Ermənistanın “Gəncəni vurarıq” hədəsi və mülki əhaliyə HÜCUM PLANI
Bizi izləyin

Nida Təhlil

Ermənistanın “Gəncəni vurarıq” hədəsi və mülki əhaliyə HÜCUM PLANI

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “rəhbəri” Araik Aratunyan Gəncə şəhərini vurmaqla hədələyib. Aratunyan deyir ki, “Azərbaycana cavabı Gəncədə verəcəyik”.

Qarabağdakı separatçı rejimin İrəvan tərəfindən idarə olunması fonunda bu təhdidin Aratunyanın özfəaliyyəti olmadığı, birbaşa Ermənistan rəhbərliyi tərəfindən irəli sürüldüyü şübhəsizdir.

Bu təhdidin altında birdən çox məqsəd yatır:

Birincisi, Tovuz istiqamətində təxribat hücumuna əl atan işğalçı ölkə təhdidlərlə diqqəti ağır məğlubiyyətdən yayındırmağa çalışır və bununla ilk növbədə erməni ictimaiyyətinə “əzələ nümayişi” edir. Ermənistan Tovuz təxribatı ilə ölkə daxilində sosial-iqtisadi vəziyyətə görə körüklənən etiraz dalğasını “xarici düşmən” obrazı ətrafında cəmləşdirməyə çalışdı, lakin ağır itkilərlə üzləşməsi buna tam nail ola bilməsinə imkan vermədi. Yenidən ağır sosial-iqtisadi vəziyyətə cəmləşəm daxili ictimai rəyi Azərbaycanla yeni “hərbi ritorika” macərasına yönəltmək istəyir.

İkincisi, “əzələ nümayişi”nin ünvanı Azərbaycandır və bu, işğalçı ölkənin Tovuz döyüşlərindəki uğursuzluğunu həzm edə bilməməsindən irəli gəlir.

Üçüncüsü, belə bir təhdid Ermənistanın mülki əhalini hədəf alacaq yeni təxribat hücumlarına hazırlaşdığı ehtimalını artırır. Rəsmi İrəvan separatçının dili ilə irəli sürdüyü təhdiddə “Azərbaycan hücum edərsə, cavabımız Gəncədə olacaq” deyir və bu üslub yeni təxribat hücumu zamanı “Azərbaycan hücum etdi” iddiasını irəli sürməyə hesablanıb.

Dördüncüsü, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə hədəf kimi təsadüfi göstərilmir. İşğalçı ölkə bununla cəbhə bölgəsindən Gəncəyə qədər olan ərazidəki mülki azərbaycanlıların üzərində psixoloji təzyiq yaratmağa cəhd edir. Amma məsələ təkcə psixoloji təzyiqlə yekunlaşmır, çünki Ermənistanın özü də anlayır ki, döyüşlərin ən qızğın vaxtında evini tərk etməyən azərbaycanlını belə təhdidlərlə qorxuda bilməyəcək. Bu baxımdan, təhdidin altında real hərbi planların mövcud olması istisna deyil. Ermənistanın indiyə qədər mülki əhalini hədəfə alan terror hücumları da bunu deməyə əsas verir.

Beşincisi, Ermənistan hərbi-siyasi rəhbərliyi bu təhdidi niyə separatçı rejimin “rəhbəri”nin dilindən edir?

a) Daxili auditoriyada qondarma rejimin yeni “rəhbəri”nin nüfuzu gücləndirilir;
b) Beynəlxalq ictimaiyyət mülki əhalini hədəfə alan bu təhdidə görə tanımadığı qondarma rejimdən hesabat tələb edə bilməyəcək;
c) Bu, Paşinyanın qondarma rejimi danışıqlar masasında “üçüncü tərəf” kimi daxil etmək cəhdinin davam etdirilməsi üçün separatçıları “tərəf olaraq” göstərmək şousudur;

Altıncısı, bu təhdid gərginliyin artmasına və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin pozulmasına hesablanıb. Prosesi dalana salmaq üçün təhdidin davamı olaraq erməni hərbi birləşmələrinin mülki azərbaycanlıları atəşə tutması gözləniləndir.

Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa və adekvat zərbələr endirməyə qadirdir. İndiyə qədər baş verənlər də bunu təsdiqləyir. Lakin indiki məqamda əsas iş beynəlxalq təşkilatların üzərinə düşür.

Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaq hədəsi beynəlxalq səviyyədə nəzarətə götürülməli, Ermınistan hakimiyyətindən izahat tələb olunmalıdır.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinə gəlincə, onların hələ də susması, Ermənistan tərəfinin təhdidinə heç bir münasibət bildirməməsi diqqət çəkir. Görünür, illərdir bölgədə “turist diplomatiyası” aparan həmsədrlər hələ də yay tətilindən qayıtmayıb.

Bu laqeydlik və vasitəçilik missiyasının uğursuzluğu Minsk Qrupu formatının təcili sürətdə dəyişdirilməsini yenidən aktuallaşdırır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm