Belə şəxslər mütləq şəkildə məsuliyyətə cəlb edilirlər - RƏY
Bizi izləyin

Nida Təhlil

Belə şəxslər mütləq şəkildə məsuliyyətə cəlb edilirlər - RƏY

“Cənab Prezident İlham Əliyev keçirdiyi iclaslarda, müşavirələrdə dəfələrlə bildirib ki, hazırda pandemiya şəraitində yaşayırıq və bütün fəaliyyətimiz bu dövrün qanunlarına, qaydalarına uyğun şəkildə olmalıdır. Dövlət başçısı dəfələrlə vəzifəsindən, statusundan asılı olmayaq hər bir kəsi qanunlara riayət etməyə çağırıb, mövcud qaydaları pozanların cəzalandırılmasını tələb edib. Ona görə də heç kəs unutmamalıdır ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi bərqərar olub, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Publika.az-a açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub və Nazirlər Kabineti yanında Operativ Qərargah da koronavirusa yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib: “Lakin koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Artıq hüquq - mühafizə orqanları, məhkəmələr və digər aidiyyəti qurumlar bu günlərdə toy mərasimi təşkil edən AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevi və onun qudası Rövşən Mustafayevi məhkəmə qaydasında cəzaya məhkum ediblər.

Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza, mövcud karantin rejiminin tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm