Paşinyan BBC-də çətin vəziyyətə düşdü: Biabırçı cavablar və özünüifşa...
Bizi izləyin

Nida Təhlil

Paşinyan BBC-də çətin vəziyyətə düşdü: Biabırçı cavablar və özünüifşa...

Ermənistanın baş naziri Nikol Paşinyan BBC-nin “Hard Talk” verilişinə müsahibə verib. Sınıq-salxaq ingiliscəsi ilə diqqət çəkən Paşinyanın suallar qarşısında aciz qaldığı, cavabları ilə özünü ifşa etdiyi müsahibə boyunca müşahidə olunur.

“Hard Talk” verilişi protokol müsahibələrdən fərqlənir. Bu verilişdə aparıcı müsahibini çarpaz suallar atəşinə tutur və adətən tənqidlərdən qaçmır. Çarpaz suallarla üzləşən Paşinyan isə çıxış yolunu faktları inkar etməkdə və öz iddialarını fakt kimi sırımağa çalışmaqda gördü, lakin aparıcı Stiven Sakur erməni baş naziri ironik üslubu ilə küncə sıxışdırdı.

Həbslər fonunda “islahatlar”

S.Sakur Paşinyandan Ermənistandakı vəziyyəti soruşur və diqqəti siyasi opponentlərin həbsləri üzərinə gətirir.

Nikol abırsız yalanlarından əl çəmir, iddia edir ki, “o, 2018-ci ilin yazında kütləvi etiraz dalğası ilə hakimiyyətə gəldi və həmin ilin dekabrında “dürüst” “şəffaf” seçki ilə qələbə qazandı”.

2018-ci ilin 9 dekabrında Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi və Paşinyan “qələbə qazandı”. Nikol “şəffaf” seçkidən danışır, amma gerçəkdə necə oldu.

“168 jam” qəzeti yazırdı ki, Paşinyanın komandası 7 və 8 dekabrda, həmçinin seçki günü – 9 dekabrda Respublika Partiyasının seçki qərargahlarına gözlənilməz məqamda müdaxilə etdi və müxalifətin fəaliyyəti neytrallaşdırıldı.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ermənistanda seçkiöncəsi təşviqat kampaniyası zamanı İctimai Televiziyanın qüvvədə olan hakimiyyətin – Nikol Paşinyanın təbliğat ruporuna çevrildiyini açıqladı. Hesabatda Paşinyanın seçki təbliğatında inzibati resurslardan istifadə etdiyi qeyd olunurdu. DTİHB seçkiöncəsi atmosferi tənqid etdi və bəyan etdi ki, “Ermənistanda ictimai rəyi çaşdırmaq üçün yalan məlumatlar verilir və siyasi opponentlərə nifrət dalğası yaradılır, hakimiyyətin, xüsusilə Nikol Paşinyanın tənqidinə isə imkan verilmir”.

Milyonlarla seçici səsvermə hüququndan məhrum edildi. Paşinyanın qərarı ilə xaricdə yaşayan Ermənistan vətəndaşları səsvermədə iştirak edə bilmədilər. Təkcə Rusiyada 500 min Ermənistan vətəndaşı yaşayır. Digər ölkələrdəki sayı da əlavə etsək, bu, milyonlarla seçici deməkdir.

“Jamanak” qəzeti yazırdı ki, kənd icmalarının rəhbərlərinə öz ərazilərində Nikol Paşinyanın xeyrinə səs toplamaq və qutudan məhz “Mənim addımım” blokunun namizədinin çıxmasını təmin etmək tapşırığı verilmişdi. Kənd icma rəhbərlərinin təhdid edildiyini qeyd edən qəzet bildirirdi: “Əgər onların icmasında başqa partiya qalib gələcəksə, istefa etməyə məcbur olacaqlar. “Mənim addımım” blokunun namizədləri namizəd olduqları ərazilərdə hörmətli şəxsləri müxtəlif yollarla – pul, vədlər – ələ alıblar”.

“168 saat” saytı başqa bir məqaləsində yazırdı ki, Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni hərbi birləşmələrinin əsgərlərini onun təmsil olunduğu bloka səsverməyə məcbur edir: “Qarabağda xidmətdə olan əsgərlər valideynlərinə zəng edərək, 9 dekabrda Qoris və Qapan rayonunda olacaqlarını bildiriblər. Onlar valideynlərinə bildirirlər ki, görüşmək üçün seçki günü həmin rayona gəlsinlər. Hərbi qulluqçular danışırlar ki, onlara əzizləri ilə görüşməyə o şərtlə icazə verirlər ki, seçkidə Nikol Paşinyanın liderlik etdiyi “Mənim addımım” blokuna səs versinlər”.

Nikolun danışdığı “azad və şəffaf” seçkilərin inzibati resurslar və təzyiqlər vasitəsilə keçirildiyinə dair kifayət qədər fakt var.

Bu faktlar fonunda aparıcı S.Sakurun Paşinyanın cavabını ironiya ilə qarşılaması təsadüfi deyildi.

Ermənistanın baş naziri isə uydurmalarına davam edir. İddia edir ki, koronavirusla effektiv mübarizə aparırlar və iqtisadi inkişafa görə bütün Avropanı geridə qoyublar.

Ötən il Ermənistan 7,6 faiz inkişafla Avropada rekord iqtisadi artıma nail oldu. Pandemiya bizim “uçuşumuzun” qarşısını kəsdi, lakin biz buna davam edəcəyik”, - Nikol deyir.

Burada “uçuşumuz” sözü hərfi tərcümə olunub, amma Paşinyanın iddiaları ilə reallıq arasındakı uçurumu ifadə edəcək ən yaxşı məcazdır. Erməni baş nazirin iddiasına görə, ölkəsi “uçurmuş”, heyif ki, pandemiya buna imkan vermədi.

Ermənistan iqtisadiyyatı həqiqətən “uçur”, amma uçuruma doğru. Ölkədə sosial-iqtisadi vəziyyətə görə demək olar ki, hər həftə etirazlar keçirilir, hökumət binası önündə “Paşinyan aşağı düş” tələbləri irəli sürülür. Bununla yanaşı, Ermənistan koronavirus pandemiyası ilə mübarizədə “sinifdə qaldı”. Hazırda Ermənistan əhalisinin sayı ilə müqayisədə yoluxma hallarına görə dünyada ilk onluqdadır.

Ölkədə tətbiq olunan karantin rejimi fonunda əhalinin sosial vəziyyəti acınacaqlı hala düşüb. Hökumət binası önündə keçirilən aksiyalardan birində avtobus sürücüsü belə deyir: “Anlamaq istəyirik ki, kim bizə kömək edəcək. Mən quş deyiləm ki, uçam, yaxud heyvan deyiləm ki, ot yeyəm, insanam və çörək istəyirəm. Mənim ailəm var, uşaqlarıma necə deyim ki, biz sürücüləri işləməyə qoymurlar, ona görə bu ay dözün, çörək yeməyin”.

“Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədri Xaçik Asryan bildirir ki, “Nikol iqtiadiyyata və müəssisələrə qrup və maliyyə maraqları ilə yanaşır. Heç bir müəssisə ölkəyə investisiya yatırmır, çünki hakimiyyətdə olanlar inzibati güclərindən istifadə edərək, başqalarının əmlakını mənimsəməyə çalışır. Paşinyanın sayəsində Ermənistanın sosial siyasəti məhv oldu. Ölkədə işsizlik gündən-günə artır, yüz minlərlə soydaşımız ac və ümidsiz vəziyyətdədir”.

Paşinyan isə hər şeyin yaxşı olduğunu iddia edir və opponentlərinin tənqidlərini qəbul etmir.

Aparıcı ondan xalqdan tələb olunduğu halda koronavirusla mübarizə vasitələrindən (tibbi maska taxmaq, yaxud kütləvi toplaşmaq və s.) hökumət üzvlərinin istifadə etməməsinin, banketlərin keçirilməsinin səbəbini soruşur. Paşinyan cavabında iddia edir ki, onlar qaydalara riayət edirdilər. Bununla yanaşı, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçı rejimin yeni “prezidentinin” Şuşada keçirilən “inaqurasiya mərasimi”ndə də karantin qaydalarına əməl etdiklərini iddia edir.

Aparıcı sualı dəyişdirsə də, cavabdan qane olmadığını açıq bəlli edir. Haqlıdır da. Paşinyan hər gün Feysbuk səhifəsində canlı yayımla əhaliyə müraciət edir, karantin qaydalarına əməl etməyi tələb edir, özü və hökumətinin üzvləri isə banketlər, təmtəraqlı məclislər təşkil edir, pandemiyanın ən qızğın çağında işğal altındakı Qarabağa qanunsuz səfər edərək, qondarma “inaqurasiya mərasimi” keçirir və məclis təşkil edirlər. Bu hadisələr erməni ictimaiyyətində ciddi rezonansa səbəb olmuşdu, amma Nikol hələ də “qaydalara əməl edirdik” iddiasından əl çəkmir.

Ardınca aparıcının müxalifətin təqib olunması ilə bağlı sualına cavabı belə olur: “Ermənistan demokratik ölkədir və müxalifət öz fikrini azad ifadə edə bilir. Mən xoşbəxtəm ki, ölkədə müxalifət indi daha azad hərəkət edir, inqilaba qədər vəziyyət başqa cür idi”.

Və “Freedom Hous” təşkilatının 2018-2019-cu illərdəki hesabatında Ermənistan hakimiyyətinin fəaliyyətinin yüksək qiymətləndirməsini xatırladır. Halbuki, “Freedom House” Ermənistanda islahatların olmadığını, Konstitusiya məhkəməsi ətrafında siyasi qalmaqalın baş verdiyini, hakimlərə cinayət işinin açıldığını, eləcə də siyasi opponentlərin həbsini də vurğulayırdı.

Aparıcı bu faktları Nikola təqdim edir və cavab gözləyir. Erməni baş nazirin cavabı isə olduqca gülməlidir: “Kimi həbs etmək, yaxud azad etmək məsələsini mən həll etmirəm”.

BBC qeyd edir ki, reallıq tamamilə başqadır. Milli Təhlükəsizlik Xidməti (SNB) və İstintaq İdarəsinin (SSS) rəhbərini baş nazir təyin edir və onlar baş nazirin göstərişi, yaxud xəbəri olmadan heç nə etmirlər. Bununla yanaşı, 2018-ci ildə SNB və SSS rəhbərlərinin internetdə yayılan telefon danışığını xatırladır. Həmin vaxt Paşinyan Ermənistan ordusunun keçmiş Baş Qərargah rəisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun həbsinə göstəriş vermişdi və telefon danışığında belə deyirdi: “Xahiş edirəm, ruslara görə Xaçaturovla çox ehtiyatlı olun...”.

Bu səs yazısını yayan “Yerevan.Today” saytının redaksiyasına polis basqını oldu və redaksiyanın əmlakı müsadirə olundu.

Nikol hazırda ölkədə “müxalifətin azad fəaliyyəti üçün şəraitin yaradıldığını” iddia edir, lakin onun hakimiyyətə gəlişindən sonra Ermənistanda siyasi opponentlər təkcə təzyiqə məruz qalmır, birbaşa həbsə atılır.

Paşinyanın hakimiyyətə gələn kimi keçmiş prezident Robert Koçaryanı həbs etməsi bunun ilk nümunəsidir. Uzun məhkəmə prosesindən sonra Koçaryan pul zamini qarşılığında azadlığa çıxsa da, onunla bağlı cinayət işi hələ də bağlanmayıb.

Ötən həftə İrəvanın sabiq meri və İctimai xidmətin tənzimlənməsi komissiyasının keçmiş sədri Robert Nazaryan keçmiş prezident Serj Sarkisyanın əleyhinə ifadə verməkdən imtina etdiyi üçün həbs olundu.

Ötən il “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini, “haynews.am” saytının rəhbəri Mqer Yegizaryanın siyasi fəaliyyətinə görə həbs olunmuşdu və o, həbsxanada 44 günlük aclıq aksiyasından sonra öldü.

Bu ilin iyun ayında parlamentdə ikinci böyük fraksiya olan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan hökuməti istefaya çağırdığı üçün Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldı. Sarukyanın həbsini reallaşdırmaq üçün Paşinyanın göstərişi ilə hakim “Mənim addımım” blokunun üzvləri parlamentdə onun deputatlıq toxunulmazlığını səsverməyə çıxaraq, ləğv etdilər. Səsvermə zamanı zalda yalnız hakim blokun deputatları var idi.

“Hraparak” qəzeti yazır ki, baş nazirin sifarişi ilə SNB-nin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyana qarşı da cinayət işinin hazırlanması üzərində iş aparılır.

Paşinyan hökuməti ölkədə Konstitusiya Məhkəməsini nəzarətə götürmək məqsədilə məhkəmənin sədri Hrayr Tovmasyana da cinayət işi açıb. Tovmasyanı susdurmaq üçün onun qohumlarına da təzyiqlər edilir.

Bütün bunların fonunda Paşinyan ironiyaya səbəb olan “müxalifətin azad fəaliyyəti təmin edilib” iddiasını davam etdirməkdən əl çəkmir.

Və nəhayət, Nikol müsahibədə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş verən son hadisələrlə bağlı suala cavab verir. Əvvəlki iddiaların davamı olaraq, bildirir ki, “hücumu Azərbaycan edib”.

Tovuz təxribatının erməni hərbi birləşmələr tərəfindən törədildiyi artıq beynəlxalq səviyyədə qəbul olunmuş faktdır. Ermənistanın üzvü olduğu KTMT-nin məsələ ilə bağlı neytral mövqe sərgiləməsi də bunun sübutlarından biridir. Ermənistanın iddialarının absurd olduğunu təsdiqləyən məqamlardan biri də güclü hərbi arsenala malik olan Azərbaycan ordusunun “UAZ-la hücuma keçməsi” uydurmasıdır.

Bu iddialara cavabı Ermənistanın “İravunk” qəzeti də verir. Qəzet yazır ki, “Paşinyan hakimiyyəti həm Azərbaycanın hücum etdiyini, həm də erməni ordusunun strateji yüksəkliyi ələ keçirdiyini iddia edir. Əgər biz müdafiə olunurduqsa, necə olur rəqibin postlarını tutmuşuq?!”.

Qəzet bu döyüşlərin Paşinyan üçün diqqəti ölkə daxilindəki sosial-iqtisadi vəziyyətdən yayındırmaq və Qarabağ danışıqlarından qaçmaq üçün sərf etdiyini yazır və bununla hücumun Ermənistan tərəfindən edildiyini təsdiq edir.

Erməni baş nazir müsahibədə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinin “min illər boyu ermənilərə məxsus” olduğunu deyir və qeyd edir ki, “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını buna görə verib. Ermənilərin XIX əsrin sonlarında Çar Rusiyası tərəfindən bölgəyə köçürüldüyü tarixi sənədlərdə əksini tapır. Bu, faktlatr Rusiyanın dövlət arxivlərində də var. Ümumiyyətlə tarix və faktlar “erməni uydurmalarını” alt-üst edir. Nikol isə abırsız formada yalan danışır, elə buna görə də bütün beynəlxalq platformalarda gülünc vəziyyətə düşür, müsahibədə düşdüyü vəziyyət kimi...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm