Səlahiyyət sahibləri sadə vətəndaşlara nümunə olmalıdır - Çingiz Qənizadə
Bizi izləyin

Nida Təhlil

Səlahiyyət sahibləri sadə vətəndaşlara nümunə olmalıdır - Çingiz Qənizadə

“Bir vətəndaş olaraq baş verən hadisəni qınayıram. Uzun illər ölkədə Prezident Aparatının rəhbəri olmuş, hazırda AMEA-nın prezidenti olan Ramiz Mehdiyev tərəfindən belə bir məclisin keçirilməsi, şərait yaradılması və orada iştirak olunması başadüşülən deyil. Eyni zamanda, o tədbirdə iştirak edən bütün rəsmi şəxslərin hərəkəti qınaq obyektinə çevrilib”.

Bu fikirləri Publika.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

O bildirib ki, qanunlar hamı üçün eynidir, hamı da onun qarşısında bərabər olmalıdır: “Prezident İlham Əliyev bu yaxınlarda bəzi icra başçılarının həbsi zamanı dedi ki, heç kəs qanundan üstün deyil və heç kəs də düşünməsin ki, lazım gəldikdə cəzadan kənarda qalacaq. Əgər dövlət və Prezident bu məsələyə laqeyd qalsaydı, Azərbaycan ictimaiyyəti bunu heç cür başa düşməzdi. Orada iştirak edən şəxslər karantin rejiminin qaydalarını pozub və buna görə də Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq məsuliyyət daşıyırlar. Artıq qudalar da həbs olunub və tədbirdə iştirak edən rəsmi şəxslərin fəaliyyətlərinə rəsmi qaydada siyasi qiymətlər verilir”.

Ç.Qənizadə qeyd edib ki, vəzifəli şəxslər, dövlət nümayəndələri və digər səlahiyyət sahibləri sadə vətəndaşlara nümunə olmalıdır: “Bu halda isə onlar nəinki nümunə olublar, hətta ayrıseçkilik yaradıblar. Bir vətəndaş olaraq dövlətimizə və onun rəhbərliyinə təşəkkür edirəm ki, ictimai rəydə çox böyük qınaq hədəfinə çevrilmiş belə bir məsələyə laqeyd qalınmadı və dövlət qurumları qanuna uyğun olaraq məsələyə öz münasibətini bildirdi. Amma bu proseslər hələ müzakirə predmeti olacaq. Yəqin ki, daha ciddi yanaşmaların şahidi olacağıq. Kimliyindən asılı olmayaraq karantin qaydalarını pozan hər bir şəxsin hərəkətini pisləyirəm. Sadə, kasıb təbəqə 3-5 nəfərlə toplaşıb ad günü keçirmək üçün hansısa kafedə oturmaqla məsuliyyətə cəlb olunduğu halda, dövlətin vəzifəli şəxslərinin bu cür hərəkətə yol vermələri başadüşülən deyil. Onlar haqlı olaraq həm cəmiyyət tərəfindən tənqid olundular, həm də hüquq-mühafizə orqanları tərəfindən qanunauyğun şəkildə cəzalarını aldılar”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm