Uydurmanın hələ “belə rus”unu görməmişdik: Bakıya “dönmək” məsləhətdir...
Bizi izləyin

Nida Təhlil

Uydurmanın hələ “belə rus”unu görməmişdik: Bakıya “dönmək” məsləhətdir...

Onlar 2003-cü ildə bu ölkəni xaosa sürükləmək istədilər; 2004-cü ildə başlarına “qızılgül çələngi” taxmışdılar; 2005-ci ildə narıncı geyinmiş və həmin günlərdə İraqda müsəlmanları bombalayan təyyarələri ora göndərən Corc Buşun posterini başlarının üzərinə qaldırmışdılar; özlərini demokrat liberallar elan etdilər, amma xalqın dəstəyini ala bilməyəndən sonra taktika dəyişdirdilər; ultra-liberalizmi, seksual inqilabı və qərbçi düşüncəni milli və dövlətçiliyin üzərinə qaldıranlar dərhal dini kəsimə yan alaraq, sosial şəbəkələr üzərindən “xütbələr” yaymağa başladılar; “ərəb baharı”nda ərəbləşmək sindorumuna yoluxdular; Maydanda Kiyev küçələrinin tinindən boylanırdılar; Afrikanın hansısa bir ölkəsindəki hərbi çevrilişi “inqilab” niyyəti ilə nümunə kimi göstərdilər; İndi də Belarusda baş verənlərdən feyzə və qeyzə gəliblər.

İddia edirlər ki, “Belarusda baş verənlər tezliklər Azərbaycanda da təkrarlanacaq”. Hətta bir qədər də irəli gedərək indidən “kimlərin öndə gedəcəyini” müzakirə edirlər.

Azərbaycan müxalifətinin çoxdan unudulmuş kəsimi – Milli Şura, AXCP və ətrafı, eləcə də onların uzantıları Belarusda prezident seçkilərindən sonra başlanan etiraz aksiyasını gündəmlərinin əsas mövzusu eləyib və məsələni Azərbaycanın üzərində fokuslamağa çalışırlar. Məqsəd aydındır: 2003-cü ildən indiyə qədər xəyal etdikləri, elə xəyallarında da hakimiyyətə gəldikləri “iğtişaş planları” qurur, bunun üçün gah “qızılgül taxır”, gah “narıncı geyinir”, gah “moizə oxuyur”, gah da səhradakı “bədəvi” olurlar. Amma niyyətləri, arzuları baş tutmur ki, tutmur və uzun sürən məğlubiyyət onları sosial şəbəkədə səhifə adminləri olmağa qədər kiçildib. Buna rəğmən, iddialarından əl çəkmir, dünyanın istənilən yerində baş verən etirazı Azərbaycanda “xalq üsyanı”nın başlanğıcının əsası olduğu kimi absurd və reallıqdan uzaq ssenarilər qururlar. Belarus hadisələri onlar üçün göydəndüşmə fürsətdir. Bununla:

- Müzakirə və mühakimə etməyə mövzuları yaranıb;

- Azərbaycanda “onların hakimiyyətə gəlişinin başlanğıcı” kimi göstərməyə nümunə tapıblar;

- Əlaxüsus da illərdir “sabah hakimiyyətə gəlirik” uydurmalarını davam etdirməklə sosial şəbəkə səhifələrinə adminlik edənləri də yanlarında saxlamaq üçün yeni “oyuncaq” əldə ediblər;


Absurd və gülməlidir həm də ona görə ki, Belarusda əhalinin böyük əksəriyyəti baş verənlərə o qədər də ciddi yanaşmır və Lukaşenko bu ölkənin rəsmi seçilmiş prezidenti kimi qəbul olunur, bizim xəyalpərəstlərsə artıq bu ölkədə çevrilişi edib, yeni hakimiyyəti qurublar.

Misal üçün, Əli Kərimli sevinə-sevinə yazır ki, “Avropa Birliyi Lukaşenkonun çöküşünü sürətləndirəcək mühüm qərarlar qəbul edib”. Sanki Belarusda hakimiyyət dəyişikliyi olsa, Azərbaycanda da o hakimiyyətə gələcək. Əslində o və ətrafının əsas təbliğatı da belədir ki, “Azərbaycanda hər şey Belarusdakı proseslərdən asılıdır”.

Rusların maraqlı bir atalar sözü var: “Yalanla dünyanı gəzərsən, amma geri dönə bilməzsən”. Bunlar o qədər uydurmalar irəli sürürlər ki, sonra reallığa qayıda bilmir, elə uydurmanın içində gedib-gəlirlər.

Uydurmanın da bir qəlibi olur, amma “belə rus”unu birinci dəfə görürük.

Bakı və Minsk, aralarında minlərlə kilometr məsafə olan bu iki paytaxtda, bu iki ölkədə situasiya da coğrafi məsafə qədər uzaqdır.

Belarus sosial-iqtisadi baxımdan əhalinin təmin edildiyi ölkədir: orta əmək haqqı 700 dollardır, sosial vəziyyət Aİ ölkələrinə yaxındır, ölkənin kənd təsərrüfatından tutmuş sənayesinə qədər bütün sahələrində istehsala əsaslanan inkişaf var.

Etiraz edənlərin əsası sosial məsələlər deyil, sadəcə, uzun illər idarəçilik sistemində yeniliklərin edilməməsi, insanların Qərb həyat tərzində yaşamaq istəkləri və s. müəyyən qədər narazılıq yaradıb. Ekspertlər də Aleksandr Lukaşenkonun səhvinin sosial və iqtisadi inkişaf fonunda idarəetmədə yeniliklər etməməsi olduğunu qeyd edirlər. Bu vəziyyət həm də xarici müdaxilələr üçün açıqlar yaradıb. İndi belarusluların müəyyən bir qismi etiraz edir, öz ölkələridir, öz işləridir. Nəticənin necə olacağına da sonda belaruslular qərar verəcək.

Bunun Azərbaycana hansısa aidiyyəti varmı? Xeyr.

Azərbaycan sosial-iqtisadi inkişafa, əhalinin təminatına görə Cənubi Qafqazda və bütün MDB-də lider ölkələrdəndir. Dövlətin sosial təminata xüsusi önəm verməsi vətəndaşın həyatını hər keçən gün daha da yaxşılaşdırır. 2018-ci il prezident seçkilərindən sonra başlanan genişmiqyaslı islahatlarsa xalqın mütləq əksəriyyətinin Prezident İlham Əliyevin ətrafında cəmləşməsini daha da gücləndirdi.

Azərbaycan lideri artıq ölkədə bəlli qrupların arzuladığı və bunun üçün hər şeyə razı olduqları inqilabı xalqın və dövlətin xeyrinə edib. Siyasi ədəbiyyatda məşhur ifadə var: “aşağıdan başlanan dəyişiklik inqilab, yuxarından başlanan dəyişiklik islahat”dır. Prezident İlham Əliyev yuxarıdan başlanan dəyişikliklə ölkədə islahat inqilabını gerçəkləşdirdi.

Burada ən mühüm məqamlardan biri Prezidentin sosial sifarişi qabaqlaması idi. Çünki necə olmasından asılı olmayaraq, ölkələri idarə edən hakimiyyətlərin daxildən yenilənməməsi cəmiyyətin neqativ enerjisinin artmasına səbəb olur. Bu neqativ enerjini hesaba almasanız, tədricən sosial çağırışlar siyasiləşir və ciddi təhlükələrə yol açır. Bu gün Belarusda baş verənlər bunun bariz nümunəsidir.

Azərbaycanda isə bu mərhələ çoxdan geridə qalıb və dövlət yeni mərhələdə inkişaf edir. Vaxtında atılan doğru addımlar cəmiyyətin neqativ enerjisinin müsbətə çevrilməsinə, xalqın mövcud sosial, iqtisadi və siyasi mühiti tam dəstəkləməsinə səbəb olub.

İndi Belarusla Azərbaycanın müqayisəsini aparmaq və “olmayacaq duaya amin demək” siyasi prosesləri praqmatik dəyərləndirə bilməyənlərin və uzun illərdir ambisiyalarını həyata keçirmək üçün əcayib donlara girən siyasi kəsimin xülyası, istəyi və niyyətidir.

Belə arzularla dəyişən bir şey olmayacaq, amma feyzə gələnlərin Minskdən Bakıya “dönməsi” məsləhətdir...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm