədən, yeni hərbi-elektron texnologiyalara əsaslanan müasir radioelektron mübarizə vasitələri də daxildir.

Marşrutun uzun seçilməsində əsas detallardan biri də Rusiyanın bu silahları Ermənistana gizli şəkildə çatdırmasıdır. Moskva və İrəvan arasında hərbi əməkdaşlıq mövcuddur, Rusiya özünümüdafiə üçün “bölgədə hərbi balansı qorumaq üçün Azərbaycana da, Ermənistana da satırıq” deyə bildirir. Ermənistana satılan silahların daxili bazar qiymətinə olması və bir çox hallarda pulsuz verilməsi faktı da mövcuddur. Lakin bu dəfə söhbət gizli silahlanmadan gedir. Faktlar təsdiqləyir ki, şimal qonşumuz işğalçı ölkəni gizli şəkildə Azərbaycana qarşı silahlandırır.

Bu proses yeni deyil, hələ 1990-cı illərin ortalarından etibarən həyata keçirilir. 1997-ci ilin 2 aprelində general-mayor Lev Roxlinin Dövlət Dumasının qapalı iclasında çıxışı zamanı dedikləri bunun təsdiqidir.

Rusiyalı general bildirirdi ki, Ermənistana zavodda çıxmış yeni silahlar göndərilir, lakin bu yüklər rəsmi sənədlərdə metal qırıntısı olaraq qeydə alınır. O, Ermənistana verilən silahlara görə Rusiyanın 1 milyard dollar zərər etdiyini də açıqlamışdı.

Rusiya mediasının “ermənigeyt” (ABŞ-da prezident Niksonun istefası ilə nəticələnən “Uotorgeyt” əməliyyatına istinadən) adlandırdığı bu açıqlamalarda Ermənistana tonlarla silahın pulsuz verildiyi öz əksini tapır. (Mənbə).

Faktlar ortadadır. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiya bu addımları ilə işğalçı ölkəyə dəstək verir.

- Ermənistanın silahlandırılması münaqişədə mövcud status-kvonun saxlanılmasına və işğalın davam etməsinə xidmət edir;

- Acınacaqlı və aciz durumda olan Ermənistan ardıcıl zərbələr alır, Tovuz döyüşləri bunun əyani sübutu oldu. Buna görə də silahlar Ermənistana pulsuz verilir;

- Silahlandırma həmçinin, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir;


- Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT MQ-nin həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin “Böyük səkkizliy”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməliyi prinsipinə ziddir.

Bu vəziyyətdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti mümkünsüz görünür. Çünki vasitəçilik missiyası illərdir üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Məhz buna görə Minsk Qrupu buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, format dəyişikliyi edilməli və indiki halda balansı qorumaq üçün Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm