Cəbhədə nə baş verib? - POLKOVNİK DANIŞDI
Bizi izləyin

Nida Təhlil

Cəbhədə nə baş verib? - POLKOVNİK DANIŞDI

Tovuz hadisələrindən əvvəl də, sonra da Ermənistan tərəfinin diversiya-təxribat qruplarının fəaliyyəti dayanmamaqdadır. Hələ Tovuz istiqamətindən sonra bir-iki istiqamətdə də Ermənistan ordusunun təxribatları müşahidə olunub və bu cəhdlərin qarşısı qətiyyətlə alınıb. Bilirik ki, düşmən atəşkəs rejimini hər gün pozur. Lakin Ermənistan ordusunun bölmələrinə layiqli cavab verilir.

Publika.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ş.Ramaldanov bildirib ki, təmas xəttində Azərbaycan Ordusunun bölmələri döyüş tapşırığını daim yüksək səviyyədə yerinə yetirərək xidməti borcunu layiqincə yerinə yetirir. Bu gün təmas xəttində olan bütün bölmələrimiz ən müasir müşahidə vasitələri ilə təchiz edilib. Həmin vasitələr Azərbaycan Ordusunun bölmələrinə Ermənistan silahlı qüvvələrinin bütün hərəkətlərini müşahidə etməyə və qabaqlayıcı tədbirlər görərək düşmənin aktivliyinin qarşısını əvvəlcədən almağa imkan verir.

Belə təxribatlardan biri də avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində baş verdi. Daha dəqiq desək, Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərdi. Cəbhənin bu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edildi. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan əsir götürülüb. Bu, Tovuz hadisələrindən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti uğursuz təxribat cəhdidir.

Bu, bir daha onu göstərir ki, Azərbaycan Ordusunun bütün istiqamətlərdə, o cümlədən təmas xəttində yerləşən bölmələri ayıq-sayıqlığını itirmir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Ş.Ramaldanov qeyd edib: "Əlbəttə, düşmən ordusunun zabitinin əsir götürülməsindən sonra biz bilirdik ki, ermənilər iki versiya ortaya çıxaracaqlar. Ya deyəcəklər, o, ağıldan kəmdir, ya da ki, azıb. Ancaq o, hərbi geyimdə və zabit olduğu üçün, əlbəttə, ağıldan kəm olduğunu deyə bilməzlər. Bu durumda ortada erməni zabitin azmış olması variantı qalır. Hərbi cəhətdən təhlil etsək görərik ki, kəşfiyyat-diversiya qruplarının aktiv fəaliyyət göstərdiyi vaxt təxminən gecə saat 3-dən səhər saat 6-ya qədərdir. Adətən bu vaxtı ona görə seçirlər ki, postlarda olan heyətdə müəyyən ayıq-sayıqlıq bir qədər zəifləmiş olsun. Belə halda kəşfiyyat qruplarının fəaliyyətinə və tapşırıqların yerinə yetirməsinə əlverişli şərait yaranmış olur. Bu, faktdır”.

Yəni, ona görə bu zabit məhz səhər saat 4-5 arası ələ keçirilib. Ermənilər isə versiya irəli sürürlər ki, Q.Alaverdyan zabit azıb. Bəlkə də o, gənc əsgər olsa idi, demək olardı ki, ərazini yaxşı tanımadığı üçün istiqaməti itirərək azıb və Azərbaycan Ordusunun mövqelərinə gəlib. Ancaq o, zabitdir. Demək olar ki, bir zabit illər ərzində postların bütün xüsusiyyətlərini mənimsəmiş olur. Ona görə də bu zabitin azmaq ehtimalı çox azdır və erməni tərəfindən səsləndirilən fərziyyələr həqiqətə uyğun deyil. Həmin qruplar hansısa tapşırıq alıblar və onu yerinə yetirməli olublar. Lakin erməni hərbçiləri elə ilk addımdan uğursuzluğa düçar olublar.

"Ermənilər bu zabitin azaraq bizim mövqelərimizə gəlmə versiyasını niyə ortaya atırlar? Faktiki olaraq düşmənin şəxsi heyəti pərən-pərən olmuş və geriyə çəkilən diversiya qrupunun bir üzvü əsir götürülüb. Erməni tərəfi bu faktı gizlətmək üçün həmişə olduğu kimi, bir müddətdən sonra həlak olanları qeyri-döyüş şəraitində itkilər kimi qələmə verəcəklər. Bu, birinci hal deyil. Təbii ki, bu versiya itkiləri müəyyən dərəcədə cəmiyyətdən gizlətmək üçün ortaya atılacaq. Hər halda kəşfiyyat qrupunun darmadağın edilməsi ilə ermənilər bir daha əmin oldular ki, Azərbaycan Ordusunun hərbiçiləri cəbhənin bütün istiqamətlərində ayıq-sayıqlığı itirmirlər və düşmənin istənilən təxribatının qarşısını almağa qadirdirlər. Azərbaycan Ordusunun şəxsi heyəti vəzifə borclarını layiqincə yerinə yetirirlər və Ali Baş Komandanın bütün əmrlərini hər an yerinə yetirməyə hazırdırlar və qadirdirlər”, - deyə polkovnik Şair Ramaldanov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm